"ALBATROS" mağazası insanları aldadır -ŞOK İDDİA
Yenixeber.org: “Bayramla bağlı endirim”, “Birini alana ikincisi hədiyyə”, “Mağazamız bağlandığı üçün şok endirim”, “Qadın koftası 10 manata”, “Kişi şalvarları 15 manata”... Əlqərəz bu siyahını uzada da bilərik. Amma uzatmağa ehtiyac görmürük. Çünki hər biriniz söhbətin nədən getdiyini elə cümlənin başlanğıcından anladınız. Bu günlərdə Ramazan bayramı ilə əlaqədar mağazaların şüşə və vitrinlərini bəzəyən reklam afişalarını hər biriniz görmüsünüz. Bu azmış kimi, mobil telefonlarımıza da “filan mağazada alınan bütün mallara 70% endirim” tipli mesajlar gəlməmiş deyil.
Elə Modern.az-a müraciət edən şikayətçi kimi...
Budəfəki şikayət Bakıda kifayət qədər məşhur olan “ALBATROS” mağazasındandır. Daimi müştəri mağazanın Atatürk prospektində yerləşən filialına gedərək Ramazan bayramı ilə əlaqədar endirim olub-olmayacağını soruşur. Əvəzində isə ona “Bizdə endirimlər ildə iki dəfə - yaz və payız mövsümündə olur” cavabı verilib. Endirim olmayacağına əmin olan müştəri özünə üst geyimləri seçməyə başlayır. Bəyəndiyi köynəyi 291 manat ödəyərək alır. Mağazadakı satıcı “budəfəki köynəklərimiz azca uzundur, öz dərzimiz fabrik tikişini pozmadan həll edəcək” deyir.
Dərzi köynəyi kəsir. Mağazadan çıxıb evinə gedən vətəndaş qapıdan içəri girməmiş telefonuna mesaj gəldiyini görür. Mesajı oxuyanda gözlərinə inanmır. 1 saat əvvəl “endirim olmayacaq” cavabını aldığı mağazadan “ALBATROS Ramazan bayramı münasibətilə 23 iyundan 30% endirim elan edir! Xoşladığınız modelləri endirim ilə əldə edin” mesajını göndərilib.
Vətəndaş da tənbəllik etmədən yenidən mağazaya qayıdır. Narazılığını bildirəndə “köynəyə dərzi əli dəyib” deyərək, geri götürmək istəməyiblər. Müştəri istehlakçı hüquqlarına əsaslanaraq, özünün haqlı olduğunu izah etməyə çalışsa da, mağzada onu eşidən olmayıb. Köynəyi mağazaya qaytaran vətəndaş indi də pulunu geri ala bilmir. O, qarşılaşdığı problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edəcəyini bildirir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, məsələ ilə bağlı ona məktub daxil olan kimi müvafiq dövlət qurumlarına müraciət edəcək. Eyni zamanda “ALBATROS” mağazası ilə də əlaqə saxlayacaq.
İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İB sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov isə deyib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir:
“Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir".
A.Sərdarov problemin istehlakçı hüquqlarının qorunması üçün qanunun qəbul edilməli olduğunu deyib:
“Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi xüsusi ilə iri marketlərdə qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir".
Ekspertin sözlərinə görə, satılan məhsulun çek və qayiməsinin üzərində sonuncu qiymət ilə yanaşı, əvvəlki qiymətinin əks olunmasına ehtiyac var ki, endirimləri görmək mümkün olsun.