Dövlət Komitəsi:Azərbaycanda 5000-ə qədər münaqişəli ailə var
“Təəssüflər olsun, Azərbaycanda münaqişəli ailələrin sayında artım müşahidə edilir”.
Yenixeber.org: Bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, Azərbaycanda təxminən 5000-ə qədər münaqişəli ailə var: “Münaqişəli ailələr Daxili İşlər Nazirliyi və müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları tərəfindən nəzarətə götürülərək, qeydiyyata alınır. Münaqişəli ailələrlə işin aparılması, belə ailələrə daimi səfərlərin təşkil edilməsi çox vacibdir. Bu ailələr nəzarətə götürülür. Münaqişəli ailələrdə həm kişi, həm qadın, yaxud da valideyn – övlad münasibətlərində problem varsa, uşaqlarla müəyyən profilaktik işlər aparılır, səbəblər araşdırılır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlardakı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində də həssas və risk qrupuna aid olan ailələrlə iş aparılır”.
Dövlət Komitəsinin əməkdaşının sözlərinə görə, görülən tədbirlərin keyfiyyətli olması üçün davamlılıq çox vacibdir: “Münaqişəli ailələrdən danışarkən ortaya bir neçə nüans çıxır. Nikaha daxil olmaq istəyən cütlüklərin ailə, ailə öhdəlikləri ilə bağlı nə dərəcədə təsəvvürləri olur? Cütlük ər və arvad hüquqlarını nə dərəcədə bilir? Onlar dünyaya gələcək övladın məsuliyyətini hiss edə bilirlər? Azərbaycanda cütlüklər bu sadalananlara hazırdırlarmı? Ölkəmizdə nikaha daxil olmazdan əvvəl tibbi müayinə icbari qaydada tətbiq olunur. Cütlüklər həm də sosial – psixoloji cəhətdən evliliyə hazır olmalıdırlar. Yaxud da, tutaq ki, beş il əvvəl qurulmuş ailələrdə daimi konfliktli situasiyalar yaranır. Bunların da səbəbləri araşdırılmalıdır. Burada seminarlarla, dəyirmi masalarla yanaşı, daha təsiredici vasitələrdən istifadə olunmalıdır. Məsələn, sosial çarxların, ailə daxil münasibətlərin pozulmasına gətirib çıxaran səbəbləri özündə əks etdirən qısametrajlı filmlərin nümayiş etdirilməsi lazımdır. Bu cür filmlər insanların düşüncəsində böyük təsir buraxır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailəsi” film festivalı öz müsbət nəticələrini göstərməkdədir. Başqa bir məqam isə ondan ibarət olur ki, ailə boşanma mərhələsinə gəlib çatır. Bu ailədə şiddət, zorakılıq müşahidə olunur. Bu cür ailələrdə artıq hansısa preventiv və profilaktik tədbirlər öz təsirini göstərmir, hüquqi məsələlər ön plana çıxır”.
A. Veysəlova qeyd edib ki, kütləvi informasiya vasitələrində, cəmiyyətdə uğurlu ailə modellərinin, uğurlu ailə hekayələrinin daimi işıqlandırılması, təbliğ edilməsi çox vacibdir: “Adətən Azərbaycanda kişinin ailəni iqtisadi cəhətdən təmin edən bir rolu olur. Qadın isə mənəvi – psixoloji tərəfdən ailəni idarə edir. Amma bu belə olmalı deyil. Bu yanaşma dəyişməlidir. Ata da övladın tərbiyəsində mühüm rol oynamalı, ailənin mənəvi - psixoloji sağlamlığına öz töhfəsini verməlidir. Ata yalnız pul qazanıb gətirən, ailənin maddi ehtiyaclarını ödəyən bir şəxs deyil. Onun ər, valideyn funksiyası var. O da bu funksiyanı hərtərəfli yerinə yetirməlidir”.