Şamaxı Təhsil Şöbəsində misli görünməmiş özbaşınalıq:ÖZƏL
Şöbə müdirinin İsmayıllı Regional Təhsil İdarəsinə rəhbərlik yolundakı problemi nədir?
Xeberinfo.com:Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında dövlət başçısının məlum sərəncamı yerli təhsil şöbələrində əsl canlanmaya səbəb olub. İndi nəinki rayon təhsil şöbəsinin müdirləri, sıradan məktəb direktorları da prosesin gedişini həyacanla izləyir və bəziləri isə vəzifə uğrunda çarpışır.
Sərəncama uyğun yaradılacaq yeni idarələrdən biri də İsmayıllı Regional Təhsil İdarəsidir. Xatırladım ki, bu idarə İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında yaradılacaq. Bütün Regional Təhsil İdarələrinin rəisi postu uğrunda olduğu kimi İsmayıllı Regional Təhsil İdarəsinə rəhbərlik uğrunda da çarpışmalar müşahidə olunmaqdadır. Bu istiqamətdə xeberinfo.com-a daxil olan məlumata görə İsmayıllı Regional Təhsil İdarəsinə rəhbərlik uğrunda “tər tökən”lərdən biri də Şamaxı rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevdir. Məlumatlı şəxsin redaksiyamıza verdiyi məlumata görə çətin ki, cənab Eminalıyevin bu istəyi baş tutsun. Səbəb isə onun Şamaxı rayon təhsilinə rəhbərlik etdiyi dövrdə yol verdiyi ciddi qanun pozuntularıdır. Hansı ki, bunun nəticəsində dövlət büdcəsinə heç də az zərər dəyməyib. Elə mətbuatda da Eyvaz Eminalıyevin bu və digər əməllərindən ara-sıra yazılıb. İndi isə xeberinfo.com-a Şamaxı Rayon Təhsil Şöbəsində dövlət vəsaitinin mənimsənilməsi ilə müşahidə olunan yeni məlumatlar daxil olub.
Etibarlılığına şübhə etmədiyimiz mənbənin məlumatına görə, Şamaxı rayon Təhsil Şöbəsi tərəfindən kompyuterlərə xidmət üzrə laborant ştatlarının olmasına baxmayaraq müəllimlərə kompüterlərə xidmət üçün, tələb olunan avadanlıqlar və qurğular olmadığı halda hərbi rəhbərlərə kabinet müdirliyi üçün, müasir tədris ləvazimatları və avadanlıqları ilə təmin edilmədiyi halda fənn kabinetlərinə rəhbərlik üçün, mövcud olmayan tədris-təcrübə sahəsinə və emalatxanaya rəhbərlik üçün əlavə haqq, hərbi rəhbərin vəzifə maaşına daxil olan, həmçinin əvəzedilməsi aparılmamış dərs saatlarına görə, şagirdlərin sayının normadan aşağı olduğu siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatlarına, artıq tarifləşdirilmiş dərnək saatlarına görə əmək haqqı ödənildiyini, qeyri-ixtisas fənləri üzrə pedaqoji işçilər üçün dərs tarifləşdirildiyini, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyini, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi, az kontingentli ibtidai siniflərdə komplektləşmə aparılmaması səbəbindən artıq sinif komplektlərinin saxlanıldığıni diqqətə çatdırmışdır. Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblər kobud şəkildə pozulub. Eyni zamanda xərclər smetasında nəzərdə tutulmayan, həmçinin Təhsil Şöbəsinin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərclənib.
Təhsil Şöbəsi tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilməyib, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edilib.
Bəzi hallarda ödənilmiş vəsait müqabilində mal- material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verilib.
Göründüyü kimi, bütün bu sadalananlar heç də sıradan bir qanun pozuntuları deyil. Söhbət büdcədən maliyyələşən bir təşkilatda baş verən mənimsəmə faktlarından gedir. Dövlətimizin məlum hazırkı iqtisadi durumunda isə bu sayaq əməllərlə bağlı aidiyyatı orqanların ölçü götürməsi vacibdir.
Biz yazını hazırlayarkən hörmətli Eyvaz Eminalıyevlə telefon əlaqəsi saxladıq. İstədik ki, bu məlumatlarla bağlı Eyvaz müəllimi də dinləyək. Təəssüf ki, məlumatlara aydınlıq gətirməməsi bir yana, elmlər namizədi Eyvaz müəllim bizi məhkəmə ilə hədələdi(?)
Mövzu diqqətimizdədir.
Xeberinfo.com