Kənd təsərrüfatında texniki nəzarət problemi: Texniki Nəzarət Müfəttişliyi işləmir
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi görməli olduğu işi nədən unudur?
Xeberinfo.com: Məlum son iqtisadi-maıiyyə durumu ölkə iqtisadiyyatının digər sahələri kimi, kənd təsərrüfatını da diqqət mərkəzinə çəkməkdədir. Cənab prezident də dəfələrlə kənd təsərrüftanın əhəmiyyətindən danışır, bu sahənin inkişafının vacibliyini qeyd edir. Və fermerlərin qarşılaşdıqları problemlərin zamanında və yüksək səviyyədə həllini tapmasını aidiyyatı dövlət qurumları qarşısında prioritet vəzifə kimi qoyur.
Təəssüf ki, hələ də bütün bu reallıqların qəbul olunmadığı aidiyyatı dövlət qurumlar var olmaqdadır. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi bu sahədə əhəmiyyətli çəkiyə malik qurum sayılır. Bu qurumun fəaliyyəti ilə bağlı xeberinfo.com-a ziddiyyətli məlumatlar daxil olub.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli Fərmanı ilə Dövlət Müfəttişliyinin aşağıdakı fəaliyyət istiqamətləri təsdiq edilmişdir:
2.0.1. kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparır;
2.0.2. kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirir;
2.0.3. traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) təmin edir;
2.0.4. kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edir.
Bundan əlavə bu qurumun kifayət qədər əhəmiyyətli vəzifələri də var. Demək, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi kənd təsərrüfatının idarə olunmasında və inkişafında müstəsna rol oynaya bilər.
2015-ci ilin aprel ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsini Ağakişi Alıyev icra edir. Amma necə? Xatırladaq ki, Ağakişi Alıyev buna qədər müxtəlif vəzifələrdə olub, sonuncu postu isə 2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat rəhbərinin müavin olub. Sabiq komitə sədri Qərib Məmmədovun yaxın qohumudur. Kənd təsərrüfatı naziri cənabHeydər Əsədov bu təyinatı edərkən gözləntilər çox idi: xüsusi ilə də fermerlər tərəfindən. Ümüd var idi ki, təcrübəli kadr sayılan Ağakişi Alıyev bu sahədəki problemlərin həllinə nail olacaq. Amma,...
Yeni rəis etimadı doğrultmur
Görünən odur ki, bunca geniş səlahiyyətlərə malik Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti elə fəaliyyətsizliyi ilə ölçülür. Müfəttişliyin yarıtmaz fəaliyyəti ilə bağlı Cəlilabad, Biləsuvar, Bərdə və Samux rayonlarından xeberinfo.com-a geniş məlumatlar daxil olub. Məlumatların demək olar ki, hamısı eyni məzmunludur: Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi fəaliyyət istiqamətləri və əsas vəzifələrini unudub, fəaliyyətini alver üzərində qurub. Nə hansısa texniki baxışdan, nə də hansısa texnikadan istifadəyə nəzarətdən söhbət getmir. Müfətişliyin işi sürücülük vəsiqələrinin de-fakto satılmasından, ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının alverindən ibarətdir. Hansısa problemlə bağlı Müfətişliyə dəfələrlə müraciət etsək də heç bir nəticə olmur. Ağakişi Alıyevin qəbuluna düşmək isə nazirlə görüşməkdən də çətindir.
Bunun nəticəsində də bütün problemləri vurnuxmaqla özümüz yoluna qoymağa çalışırıq. Nəticədə də kənd təsərrüfatı can verir.
Məlumatlarda Müfəttişliyin yerlərdəki əməkdaşlarının özbaşınalığından, yarıtmaz fəaliyyətindən geniş bəhs olunur. Biz məlum səbəblərdən Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevlə, yaxud hansısa bir səlahiyət sahibi ilə əlaqə yaradıb məlumatlara aydınlıq gətirmək istədik. Təəssüf ki, məlumatlarda deyilənlər doğru imiş, Ağakişi Alıyevlə nəinki görüşmək, heç telefonla da danışmaq mümkün olmadı.
Mövzu diqqətimizdədir.
Novruz