Yenixeber.org: Bu gün “Futbol+” qəzetinin redaksiyasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 yanvar tarixində çıxardığı qərara (qərara əsasən “Futbol+” qəzetinə martın 31-dən sonra yardım ediləməyəcək) həsr olunmuş mətbuat konfransı keçirildi.
Konfransı qəzetin baş redaktoru Mahir Rüstəmli və ölkə idmanı şöbəsinin redaktoru Kənan Həsənov keçirirdi. Giriş sözü ilə Rüstəmli konfransın məramı barədə informasiya verdi.
– Yanvarın 31-də keçirilən yığıncaqda KİVDF qəzetlərə edilən müsabiqə qaydalarında dəyişikliklər edib. Biz edilən bütün dəyişikləri məqbul sayırıq. Təssüf ki, əsas şərt budur ki, müsabiqəyə yalnız ictimai-siyasi qəzetlər buraxıla bilər. Bu da gündəlik idman nəşri kimi fəaliyyətimizi əngəlləyən səbəbdi. Nəzərinizə çatdırım ki, KİVDF-nin ayırdığı vəsait qəzetimizin aylıq büdcəsinin təqribən 40 faizini təşkil edir. Bu dəstək olmayacağı təqdirdə, indiki dövrülüklə fəaliyyətimizi davam etdirmək mümkünsüzdü. Ölkə prezidenti İlham Əliyev medianı vahid mexanizm kimi görür və hamıya eyni gözlə baxır. Təəssüf ki, KİVDF-nin Müşahidə Şurasında əyləşənlər və güman ki, onları yönəldənlər idman mediasını kənarda qoymaq istəyir. Bunun səbəbini bilmirəm. KİVDF rəhbərliyi ilə görüşümüz olub. Onlar bizə deyir ki, bu, yuxarıdan gələn göstərişdi. Ancaq bizə rəsmi cavab gəlib ki, bu, Müşahidə Şurasının qərarıdı. Bu üzdən də dəqiq bilmirik ki, bu qərarın arxasında dayanan niyyət nədi. Qəzet bazarındakı vəziyyət hər kəsə məlumdu. Nə reklam bazarı var, nə də satış. Üstəlik, satdığımız qəzetlərin yanvar ayı üçün pullarını belə, ala bilməmişik. Bu vəziyyətdə qəzeti ayaqda saxlamaq demək olar ki, mümkünsüzdü. Bu üzdən də istəyirəm ki, ictimaiyyətin bu məsələyə diqqət ayırsın və dəstək versin. “Futbol+” qəzetinin yaşaması üçün mümkün hər şeyi etmək lazımdı.
– Martın 31-də KİVDF-nin ayırdığı yardım dayandırılacaq. Həmin tarixdən sonra hansı addımları atmaq niyyətindəsiniz?
– Şəxsən mənim üçün əsas müraciət etdiyimiz ölkə prezidenti cənab İlham Əliyevin cavabıdı. Aşağı qurumlardan heç nə ilə əsaslandırılmayan cavablar alırıq. Deyirlər ki, şikayətinizə baxıldı və məqbul sayılmadı. Ancaq hansı səbəbdən məqbul sayılmadığını deyən yoxdu. Axı, biz ölkənin gündəlik yeganə idman nəşriyik! Qarşıda bizi mart – mübarizə ayı gözləyir. Əlimizdən nə gəlirsə, edəcəyik. Piket keçirmək fikrimiz var. Bundan əlavə, bütün kollektivlə aclıq aksiyası keçirmək niyyətimiz var. Bütün bunlarla ictimaiyyətin dərdimizdən xəbər tutmasını təmin edəcəyik.
– Qəzetinizin tirajı nə qədərdi?
– 3 minə yaxın tirajımız var və KİVDF-nin tələblərinə cavab verir. Özü də tək tiraj yox, həm də satış göstəriciləri. Bütün tələblərə cavab verən 2-3 çap orqanı varsa, bunun biri də “Futbol+” qəzetidi.
– Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Nəyə görə, KİVDF idman ölkəsi imici qazanmış bir ölkənin idman qəzetinə belə münasibət göstərir?
– Bunun səbəbləri barədə mülahizə yürütmək mənə çətindi. Ümid edirəm ki, sonda sağlam məntiq qalib gələcək. Hər il ölkəmizdə “Formula-1” kimi mötəbər yarışın mərhələsi keçirilir. Vətənimizdə keçirilən dünya və Avropa çempionatlarının sayı-hesabı yoxdu. Futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları paytaxtımızda təşkil ediləcək. Əgər bu ölkə istəyirsə ki, idman qəzeti olmasın, yəqin ki, olmayacaq. Ancaq ölkənin media siyasətini yönəldənlər istəsə ki, bu qəzet yaşasın, Azərbaycanda gündəlik idman nəşri olsun, yəqin ki, eyni qaydada fəaliyyətimizi davam etdirəcəyik.
– Konfransı nəyə görə redaksiyada təşkil etdiniz? Daha böyük konfrans zalı seçmək mümkün deyildimi?
– Mətbuat konfransı hələ ötən həftə baş tutmalı idi. Təəssüf ki, Beynəlxalq Mətbuat Mərkəzi (BMM) bizə yer ayırmaqdan imtina etdi. Özü də onlar bunu heç nə ilə əsaslandırmadılar. Əvvəlcə, qiymət və zal məsələsində razılığa gəldik. Ancaq tədbirimizin səbəbini öyrəndikdən sonra bizə bildirdilər ki, nə danışdığımız gün, nə də yaxın 2 ayda yer ayıra bilməyəcəklər.
– Bu gün daha çox mətbu orqanının iştirakı gözlənilən idi. Lakin biz məhdud sayda KİV görürük…
– Söhbət saytlardan gedirsə, onlarda işçi sayı məhdudiyyəti var. İstər sosial şəbəkələrdə, istərsə də saytlarda bizim problem yetərincə işıqlandırılıb. O ki qaldı telekanallara, belə görünür ki, müəyyən qüvvələr var ki, məhdudiyyətlər qoyur və bu problemin geniş kütləyə çatdırılmasını istəmirlər. İstəməzdim ki, bu məsələ siyasiləşsin.
– KİVDF-nin qərarı ilə bağlı içinizdə ümidsizlik yaranıbmı?
– Xeyr, tam ümidsiz deyiləm. Deyərdim ki, bu 22 il ərzində bundan da çətin durumda olan vaxtlarımız olub. Ürəyimdə belə bir nikbinlik var ki, KİVDF-dən yardım olmasa belə, hansısa resurslar tapıb, qəzeti yaşadacağıq. Əsas niyyətimiz odur ki, problemlərin hansı həddə çatmasından asılı olmayaraq, qəzet yaşamalıdı.
– KİVDF-dən ayrılan vəsait dayandırılsa, bu, işçi ixtisarına səbəb olacaqmı?
– Dəqiq cavab verə bilmərəm ki, neçə nəfərlə vidalaşa bilərik. Çünki belə olacağı təqdirdə büdcəyə yenidən baxmalıyıq və buna uyğun da iş qurulmalıdı. Ötən ilin oktyabrından qəzetimizin heç bir sponsor dəstəyi yoxdu. Təbii ki, KİVDF maliyyə yardımını dayandıracağı təqdirdə, ixtisarlar qaçılmaz olacaq. Həm də qəzetin dövrülüyü azalacaq.
– Oxucuların reaksiyası necədi?
– Zənglər çoxdu. Kimisi ianə fondu yaratmağı təklif edir, kimisi fərdi qaydada köməyini təklif edir. Lakin 200, 300, 500 oxucu müntəzəm şəkildə bu yükü qaldırmaq iqtidarında deyil. Onu da qeyd edim ki, KİVDF-nin laihələrində iştirak etdiyimiz müddətdə hər zaman ən aşağı məbləğdə yardım alan qəzet olmuşuq.
Sonda Kənan Həsənov da idman ictimaiyyətinə müraciət etdi: “Xahiş edirik federasiyalar, həmkarlarımız, bütün idman ictimaiyyəti bizim haqlı səsimizə dəstək olsunlar”. (Sport24.az)