Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“Bəzi saytların məqsədi yalan məlumatlarla gəlir əldə etməkdir”


 

Xeberinfo.com:   Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsini təqdim edirik:
 
- 2015-ci il Azərbaycan jurnalistikası üçün ilk növbədə nə ilə yadda qaldı?
 
- Əlbəttə, ilk növbədə Azərbaycan mətbuatının 140 illik yubileyinin keçirilməsini qeyd etməliyik. Məlum olduğu kimi, cənab prezidentin bununla bağlı sərəncamı oldu. Sənədə əsasən, ölkəmizin müxtəlif bölgələrində yubiley tədbirləri təşkil edildi. Dövlət başçısının növbəti sərəncamları ilə mediamızın inkişafında xidmətləri ilə seçilən şəxslər fəxri adlarla, orden və medallarla, diplomlarla təltif edildilər. Bu, Azərbaycan milli mətbuatının 130 illik yubileyi ilə başlanan xoş ənənənin bir növ davamı baxımından əhəmiyyətli idi.
“Dövlət təltifləri jurnalistikanın cəmiyyətdəki yeri və roluna ali səviyyədə verilən dəyərin növbəti dəfə isbatı idi”
Digər tərəfdən, dövlət təltifləri jurnalistikanın cəmiyyətdəki yeri və roluna ali səviyyədə verilən dəyərin növbəti dəfə isbatı idi. Əlbəttə, təltiflər eyni zamanda ayrı-ayrı media təmsilçilərinin fərdi uğuru sayılmalıdır. Düşünürəm ki, onların peşələrinə daha həssas yanaşmaları üçün əlavə stimul yarandı, məsuliyyətləri bir qədər də artdı. Bu isə bütövlükdə cəmiyyət üçün faydadır. Məsuliyyətdən doğan peşəkarlıq əzmi cəmiyyətin daha dolğun şəkildə məlumatlandırılması nöqteyi-nəzərdən önəmlidir.
 
- Sizcə, ötən bir ildə jurnalistikanın cəmiyyətə təsiri nədən ibarət oldu? Bu istiqamətdə dəyərləndirmə aparmağınızı istərdik.
 
- Bu baxımdan nələrisə qabartmaq mümkündür. Müsbət təsirlərlə yanaşı, mənfiləri də vurğulamaq lazımdır. Düşünürəm ki, 2015-ci ildə media cəmiyyəti daha yaxından duymağı bacardı. Jurnalistlərin müxtəlif mövzulardakı təqdimatları bütövlükdə cəmiyyətin ruhundan irəli gəldi. Əlbəttə, cəmiyyətin istək və arzularının nə dərəcədə ifadə olunması da əsas məsələdir. Yəni jurnalistin bir hadisə və prosesi görməsi bəzən əsas məsələ olmur. O olayı müxtəlif tərzdə təqdim edə bilər. Elə burada da dövriyyəyə peşəkarlıq girir. Zənnimcə, peşəkarlıq heç də o deyil ki, hər şeyi olduğu kimi çatdırasan və ya ümumiyyətlə çatdırasan. Çünki bəzən baş vermiş bir hadisənin çatdırılması zərurəti özünü doğrultmur. Xəbərin təsiri ilə sonradan nələrin yaşanacağını götür-qoy etmək lazım gəlir. Demək ki, peşəkarlıqda əsas şərt duyumdur. Jurnalist ilk növbədə cəmiyyətin ahəngini duymalıdır. Məsələn, məlum «MTN işi» ilə bağlı məlumat yayan media təmsilçisi üçün mühüm dövlət məqamında baş vermiş özbaşınalıqları insanlara çatdırmaq vəzifəsi nə dərəcədə prioritetdirsə, bir qurumun timsalında vətəndaşların bütövlükdə dövlətə etimadının sarsılmasının yolverilməzliyini düşünmək bir o qədər zəruridir.
 
“Peşəkarlıqda əsas şərt duyumdur. Jurnalist ilk növbədə cəmiyyətin ahəngini duymalıdır”
«MTN işi»ndən söz açdım. Hesab edirəm ki, 2015-ci ildə media-cəmiyyət təsiri müstəvisində dəyərləndirilməli olan bu sayaq hadisələr az olmadı. İki dəfə devalvasiya baş verdi. Nardaranda bir qrup təxribatçı terrorçu dəstənin zərərsizləşdirilməsi, Günəşli yatağındakı yanğın faciəsi medianı iş üslubuna təsirsiz ötüşmədi. Bir anlıq parlament seçkisini də düşünək. Diqqət yetirsəniz görərsiniz ki, bu istiqamətdə pozitiv cəhətlər daha çoxdur. Çünki medianın seçki prosesini işıqlandırmasına dair təcrübə var.
 
Jurnalistlər bütün sahələrdə hazırlıqlı olmalıdırlar. Onlar nə qədər çox hazırlıqlı olsalar, cəmiyyətə təsirləri bir o qədər pozitiv xarakter daşıyar. Pozitiv təsir deyərkən burada peşəkarlıq heç də ondan ibarət deyil ki, media hansısa hadisənin mahiyyətini təhrif edərək yanlış yönləndirməyə yol versin. Nə də yalnız xoş olanları çatdırmaq kimi peşəkarlıq üslubu var. Ölkədə müsbət işlər görülürsə, mənfi təmayüllər də yox deyil. Sadəcə mənfilərin təqdimat tərzi cəmiyyətin müsbət işləri gerçəkləşdirmək əzmini ikinci plana atmamalıdır. Hər bir halda cəmiyyət mütərəqqiliyə doğru səfərbər olmalıdır. Zənnimcə, təzahür formasından asılı olmayaraq, 2015-ci ildə medianın səfərbəredici funksiyası ön planda idi. 
 
- Əflatun müəllim, 2015-ci il rəhbərlik etdiyiniz Azərbaycan Mətbuat Şurası üçün nə ilə yadda qaldı?
 
- Ötən il Azərbaycan Respublikasının prezidenti İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul etdi. O, İdarə Heyətinin dövlət təltiflərinə layiq gördüyü üzvlərini şəxsən mükafatlandırdı. Cənab prezident görüşdəki çıxışında Şuranın cəmiyyətdəki yeri və rolunu yüksək qiymətləndirdi. Bu bizim üçün ötən ilin ən yadda qalan anı idi.
 
Bir qədər öncə milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı prezident sərəncamından söz açdım. Həmin sərəncamda Mətbuat Şurasının da adı sənədin icrasına məsul qurumlar sırasında yer alırdı. Bu cəhət də son dərəcə önəmli idi.
 
Mən bir məsələni xüsusi vurğulamaq istərdim. Jurnalistika ümumən həssas sahədir. Yadıma gəlir ki, Mətbuat Şurasını formalaşdıranda bir çoxları bunun əksinə gedirdi. Belə rəy var idi ki, media azaddırsa, onun fəaliyyətinin ictimai əsaslarla olsa belə tənzimlənməsinə ehtiyac yoxdur. Əlbəttə, Şura model baxımından mətbuatın özünütənzimləməsi idi və bu gün də öz ampulasına sadiqdir. Sadəcə burada medianın təşkilatlanması məsələsi də vacibdir. Bu təşkilatlanma imkan verir ki, media ilə ayrı-ayrı dövlət qurumları arasında meydana çıxan problemlər səmərəli şəkildə həllini tapsın. Eyni zamanda medianın özünün istər dövlət, istərsə də cəmiyyət tərəfindən dəstəklənməsi həyata keçsin. Cənab prezident çıxışında Mətbuat Şurasının missiyasını qiymətləndirərkən bu məqama çox incəliklə toxundu. Bu o deməkdir ki, Şuranın ictimailik dərəcəsi dövlətin ictimai fəaliyyət müstəvisi ilə uzlaşır. Əlbəttə, belə bir nəticənin əldə edilməsi bütövlükdə media cameəsinin uğurudur.
 
Bu gün ölkə başçısı medianı hətta hakimiyyətin ikinci qolu kimi dəyərləndirir. Media fəaliyyətini dövlət idarəçiliyinin alternativ forma və metodu olaraq qiymətləndirir. Jurnalistikanı əsl həqiqətlərin aşkara çıxarılmasının, hadisə və proseslərin mahiyyətinə nəzər salınmasının müəyyən mənada indiqatoru sayır. Bu, böyük inamdır və Azərbaycan mediası da çalışmalıdır ki, dövlət başçısının etimadını hər zaman doğrultsun.
 
- Mətbuat Şurasının iş istiqamətləri baxımından nələri vurğulamaq istərdiniz…
 
- Mətbuat Şurasının iş prinsipləri dəyişməzdir - şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması. Bu barədə geniş hesabatımızı yaxın günlərdə cəmiyyətə təqdim edəcəyik. Qısaca onu deyim ki, ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı 659-dur. Ayrı-ayrı media orqanlarının fəaliyyətindən şikayətlərin sayı isə 310-dur.
 
 
“Ötən ilin nəticələrinin təhlili göstərir ki, hələ də jurnalistikadan sui-istifadə halları yetərincədir”
Ötən ilin nəticələrinin təhlili göstərir ki, hələ də jurnalistikadan sui-istifadə halları yetərincədir. Tənqid obyekti kimi seçilən şəxslərə münasibətdə təmənnalı münasibət, şantaj, böhtan kimi xoşagəlməz hallar qalmaqdadır. Bu, Şuraya daxil olan şikayətlərin motivindən aydın görünür. Təsəvvür edin ki, şikayətlərin təxminən üçdə ikisində müəlliflər belə hallardan narazılıqlarını ifadə edirlər. Əlbəttə, ictimai qınaq tədbirlərimizi davam etdiririk. Ancaq ümumən düşünürəm ki, mövcud istiqamətdə əsaslı dönüşün olması üçün konkret hüquqi mexanizmlərin müəyyənləşdirilməsinin vaxtı çatıb.
 
Mediadan sui-istifadəyə yol verənlərin böyük əksəriyyəti fəaliyyətini internet müstəvisinə keçirib. Təsnifata diqqət yetirsək görərik ki, internet xəbər portallarından şikayətlər ümumi şikayətlərin 38,8 faizini təşkil edir. Keçən il bu rəqəm 30 faizə çatmırdı.
 
İnternet media orqanları ilə bağlı hazırkı göstəricinin Şuranın çıxardığı qərarlara da birbaşa təsiri var. Belə ki, 2015-ci ildə qəbul etdiyimiz 31 qərarda 23 internet media orqanının adı çəkilir. Şikayətçi bir müraciətində bəzən 2-3 internet saytdan narazılıq bildirir. İnternet saytların tənqid hədəflərinə münasibətdə «korporativ həmrəyliyi» qəzetləri xeyli üstələyib. Bir şəxs haqqında məlumat bir internet saytda yayımlanır, ardıca daha beş-altı sayt da həmin xəbəri səhifəsində yerləşdirir. Yenə də deyirəm ki, bu sayaq halların qarşısının alınması üçün ictimai qınaqla kifayətlənmək azdır.
 
 
“Peşənin nüfuzdan salınması jurnalistikanın sivil cəmiyyət, demokratik dövlət quruculuğu prosesindəki önəmini heçə endirir”
İnternetin sürətlə yayıldığı indiki məqamda hər gün bir-iki yeni xəbər saytının adını eşidirik. Mütləq əksəriyyətinin də məqsədi bəllidir - ayrı-ayrı şəxsləri aşağılamaqla, onlarla bağlı yalanları gündəmə gətirməklə maddi gəlir əldə etmək. Belələri həqiqi jurnalistika dəyərlərini arxa plana atmaqla peşəni nüfuzdan salırlar. Peşənin nüfuzdan salınması isə jurnalistikanın sivil cəmiyyət, demokratik dövlət quruculuğu prosesindəki önəmini heçə endirir. Buna görə də konkret qətiyyətli addımlar atılmalıdır və düşünürəm ki, yaxın gələcəkdə mövcud istiqamətdə əməli fəaliyyət həyata keçiriləcək. Jurnalistika cəmiyyət və dövlət üçün vacib sahədirsə, ona münasibət də həssas olmalıdır.
 
Mətbuat Şurasının fəaliyyətindəki növbəti məqam ayrı-ayrı hüquqi normativ aktların və digər qanunvericilik sənədlərinin hazırlanmasında iştirakdır. Şura 2015-ci ildə 12 dövlət sənədinə səlahiyyətləri çərçivəsində rəy bildirib.
 
Şura ötən il keçirilmiş mitinq və aksiyalarda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələrinin monitorinqini aparıb. Seçki günü MŞ-nin öncədən müəyyənləşdirilmiş telefon nömrələri «qaynar xətt» rejimində fəaliyyət göstərib.
 
Mətbuat Şurası ali məktəblərin jurnalistika fakültəsinə bakalavr və magistr qəbulu prosesində iştirak edib. Qurumun İdarə Heyətinin üzvləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı qabiliyyət imtahanı komissiyasında təmsil olunublar.
 
Mətbuat Şurası ötən il müxtəlif dövlət qurumları ilə birgə jurnalistlər üçün 2 müsabiqə təşkil edib. Qurumun fəaliyyət dairəsinə həmçinin mətbuatımızda xidmətləri olan şəxslərlə bağlı yubiley tədbirlərinin təşkili, sənədli filmləri çəkilişi, müxtəlif mövzularda tematik toplantıların düzənlənməsi də daxildir. Bütün bunlar yekun hesabatda ətraflı şəkildə əksini tapıb.
 
- Əflatun müəllim, 2015-ci ilin şəxsən Sizin üçün də əlamətdar olduğunu qeyd etmək mümkündür. Milli Məclisə deputat seçildiniz. Məsuliyyət yükünüz artdı…
 
- Deputat seçilməyim həyatımın ən böyük uğurudur. Bu mənada cənab prezidentin sərəncamı ilə «3-cü dərəcəli Vətənə xidmətə görə» medalı ilə təltif olunmağımı da vurğulaya bilərəm. Fürsətdən istifadə edib, dövlət başçısına və məni dəstəkləyən hər kəsə yenidən dərin minnətdarlığımı bildirirəm.
 
Əlbəttə, məsuliyyətim daha da artdı. Həm seçicilər, həm də media təmsilçiləri qarşısında. Seçki kampaniyası zamanı 62 saylı Saatlı seçki dairəsinə daxil olan kəndlərin demək olar, əksəriyyətində olmuşdum. Əhalinin qayğıları var. Onların şəxsi müstəvidə meydana çıxan çətinliklərindən tutmuş ümumi problemlərinədək hər məqamı nəzərə almaq lazımdır. İnsanları dinləmək, dərdlərinə şərik çıxmaq şərtdir. Digər tərəfdən isə parlamentdəki jurnalist deputatlardan biriyəm. Bu da media qarşısında məsuliyyət deməkdir. Üstəlik jurnalist deputat Azərbaycan Mətbuat Şurasına da rəhbərlik edirsə, məsuliyyət daha artıq olmalıdır. Qarşıdakı beşillikdə bizi gərgin işlər gözləyir. Güman edirəm ki, öhdəsindən gəlməyi bacaracağıq.
 
- 2016-cı ili jurnalistika baxımından necə görürsünüz?
 
- 2016-cı ildə də media sahəsində həyata keçirilən dövlət siyasəti davamlı olacaq. Bu il biz jurnalistlər üçün inşa edilməkdə olan binanın sakinlərinin ixtiyarına verilməsini gözləyirik. Güman edirəm ki, mövcud sahədə hər hansı problem ola bilməz. 250-dən artıq jurnalistin 2017-ci ili öz mənzilində qarşılayacağına inanırıq.
 
“Bu il jurnalistlər üçün inşa edilməkdə olan binanın sakinlərinin ixtiyarına verilməsini gözləyirik”
 
El ilə gələn dərd toy-bayram olur, - deyib atalarımız. Əlbəttə, 2016-cı il asan il olmayacaq. İqtisadi müstəvidə baş verən proseslərin, manatın devalvasiyasından yaranan vəziyyətin jurnalistlərimizin də həyatına təsirsiz ötüşməyəcəyi aydındır. Məlum olduğu kimi, qəzet kağızı və çap xərcləri xeyli artıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı ilə yanaşı, hazır çap məhsullarının üzərinə də 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılıb. Bu məsələlərlə bağlı parlamentdə çıxış etmişəm. Şuranın İdarə Heyətinin sonuncu iclasında da yaranmış problem barədə diskussiyalar getdi. Mətbuat Şurası olaraq hesab edirik ki, problemə dövlət səviyyəsində münasibət bildirilməlidir. İnanırıq ki, belə də olacaq.
 
Yəhudilərin bir sözü də var ki, hər çıxılmaz vəziyyətdən iki çıxış yolu var. Düşünürəm ki, cəmiyyətimiz və onun tərkib hissəsi olan mediamız yaranmış xoşagəlməz durumdan çıxa biləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam