“Deputat olmamaq siyasi fəaliyyətimdə heç nəyi dəyişməyəcək”
“Mənim üçün söz meydanı genişdir”
"Xeberinfo.com": Məlumata görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az saytının suallarını cavablandırıb.
- Qarşıdan gələn parlament seçkilərində deputatlığa namizədliyinizi vermədiniz. Uzun müddətdir siyasi fəaliyyətiniz əsasən parlament səviyyəsində köklənmişdi. Maraqlıdır, bundan sonra deputat olmayacaq Sabir Rüstəmxanlı siyasi fəaliyyətini hansı müstəviyə keçirəcək?
- Mən Vətəndaş Həmrəyliyi Partiyasının sədriyəm. Həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədri və Azərbaycan Dil Qurumunun başqanıyam. Üstəlik, bir yazıçı-jurnalist kimi əlimdə qələmim, deməyə sözüm var və bütün mətbuat da üzümə açıqdır. Bundan geniş meydan olmaz ki!
- Bəs Siyasi səhnədə nələri etməyi düşünrsünüz? Nəzərə alaq ki, bu vaxta qədər başınız daha çox Milli Məclisə qarışmışdı...
- Milli Məclisdə sözümüzü deyirdik, çıxışlar edirdik, amma elə bilirdik ki, bütün bunların hamısı xalqa çatır. Çox təəssüf ki, televiziyalar mənim və bir neçə deputatın tənqidi çıxışlarının hamısını vermirdi. Bəzən, ümumiyyətlə, çıxışlarımı kəsir, ya da heç efirə buraxmırdılar.
Bəzi mətbuat orqanları da eyni şeyləri edirdilər. Amma indi öz sözümü bütün saytlarda, qəzetlərdə demək imkanım var. Siyasi fəaliyyətim dünyada gedən proseslərə münasibət bildirmək və vətəndaşların hüquqlarını müdafiə etməkdir. Siyasət əlinə silah alıb cəbhəyə getmək deyil. Siyasətin əsas silahı, arsenalı sözdür. Mənim üçün isə söz meydanı genişdir.
- Azərbaycan müxalifətinin radikal qanadı ilə hər hansı əməkdaşlıq edəcəksinizmi?
- İşgüzar əməkdaşlıq barədə düşünmürəm. İndiyə qədər mövqeyim necə olubsa, bundan sonra da belə davam edəcək. Deputat olmamaq siyasi fəaliyyətimdə heç nəyi dəyişməyəcək. Bəziləri deputat seçilməyəndən sonra meydanlara düşüb radikal çıxışlar etməyə başlayır.
Mənim mövqeyimi deputat olub-olmamaq dəyişdirmir. Mövqeyimi vətəndaş məsuliyyəti, Azərbaycanın taleyi müəyyənləşdirir. Ölkədəki müxalifətlə şəxsi münasibətlərim isə olduğu kimi qalacaq. Hamısı ilə - radikalı ilə də, liberalı ilə də normal münasibətlərim olub və yenə də olacaq.
- Hər hansı yenir bir siyasi blok yaranarsa, orda təmsil olunmağı istəyərsinizmi?
- Açığı belə bir fikrim yoxdur. Bizim partiya öz əvvəlki xəttinə davam etdirəcək.