Səttar Möhbalıyev: -“Prezident İlham Əliyev Ermənistanda revanşist düşüncə ilə yaşayanların aqibətinin necə olacağını bir daha xatırlatdı”
“Ölkəmizdə həmişə şəhidlərə ən ali hörmət və ehtiram göstərilib, onların ailələri dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Hələ Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın adları əbədiləşdirilirdi, onların ailələrinə, həmçinin qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət göstərilirdi, sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülürdü. Bu ənənə Ulu Öndərin müzəffər davamçısı Prezident İlham Əliyev tərəfindən də ən ali səviyyədə uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi üçün ardıcıl və planlı şəkildə kompleks tədbirlər həyata keçirilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Bu, dövlətin həmin kateqoriyadan olan insanlara xüsusi münasibətinin təzahürüdür”.
Yenixeber.org: Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, xalqımız tərəfindən də həmişə şəhidlərimizin adı uca tutulur, onlara yüksək ehtiram göstərilir: “27 sentyabr – Anım Günündə də xalqımız böyük həmrəylik nümayiş etdirdi, şəhidlərimizin unudulmaz xatirəsini hörmətlə yad etdi, ruhlarına dualar oxundu. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da tədbirlərə qatılması, bu nünasibətlə keçirilən yürşdə iştirak etməsi şəhid ruhlarına göstərilən sayğının əlamətidir. Həmin gün dövlət başçımızın xalqa müraciəti bir sıra məqamları ilə yadda qaldı. Belə ki, cənab Prezident bir daha “Dağlıq Qarabağ” adlı münaqişənin və bu adda inzibati ərazinin mövcud olmadığını bəyan etdi. Vətən müharibəsində bu arzu ilə yaşayanların cəzasını Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə layiqincə verdi. Artıq bu barədə danışmaq yersizdir, bölgədə yeni reallıqlar mövcuddur, hamının, o cümlədən də Ermənistanın və onun havadarlarının bunu qəbul etməsi, heç vaxt mövcud olmayacaq, utopik xəyallardan əl çəkməsi vacibdir”.
“Dövlət başçımız xalqa verdiyi bütün vədləri ləyaqətlə yerinə yetirir. Prezident seçildiyi ilk gündən Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etmişdi. Vədinə sadiq qalan müzəffər Ali Baş Komandan xalqımızı qalib bir xalqa çevirdi, bütün dünyaya Azərbaycanın gücünü göstərdi, düşmənlərimizi rəzil etdi. Yenidən təxribatlara əl atmaq istəyən, revanşist düşüncə ilə yaşayanların aqibətinin necə olacağını Prezident bir daha xatırlatdı. Təbii ki, bu cür əməllər onsuz da vəziyyəti acınacaqlı olan Ermənistan üçün təhlükəlidir. Ölkədə sosial-iqtisadi vəziyyət günü-gündən ağırlaşır, iqtisadi böhran pik həddinə çatıb, insanların həyat şəraiti çox aşağı səviyyədədir. Onların çıxış yolu boş xülyalardan əl çəkib qonşularına qarşı ərazi iddialarını tamamilə unutmaq, mehriban qonşuluq prinsiplərinə əməl etmək, qalib ölkə kimi Azərbaycanın diktə etdiyi təklifləri qəbul etməkdir”, - Milli Məclisin deputatı qeyd edib.