“Birinci Avropa Oyunları Azərbaycan üçün böyük nəticələr gətirəcək”
Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müsahibə verib.
"Xeberinfo.com": AzPolitika.info-ya istinadən həmin müsahibəni təqdim edirik:
- Ülvi müəllim, qarşıdan birinci Avropa Oyunları gəlir. İdman sahəsinin tanınmış nümayəndəsi kimi bu oyunların Azərbaycan üçün əhəmiyyəti nə ola bilər?
– Hesab edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinin özü ilk növbədə tarixi, idman hadisəsidir. Bu oyunda Azərbaycan ilkə imza atacaq.
Bu günə qədər Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları keçirilib.
Ancaq Avropa oyunları masştabında idmanla bağlı Azərbaycanda bu günə qədər hər hansı yarış olmayıb. Bu baxımdan hesab edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda nəzərə alınmalıdır ki, Avropa ölkələrinin əksəriyyəti öz idmançıları ilə Birinci Avropa Oyunlarında təmsil olunacaq. Onların azarkeşlərini də bura əlavə etsək, demək ki, ölkəmizin təbliğatında Birinci Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür. Birmənalı şəkildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün tamamilə yeni bir səhifə açır.
Azərbaycanın adət-ənənələri, mədəniyyəti, tarixi, milli xüsusiyyətlərimizin gələn qonaqlara çatdırılmasında Birinci Avropa Oyunlarının müstəsna əhəmiyyəti olacaq. Bu, həm də turizmin inkişafına böyük töhvə olacaq.
Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı Bakıya gələcək əcnəbilər üçün Azərbaycanı görmək çox xoş olacaq və ona da əminəm ki, geri döndükdən sonra yenidən onlar Azərbaycana qayıdacaqlar. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanı inkişaf etmiş Avropa ölkələri sırasına aparan yoldur.
Azərbaycanda idmanın inkişafına dövlət tətrəfindən dəstək mərhum prezidentimiz Heydər Əliyevin zamanlarından başlamışdı və o zaman cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri idi. İlham Əliyevin hələ o zamandan Azərbaycan idmanının inkişafına xüsusi diqqət ayırırdı. Bu gün isə Azərbaycanda idmanın inkişaf üçün bütün istiqamətlərdə üfiq açıqdır, işıqlıdır.
Birinci Avropa Oyunları ilə əlaqədar mükəmməl təşkilat komitəsi yaradılıb və bizim hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təşkilat komitəsinə rəhbərlik edir. Mükəmməl, zövqlə, dünya standartlarına uyğun şəkildə təşkilati işlər aparılır.
Baxın, burada bir haşiyə çıxmaqla bu oyunların əhəmiyyətini diqqətə çatdıracam. Bu gün Amerika Birləşmiş Ştatlarının 17 ştatı Xocalı soyqırımını tanıyıb. Bu bir gündə, bir ayda, bir ildə görülən işlərin nəticəsidirmi? Xeyr!
Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri apardığı siyasətin nəticəsidir. Birinci Avropa Oyunlarında Azərbaycanın təbliği üçün kifayət qədər münbit şəraıt yaranır. Təbliğatın nəticəsi 1 gündə özünü göstərə bilməz. 3-5 ildən, 10 ildən, 20 ildən sonra təbliğat məsələsi öz işini görəcək. Ona görə də gəlin tələsməyək.
Hesab edirəm ki, milli məsələlər, dövlətimizin maraqları hər şeydən öndə olmalıdır. Biz Birinci Avropa Oyunlarında milli xüsusiyyətlərimizi, dövlətimizi, xalqımızı tam olaraq Avropaya çatdıracağıq. Ona görə də Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin müstəsna əhəmiyyəti var.
- Cəmiyyətin Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə münasibəti necədir?
– Təbii ki, deputat ilk növbədə ictimai fikir daşıyıcısıdır. Məsələ ilə bağlı onu deyə bilərəm ki, həm seçicilərimizlə, həm də ictimai fəal insanlarla tez-tez müzakirələrimiz olur və insanların bu məsələyə münasibəti birmənalı şəkildə yüksək və müsbətdir.
Artıq Birinci Avropa Oyunlarına biletlərin əldə olunması ilə bağlı sual verirlər ki, necə iştirak etsinlər. Təşkilat komitəsi mükəmməl şəkildə işləyir və Azərbaycanda, xüsusilə Bakıda Birinci Avropa Oyunları ilə bağlı çox möhtəşəm idman obyektləri quraşdırılır. Təbii ki, hər bir Azərbaycan insanı həmin stadionu və bu kimi idman obyektlərini televiziyada seyr etmək istəmir. Canlı olaraq öz gözü ilə görmək istəyir. Azərbaycanda idman sevənlər çoxdur.
Məlumdur ki, Birinci Avropa Oyunlarında 20 idman növü üzrə yarış olacaq. Əminəm ki, yarışlarda stadionlar tam dolu olacaq, boş yer qalmayacaq və bu cəmiyyətin məsələyə münasibətinin göstəricisi kimi təzahür edəcək.
- Beynəlxalq və bəzi yerli təşkilatlar Birinci Avropa Oyunları ilə bağlı xoşagəlməz rəy formalaşdırmağa çalışırlar. Bunu necə qiymətləndirirsiniz? Sizcə bu haradan qaynaqlanır?
– Bəli, mən də o fikirdəyəm ki, bu məsələ ilə bağlı insanlara yanlış məlumatlar vermək istəyənlər var. Ölkəmizə qarşı qarayaxmalar var. Onlar bu çirkin əməllərini davam etdirmək istəyirlər. Amma bilmək lazımdır ki, Birinci Avropa Oyunları Azərbaycan üçündür. Azərbaycanın təbliğatı üçündür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət konkret nəticəyə hesablanmış siyasətdir. Biz hər zaman cənab Prezidentin apardığı siyasətin müsbət nəticəsinin şahidi olmuşuq. İnanıram ki, Birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi Azərbaycan üçün xüsusi rol oynayacaq.
İlham Əliyev bu günə qədər nəticəsi görünməyən hər hansı layihəyə imza atmayıb. Ona görə də heç şübhəniz olmasın ki, Birinci Avropa Oyunları Azərbaycan üçün böyük nəticələr gətirəcək. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək.
Yadınızdadırsa, Bakıda Eurovision mahnı müsabiqəsi keçiriləndə də müxtəlif qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana qarşı düşmənçilik siyasəti yeridənlər var idi. O zaman Azərbaycan bu işin öhdəsindən çox yüksək şəkildə gəldi və hesab edirəm ki, bu Eurovision tarixində Azərbaycandakı görülən işlər dünya tarixində yadda qaldı. O zaman Cristal Hall inşa olundu və bu gün dünyanın ən mükəmməl zallarından biri olaraq azərbaycanlıların ixtiyarındadır. Həmin Cristal Hall-a baş çəkən nəinki azərbaycanlılar, hətta əcəbilər də heyrətə gəlirlər. Mən hesab edirəm ki, Birinci Avropa Oyunları ilə bağlı tikilən idman obyektləri də eyni nəticə verəcək. Amma bizi istəməyən qüvvələr var. Bu qüvvələrin fəallaşmasının səbəbi də məlumdur.
Azərbaycan müstəqil siyasət yeridir və istənilən məqamda öz sözünü deyə bilir. Bu da həmin qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı tam müstəqil görmək istəmirlər. Ona görə hər vəchlə bunun qarşısını almağa çalışırlar.
Təbii ki, o “qara qüvvələr” bu arzularına çata bilməyəcəklər. Çünki Azərbaycanın İlham Əliyev kimi lideri var və İlham Əliyev müstəqilliyimizin qarantıdır. Müstəqil Azərbaycanın inkişafında xüsusi xidmət göstərir. Bu bütün dünyanın gözü qarşısındadır.
Ətrafımızdakı ölkələrə baxın. MDB məkanında vəziyyət hansı şəkildədir. Amma Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində çox şükürlər olsun ki, ölkəmiz bütün bəlalardan özünü sığortalaya bilir. Birinci Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik maraqları baxımından böyük əhəmiyyətə malikdir. Kimsə, hansısa qüvvə Birinci Avropa Oyunları ilə bağlı cəmiyyətdə mənfi rol formalaşdırmağa çalışırsa, demək ki, o Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı çıxır. Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək və bir ilkə imza atacaq.
- Demək olar ki, dünyanın əksər ölkəsində idman yarışlarında iştirak etmisiniz. Bizim üçün maraqlıdır. Bu gün təşkilat komitəsi Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı ciddi işlər görür. Siz necə müqayisə edərdiniz ki, indiyə qədər iştirak etdiyiniz yarışlarla Azərbaycanda keçiriləcək yarışlar arasında şəraitlə bağlı hansı fərqlər var?
– Doğrusunu deyəcəyəm. Doğrudan da dünyanın əksər ölkələrində yarışlarda iştirak etmişəm. Ancaq bizdəki kimi yaradılan gözəl şəraitlə qarşılaşmamışam. Bizdə təşkilat komitəsi elə zövqlə və mükəmməl işləyir ki, hesab edirəm bunun müsbət nəticəsi mütləq olacaq.
12 min könüllü prosesə qoşulub. Onların çoxu gənclərdir. Hesab edirəm ki, həmin gənclərə perspektiv açılacaq. Bu onlar üçün böyük bir məktəb olacaq. Azərbaycanı təbliğ edəcəklər. Birinci Avropa Oyunları başa çatdıqdan sonra həmin gənclər mütəxəssis olaraq yetişəcəklər. Bunun mühüm əhəmiyyəti var. Biz yaxşı mənada Azərbaycana gələcək əcnəbiləri heyrətləndirə biləcəyik. Ölkəmiz barədə müsbət fikir formalaşdıra biləcəyik.
Əminəm ki, Azərbaycana gəlib geri dönən insanlar Azərbaycanla bağlı müsbət fikirdə olacaqlar. Çünki görülən işlərin nəticəsi olaraq bunu demək olar.
- Siz karate üzrə dünya çempionusunuz. Olimpiya çempionatlarında karate yer almayıb. Ancaq bizdə keçiriləcək Birinci Avropa Oyunlarına karate də salınıb. Buna münasibətiniz necədir?
– Bəli, çox təəssüf ki, bu günə qədər karate olimpiya oyunlarına salınmayıb. Ancaq artıq Avropa Oyunlarına salındısa, ümumən dünya karateçilərinə, eyni zamanda bizə, Azərbaycan karateçilərinə böyük hədiyyədir. Buna görə bütün dünya karateçiləri cənab Prezidentə minnətdardılar. Bu, bizim üzərimizə məsuliyyət qoyur və biz də məsuliyyətimizi hiss edirik.
Eyni zamanda bu etimadı doğrultmaq bizim borcumuzdur. Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları yay olimpiya oyunu səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir. Hesab edirəm ki, Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə olimpiya oyunlarında karatenin salınmasına yol açacaq. Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri bu oyunda öz sözünü deyə biləcəklər.
- Ülvi müəllim, Azərbaycanı karate üzrə kimlər təmsil edəcək?
– Təlim toplantıları keçirilir. Təbii ki, yüksək nəticə göstərən karateçilərimiz diqqətə alınacaq. Bu gün məşqlər üçün hər cür şərait yaradılıb. Yalnız iş idmançılara qalır. Dövlət, Prezident idmançılar üçün hər cür şərait yaradıb. Birinci Avropa Oyunlarında Prezidentimiz bizə şans yaratdı ki, gücümüzü sınayaq və özümüzü göstərək. Biz də yüksək nəticə göstərməyi özümüzə borc sayırıq. Mən bunu idmançılarımıza da izah edirəm ki, cənab Prezident bizə şans yaratdı. Orada yüksək nəticə göstərməməyə haqqımız yoxdur.
Azərbaycan Milli Karate Federasiyası Birinci Avropa Oyunlarında təmsil olunacaq. Burada baş məşqçi Rəhman Hətəmov, məşqçilər Rəşad Hüseynov, Vahid Ayvazov, Oqtay Məmmədovun adını xüsusilə çəkmək istəyirəm. Komandanın kapıtanı Rafael Ağayev dünyanın bir nömrəli idmançısıdır.
Mən zaman tapan kimi idmançılarımızla birgə məşq edirəm. Bilirəm ki, bu, gənclərimizə böyük stimuldur. Onları həvəsləndirmək yoludur. Əmin olun ki, Azərbaycan karateçiləri Birinci Avropa Oyunlarında yüksək göstərici əldə edəcəklər.