"Təmiz Binəqədi" gənclər forumu keçirilib
Binəqədi rayonunda 2 Fevral Gənclər günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilmişdir
"Xeberinfo.com": Yanvar ayının 29-da Binəqədi rayonunda 2 Fevral – Gənclər Günü münasibətilə “Təmiz Binəqədi” Gənclər Forumu keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında gerçəkləşən Forumda Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsi gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, ASAN xidmət mərkəzinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov eləcə də bir sıra müvafiq ictimai qurumların nümayəndələri, RİH başçısının müavinləri, rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etmişlər.
Tədbirdən öncə qonaqlar və forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər. Forum öz işinə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Binəqədi rayonunda gənclərlə iş sahəsindən bəhs edən hesabat videoçarxının nümayişinin ardınca çıxışlar başlamışdır. İlk çıxışı PA-nın sektor müdiri Vüsal Quliyev etmiş müstəqil dövlət kimi gənclərlə iş sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışmışdır.
Forumun işi Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ASAN xidmət mərkəzinin İnsan Resursları və Təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev, ASAN könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, ali məktəblərə qəbul zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış fəal Binəqədi gənci Zəhra Nəbizadənin çıxışları ilə davam etmişdir.
Forum çərçivəsində nəzərdə tutulmuş çıxışlar yekunlaşdıqdan sonra tədbirin gedişində fikirlərini bildirmək üçün müraciət edənlər – Aytac Seidəliyeva, Rufik İsmayılov və Bahadur Əlizadənin çıxışları da dinlənilmişdir.
Binəqədi gənclərinin ötən il qazandıqları uğurlardan bəhs edən videoçarxın nümayişindən sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış etmişdir. RİH başçısı çıxışında gənclər sahəsindəki səmərəli dövlət siyasəti, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclərə diqqət və qayğının hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və böyük əzmkarlıqla davam etdirildiyini vurğulamışdır. X.İsgəndərov Azərbaycan dövlətinin və ölkə rəhbərinin yaratdığı münbit şəraitdən və qayğı mühitinin əhatəsində hər bir Azərbaycan gəncinin dövlət və cəmiyyət olaraq ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini qeyd etmişdir.
Sonra rayonun ictimai-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup gənc Binəqədi RİH-in fəxri fərmanları ilə təltif edilmiş, ötənilki ənənənin davamı olaraq xüsusi fəallığı ilə seçilən bir nəfər gəncə isə Böyük Britaniyanın London Meredian Kollecinə iki həftəlik xarici dil kursunda iştirak etmək hədiyyə olunmuşdur.
Forum öz işini “Təmiz Binəqədi” Gənclər Forumunun iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətinin oxunması ilə yekunlaşdırmışdır.
Sonda, Forum iştirakçıları tərəfindən “Gənclərin Təmiz Binəqədi” təşəbbüs qrupu yaradıldı.