Xalq artisti istintaqa cəlb olundu
Fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub
Xeberinfo.com: Xalq artisti İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın işi ilə bağlı Bakı şəhər Prokurorluğunun müstəntiqlərinə ifadə verib.
Fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.
Məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun öz evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu iddia olunur.
Qeyd edək ki, Mehriban Hüseynova məhbəsdə İlhamə Quliyevanı ittiham edən məktub yazmışdı.
Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşaiyət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.
Yeri gəlmişkən M.Hüseynova bu məsələ ilə bağlı səs yazısını istintaqa təqdim etdiyini də bildirib. Həmin səs yazısının bir neçə digər ünvanlara da yolladığını açıqlayıb.
Lent.az-a açıqlama verən İ. Quliyeva xəbəri təsdiqləyib. O, deyib ki, ifadə verməsi üçün Bakı Şəhər Prokurorluğundan ona zəng ediblər: “Mən də xahiş elədim ki, gəlin, evdə ifadəmi alın. Gəldilər, izahatımı verdim. Sağolsunlar ki, xahişi nəzərə alıb evimə gəldilər”.