POLAD HƏŞİMOV KİM İDİ VƏ NİYƏ ŞƏHİD OLDU? - “O, Azərbaycanın ilk generalıdır ki..."
Üzeyir Cəfərov: “Tanıyanlar bilir ki, o, döyüş zamanı bunkerdə otura bilməzdi”
Tovuz döyüşlərində həlak olan Azərbaycan Ordusunun general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunub.
Yenixeber.org: Adı Azərbaycan xalqının qəlbində daim yaşayacaq şəhid general-mayorla bağlı vaxtilə onun əsgəri olmuş jurnalist Seymur Kazımov sosial şəbəkədə xatirələrini bölüşüb. Hərbi xidmətini Polad Həşimovun komandirliyi altında başa vurmuş jurnalist yazır:“General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı. Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim. 2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik. Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın. 2018-ci ildə Talışdakı “Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-cı ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!"
Jurnalist general-mayoru “çox dəyərli vətəndaş və zabit” olaraq yad edir. Onun vəfatını “cəmiyyət üçün böyük itki” adlandırır. Qohumları Polad Həşimovu çox yaxşı insan kimi xatırlayır, onun barəsində “sonuncu tikəsini bölən, sadə insan” deyirlər.
Polad Həşimov kim idi?
1975-ci ildə anadan olan Polad Həşimov Qəbələnin Vəndam kəndindəndir.
Polad Həşimov orta məktəbi Sumqayıtda bitirib. Sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, sonra təhsilini Türkiyədə davam etdirib. Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ orta məktəbi bitirməyib. O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
Sosial şəbəkələrdə bir çox istifadəçilər general-mayor Polad Həşimov haqda öz xatirələrini bölüşüb. Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var. Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verdiyini bildirir. Onlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirovdur.
Hərbi ekspert Üzeyir Cəfərov musavat.com-a deyib ki, Polad Həşimov qəhrəmancasına şəhid olub: “O, Azərbaycanın ilk generalıdır ki, real döyüş şəraitində şəhid olub. Xaincəsinə öldürülən generallarımız var - Məhəmməd Əsədov, İsmət Qayıbov və digərləri. Polad Həşimov ermənilərlə birbaşa döyüşdə qəhrəmancasına həlak olan generalımızdır. O, bizim fəxrimizdir”.
Hərbi ekspert Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində addımların atılacağını da deyib. Bildirib ki, Polad Həşimov mərd, qorxmaz xarakterli zabit olub, onun birbaşa döyüşə qatılması da bunu bir daha təsdiq edir: “General Həşimov qorxmaz, mərd, hazırlıqlı zabit idi. 2016-cı ilin aprel döyüşlərində göstərdiyi şücaətə görə rütbəsi artırıldı, general-mayor oldu, başqa istiqamətə yuxarı vəzifəyə təyin olundu.
Polad Həşimovu tanıyanlar bilir ki, o, döyüş zamanı bunkerdə otura bilməzdi. Birbaşa ön xəttə gedib düşmən mövqelərini dəqiqləşdirmək, müvafiq qərarlar vermək kimi qorxmaz addımlar atmaqdan çəkinmirdi. Bu gün Azərbaycan Müdafiə Nazirliyinin elə avadanlıqları, texnikaları var ki, döyüş bölgəsində olmadan prosesləri idarə etməyə imkan verir. Polad Həşimov savadlı, qorxmaz, heç nədən çəkinməyən general idi. Onun digər zabitlərlə ön xəttə getməsi və orada əsgərlərlə birbaşa təmasa girib müəyyən tapşırıqları verməsi xarakterindən irəli gəlirdi. Polad Həşimov düşmənin xain artilleriya atəşi nəticəsində şəhid olub”.
Hərbi ekspert Polad Həşimov və digər hərbçilərimizin satqınlıq nəticəsində şəhid olmaları haqda xəbərlərin doğru olmadığını vurğulayıb: “Xəyanətdən söhbət belə gedə bilməz. Ən azı bunu real döyüş şəraitində etmək mümkün deyil. Heç kəs bilmirdi ki, Polad Həşimov zabitlərlə birgə hara gedəcək. Qərarı özü verir. Maşına oturandan sonra sürücüyə deyir ki, sür filan məntəqəyə, filan posta. Sosial şəbəkədə bu haqda yazılarla tanış olmuşam. Bilirəm ki, nəyə və kimə işarə vururlar. Bu məsələ olsaydı, çəkinmədən deyərdim ki, generalımız xəyanətin qurbanı olub. Orada başqa məqamlar var. 2016-cı ildə də bu haqda demişdik. Bu dəfə də Müdafiə Nazirliyi rəsmiləri ilə görüşdə bu məsələləri qaldıracağıq. Söhbət xəyanətdən, satqınlıqdan getmir. Real döyüş şəraitində dünyasını dəyişib. Polad Həşimov və zabit yoldaşları sırf vəzifə borclarını yerinə yetirərkən həlak olublar”.