Saleh Məmmədovun Zərdabdakı kadrı dövlət vəsaitini talayır?-Qohumluq triosunun qüdrəti...
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlunun şikayət ərizəsi daxil olub. Ərizədə Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadinin qanunazidd əməllərindən və dövlət vəsaitinin mənimsənilməsindən bəhs edilir. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu Zərdab Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi hər gün cinayətlər törətsə də ona “gözün üstə qaşın var deyən yoxdur”. Belə ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin qalibi Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC olub. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.
Qeyd edim ki, tenderin qalibi “İnşaat Serviz-2” MMC olsa da Zərdab şəhərdaxili yolları hazırda Zərdab rayon asfalt zavodu təmir edir. Bu isə açıq-aşkar cinayət əməlidir ki, Zərdab Rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi edir. Çünki qanuna əsasən tenderi udmuş MMC özü yolu təmir etməlidir. Zərdab Rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur. Hazırda Zərdab rayonunun mərkəzi küçələrinə Elman Cəvadinin müdiri olduğu idarə asfalt örtüyü vurur. Əgər bu işləri Zərdab Rayon Yol İstismarı İdarəsi görürdüsə tenderi nə üçün “İnşaat Serviz-2” MMC udub ?
Bu maxinasiya ancaq dövlət vəsaitini talan etmək üçün edilib.
Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsə də əslində 2-3 sm-dir ki, bunu adi üsulla ölçmək kifayətdir. Elman Cəvadi bu cinayət əməllərini Saleh Məmmədova arxayın olub edir. Çünki Elman Cəvadi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Əflatun adlı şöbə müdirinin yaxın qohumudur. Əflatun müəllim isə sədr Saleh Məmmədovun qudasıdır. Bu qohumluq əlaqəsi Elman Cəvadiyə qol-qanad verib deyə, dövlətin ayırdığı vəsaiti talan edib Zərdabda açıq-aşkar cinayət əməli ilə məşğul olur. Zərdabda asfaltvurma talançılığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsilə həyata keçirilir. Çox xahiş edirəm Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu cinayət faktını araşdırıb Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadinin barəsində ciddi tədbir görsün”.
Redaksiyadan: Yazıda adları hallanan tərəfləri dinləmək istəsək də alınmadı. Məlum qayda və prinsiplərə uyğun olaraq qarşı tərəflərin cavab haqlarını tanıyırıq.