Qadın düşkünü Brejnev –o, məşuqələrinin bütün problemlərini həll edirmiş
Yenixeber.org: SSRİ-nin siyasi liderləri öz xatirələrində, müsahibələrində, çıxışlarında öz şəxsi həyatları, ailələri haqqında çox nadir hallarda və qısa şəkildə fikir söyləyiblər. Leonid İliç Brejnev isə əvvəlkilərdən və sonrakılardan fərqli olaraq bu mövzuda danışmaqdan çəkinməyib. Onun öz həyat yoldaşı haqqında söylədiyi ən populyar ifadə isə belə olub:
“Viktoriya Petrovna qulpu olmayan çamadana bənzəyir, nə götürmək olur, nə də atmaq...”
18 il SSRİ-nin baş kürsüsündə əyləşən Leonid Brejnev təkcə siyasi fəaliyyəti ilə deyil, həm də “maraqlı” həyat tərzi, əyləncələri, xüsusilə də qadınlara olan böyük “sevgiləri” ilə yadda qalıb. Leonid İliç hələ çox gənc yaşlarından siyasi fəaliyyətindəki durğunluqdan fərqli olaraq qadınlarla münasibətdə daha çılğın və həvəsli olub. Baş katibi bu həvəs ömrünün son günlərinə qədər tərk etməyib.
Əvvəlki saylarımızda Brejnevin tibb bacısı ilə eşq macəraları haqqında yazmışdıq. Qeyd etmişdik ki, baş katib onun bağ evində yaşayan Nina Korovyakova ilə ailənin içində belə aşiq-məşuqə kimi yaşayıb. Bu münasibət Brejnevin ən ağır xəstə olduğu dövrdə də davam edib. Hətta Yuri Andropovun, Kremlin baş həkimi Yevgeni Çazovun müdaxiləsindən sonra belə tibb bacısını Brejnevin yanından uzaqlaşdıra bilməyiblər.
Brejnevin qadın əyləncəsinə meyilli olması çox gənc yaşalrandan başlayıb. Məclislərdə təşəbbüsü ələ alması, şənlik yaratmaq bacarığı, oxumağı, rəqsi ilə fərqlənən Brejnev həm də geyiminə, səliqəsinə, saç düzümünə xüsusi diqqət yetirib. Həmişə şık formada olan Brejnevin yaraşığı hətta Stalinin də diqqətindən yayınmayıb.
1952-ci ildə partiyanın 19-cu qurultayında Stalinin müttəfiq respublikaların birinci katibləri ilə ayrıca görüşü olub. O, Brejnevlə əl tutduqdan sonra (həmin dövrdə Brejnev Moldoviyanın birinci katibi olub) təbəssümlə deyib:
- Necə də yaraşıqlı moldovandır...
Brejnevin qadın şakəri o dərəcəyə çatıb ki, bir neçə dəfə həyat yoldaşı Viktoriya Petrovna ilə ayrılmaq məsələsi ailənin gündəminə gəlib. Ancaq birinci xanımın təmkini, səbri ailənin bötüvlüyünü qoruya bilib.
Brejnev əyləndiyi qadınlara qarşı həm də çox səxavətli olub. İstənilən xahiş baş katib tərəfindən dərhal həllini tapıb.
Soçi filarmoniyasının solisti Anna Şalfeyevanın uzun illər Brejnevlə sıx əlaqələri olub. Brejnev Soçiyə istirahətə gedəndə heç vaxt həyat yoldaşını aparmayıb. Baş katibin 12-14 günlük Soçidəki istirahətinə Anna Şalfeyeva xüsusi zövq qatıb, Brejnevin istirahətini daha da “zənginləşdirib”.
Onlar Moskvada da görüşüblər. Bu görüşlərin birində baş katib müğənnini çəkinmədən yaşadığı bağ evinə də dəvət edib. Bu dəvətin səhərisi günü Viktoriya Petrovnanın yaratdığı qalmaqaldan sonra Brejnev müğənni ilə əlaqələrini kəsib. Bir müddətdən sonra Anna Şalfeyeva Brejnevə məktub yazıb, mənzil şəraitinin yaxşılaşdırmasını ondan xahiş edib və məktuba Brejnevlə Soçidə birlikdə çəkdirdikləri şəkli də əlavə edib. İki gündən sonra Soçinin mərkəzində Anna Şalfeyeva yeni geniş mənzillə təmin edilib.
Qazaxstanda işləyərkən Brejnevin öz katibəsi ilə hansı münasibətdə olması hamının gözü qarşısında olub. Bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə katibə Nelli Brejnevin ətrafında görünüb. Çox-çox sonralar məlum olub ki, bir dəfə də olsun belə nikahda olmayan Nellinin 1957-ci ildə dünyaya gələn Mariya adlı qızının atası məhz Brejnev olub. Və yəqin bu da təsadüfi deyil ki, Brejnev Moskvaya qayıdandan sonra, katibə dörd otaqlı mənzilə sahib olub. Həmin dövrdə iki nəfərlik ailənin belə geniş kvadratlı mənzilə sahib olması əlçatmaz sayılıb.
Hələ müharibə illərindən cəbhə həkimi Tamara Lavarçenko ilə böyük sevgi romanı yaşayan Brejnev səxavətini ondan da əsirgəməyib. Əlaqələrinin kəsilməsinə baxmayaraq Leonid İliç cəbhə məhəbbətini unutmayıb və artıq baş katib olanda həkimə Moskvanın mərkəzində mənzil bağışlayıb.
Brejnevin səxavəti təkcə mənzil hədiyyəsi ilə yekunlaşmayıb. O, sevdiyi qadınların ailələrindəki problemləri də həll edib. Birinin ərinin çiyinlərinə general rütbəsi taxıb, digərinin qızını səfirlikdə işə təyin edib, bir başqasının oğlunun ali təhsil almasında köməklik göstərib.
Bəli, bütün bunlar Viktoriya Petrovnanın gözləri önündə baş verib. Birinci xanım daha qalmaqal yaratmağın da mənasız olduğunu dərk edib.
Baş katibin qızı Qalina Brejneva isə atasının qadınlarla olan münasibətinə çox normal baxıb, hətta bu cür həyat tərzini yüksək qiymətləndirib:
“Düzdür, sevgizis də yaşamaq olar, amma bu mümkün və mövcud olduğu halda, insan niyə sevgisiz yaşamalıdır ki? Həyat insana bir dəfə verilir, ona görə də bir dəfə insana bəxş olunan həyatda sevgi şanslarını boşuna buraxmaq ağılsızlıqdır...”
Brejnevin qardaşı qızı Lyubov Brejneva da əmisinin qadınlara olan münasibəti haqqında öz xatirələrində yazıb:
“Leonid İliçlə Viktoriya Petrovnanı bağlayan heç bir hiss yox idi. Mən müşahidə etmişdim ki, Brejnev işdən sonra evə həvəslə getmir. Əmim çox həvəsli, şən, qaynar həyatı sevən adam idi. Viktoriya Petrovna isə əksinə, özünə qapanan, sakit, gizli var-dövlət yığan bir qadın idi. Onların söhbətləri də tutmurdu. Bir sözlə, ailədə darıxdırıcı bir atmosfer hökm sürürdü. Bəlkə də əmimin qadınlara qarşı xüsusi münasibətinin səbəblərindən biri də ailədəki vəziyyətdən yaranırdı...”(musavat)
İlham Cəmiloğlu