Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov müəmması: sədr müavini işə niyə gəlmir?!-FOTOLAR
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun hazırda 3 nəfər müavini var və 2018-ci ilin 23 aprel tarixində sədr təyin olunduqdan sonra F.Muradov məhz həmin müavinlərlə çalışmağa başlayıb. Sədrin birinci müavini Valeh Tofiq oğlu Hacıyev, sədrin müavini Ramin Ələmşah oğlu Məmmədov və sədrin digər müavini Faiq Maqbet oğlu Quliyev. Məlumat komitənin rəsmi internet səhifəsindən götürülüb.
Məsələ burasındadır ki, Fuad Muradov 2018-ci ilin aprel ayında komitə sədri təyin olunduqdan sonra müavinlərdən biri – Ramin Məmmədov qeyri-rəsmi olaraq, vəzifəsindən uzaqlaşdırılıb. Ona görə, qeyri-rəsmi deyirik ki, Ramin Məmmədovun Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən uzaqlaşdırılması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmayıb. Komitə sədrinin müavinlərini məhz ölkə başçısı təyin edir. Və Ramin Məmmədov da 12 may 2016-cı il tarixində Prezident İlham Əliyev tərəfindən bu vəzifəyə təyin edilib.
Kimdir Ramin Məmmədov? Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri, YAP Gənclər Birliyinin sədr müavini Ramin Ələmşah oğlu Məmmədov 2012-cü ildə ölkə başçısının sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Nazim İbrahimovun sədrliyi dövründə Diaspora Komitəsində xeyli aktiv olan və xaricdəki diaspor fəallarına müxtəlif dövlət təltif və medallarının pulla verilməsində adı hallanan Ramin Məmmədovun fəaliyyəti dəfələrlə dövrü mətbuatda tənqid olunub.
Bu gün isə Ramin Məmmədov rəsmən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsini daşısa da, faktiki olaraq, iş yerinə, yəni Bakı şəhəri, Səməd Vurğun küç. 42 ünvanında yerləşən Diasporla İş üzrə Dövlət Komitəsinə gəlmir.
Burada bir-sıra suallar ortaya çıxır ki, diaspora.az portalı olaraq, diqqəti məhz həmin məqamlara çəkmək və eyni zamanda bizim üçün qaranlıq qalan sualları Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlamaq istəyirik:
1) Son 1 il 6 ay ərzində sədr müavini Ramin Məmmədov bir dəfə də olsun, iş yerində görünməyib, onun bu və ya digər tədbir, görüş və hər hansı iclasda iştirakı qeydə alınmayıb. 7 noyabr 2019-cu il tarixində Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, şöbə müdirlərinin də iştirak etdiyi iclasda sədr müavini Ramin Məmmədov görünməyib. Bunun səbəbi nədir?
2) Ölkə başçısının təyin etdiyi vəzifəli şəxsi qeyri-rəsmi olaraq vəzifəsindən Fuad Muradov uzaqlaşdırıbmı? Komitə sədrinin belə bir səlahiyyəti varmı?!
3) Əgər qeyri-rəsmi vəzifədən uzaqlaşdırılma Ramin Məmmədovun işində buraxdığı nöqsanlara görədirsə, nə üçün o, hələ də bu vəzifəni rəsmən daşıyır?!
4) 1 il 6 aydır ki, rəsmən Komitə sədrinin müavini olan və işə gəlməyən Ramin Məmmədov hələ də dövlət maaşını alırmı və dövlətin verdiyi imtiyazlardan (xidməti avtomobil, xidməti pasport və digər imtiyazlar) istifadə edirmi?!
5) Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi niyə indiyə kimi hər hansı açıqlama verməyib?!
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin verəcəyi istənilən açıqlamanı dərc etməyə hazırıq.