Yaqub Eyyubovun oğlunun sərhədsiz BİZNES ŞƏBƏKƏS-Avropadan Kanadayadək
Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına - Kanadaya qədər uzanır. Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var.
Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib.
898961-3 saylı federal şirkətlə bağlı bilgilərdə qeyd olunur ki, Canada Ltd (841992399RC0001 saylı biznes nömrə) 2014-cü ilin avqustun 15-dən Ontario əyalətinin Mississauga şəhərində fəaliyyət göstərir. Hazırki ünvanı Mississauga, Burnhamthorpe Road West 900 / 50-dir. Bu ünvan baş nazirin müavininin oğlunun Ontario əyalətindəki şəxsi klinikalarının birinin yerləşdiyi məkandır.
Şirkətə aid digər bir ünvan isə belədir: 201-1300 Cornwall Road Oakville Ontario. Bu adresdə də məxsus daha bir estetik klinika fəaliyyətdədir. Burda 185 kv metrlik ofisin dəyəri 2.2 milyon Kanada dollarınadır.
Məlumat üçün bildirək ki, daha əvvəl Eyyubova məxsus Canada LTD şirkəti 2155 Leanne Blvd 105, Mississauga, Ontario ünvanında fəaliyyət göstərmiş Henley Medical Clinic-i də idarə edib. Lakin 2017-ci ilin oktyabrında şirkət klinikanın qeyri-rentabelliyi ilə bağlı rəsmi qurumlara müraciət edib bə fəaliyyətini dayandırıb. Şirkətin qeydiyyat sənədlərində isə Orxan Eyyubovun özünün qeydiyyatda olduğu rezidensiya ünvanı 2114 Glenforest Crescent Oakville, ON L6J 2G4 CA göstərilir. Bu ünvandakı ev hal-hazırda satışa təqdim olunub 1.999.000 min Kanada dollarında (2,5 milyon manata) qiymətləndirilir. Bundan əvvəl ev 2.150.000 CAD-a təqdim olunub.
Orxan Eyyubov Britaniyadakı biznesi isə daha əvvəldən başlayıb. Belə ki, o, özünün ilk şirkətini UNIFOOD LIQUORS (UK) LIMITED-i hələ 2009-cu ilin iyunun 9-da İngiltərədə Berkshire-də qeydiyyatdan keçirib. O zaman Yaqub Eyyubovun oğlunun 27 yaşı vardı və Azərbaycan vətəndaşı idi. Şirkətin qeydiyyat ünvanı London, PRINCES GATE 55 göstərilib.
Sənədlərdən məlum olur ki, 2009-cu ildə Orxan Eyyubov Londonda CHEVAL PLACE 45 - 47 ünvanında qeydiyyatda olub. Bir il sonra Eyyubov 15A ROTHERFIELD ROAD HENLEY-ON-THAMES OXFORDSHIRE ünvanında sahib olduğu villaya qeydiyyata düşür. Əmlak qiymətləndirilməsi üzrə məlumatlarda villanın qiyməti 4 milyon 466 min funt sterlinq göstərilir.
2010-cu ilin maliyyə hesabatına görə Eyyubovun şirkətinin aktivləri cəmi 30.737 funt sterlinq olub. Hətta növbəti il bu rəqəm 29.521 funt sterlinqə düşür. 2012-ci ilin sentyabrın 6-da cənab Eyyubov şirkəti NEW CANADA CAPITAL LTDolaraq yenidən qeydiyyatdan keçirdi(qeydiyyat nömrəsi 06928393).
Şirkət profilini dəyişərək daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərməyə davam etdi. Həmin ilin sentyabrın 18-də şirkətin direktoru ilə bağlı təqdim edilən sənəddə artıq Yaqub Eyyubovun oğlu İngiltərə vətəndaşı kimi qeyd olunub.
Yəni anlaşılan odur ki, Orxan Eyyubov hələ 2012-ci ildə Britaniya vətəndaşlığına keçib. O zaman Yaqub Eyyubov Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi. Britaniya vətəndaşlığı alan Orxan Eyyubov həmin tarixdə həm də yeni ünvana daşınır: ONE FORBURY SQUARE THE FORBURY READING UNITED KINGDOM. Şirkətin aktivləri həmin azalaraq 17.736 funt sterlinqə düşür. 2013-cü ildə şirkət birdən-birə daşınmaz əmlak biznesinə iri vəsait yatırır və aktivləri 6 milyon 382 min 638 funt sterlinqə çatır. 2014-cü ilin aprelin 26-da Günay Bayramova adlı qadın şirkətin səhmdarlarından biri kimi rəsmiləşdirilir. 2014-cü ilin 8 dekabr tarixli maliyyə sənədlərinə görə NEW CANADA CAPITAL LTD-nin aktivləri 8 milyon 244 min 489 funt sterlinqə yüksəlir. 2015-ci ilin iyunun 23-də Orxan Eyyubov şirkətin tək səhmdarı olur.
2018-ci il martın 5-də şirkət Thames Tower 5th Floor, Station Road Reading Berkshire ünvanına köçür. 2018-ci ilin dekabrın 31-də təqdim edilmiş maliyyə hesabatında şirkətin aktivləri ilə bağlı son məlumat verilib. Söhbət 13 milyon 366 min 506 funt sterlinqdən gedir. Bu da hamısı deyil. Panama sənədlərinə görə Orxan Eyyubova məxsus daha bir şirkət - ELLISFIELD DEVELOPMENT LTD 2012-ci il iyunun 6-da Isveçrədə qeydiyyatdan keçirilib.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) qrupunun apardığı araşdırmaya görə Macarıstandakı Velasco International Inc., ofşor şirkəti də Orxan Eyyubova bağlıdır.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.