Rusiya Ermənistana Su-30SM satırsa Azərbaycan niyə “Saab Gripen” almasın?-"Su" qırıcılarının qənimi tapıldı
Rusiyanın bütün modifikasiyalardan olan “Su” qırıclarının qənimi tapılıb. Bunlar İsveçin istehsal etdiyi “Saab Gripen E” qırıcılarıdır. Bu qırıcılar “Su” seriyasından olan Rusiya təyyarələrini hətta stels-texnologiyaya əl atmadan məhv edə bilər. Bu haqda İsveçin Hərbi Hava Qüvvələrinin komandanı Mats Helqesson bildirib. (“Busines İnsider” nəşri)
Yenixeber.org: Komandan bildirib ki, “Gripen” qırıcıları “Su” seriyasından olan təyyarələri məhv etmək üçün nəzərdə tutulub. Helqessonun sözlərinə görə, Rusiya qırıcıları Amerika qırıcılarından manevr üstünlüyünə və təhlükəli tryukları yerinə yetirməsinə görə əfsanəvi status qazanıb. Amma İsveç bu işin sirrini açıb.
Belə ki, “Gripen” təyyarələri heç də dünyada ən uzun, ən sürəli və ya ən ucuz qırıcılar deyil. Lakin onların bir özəlliyi var ki, həmin özəllik “Su” qırıcılarının qənimi ola bilər.
“Royal United Services İnstitute”dən hava döyüşləri üzrə ekspert Castin Bronk deyib ki, bütün müasir qırıcılar radioelektron müharibə aparır, “Gripen E” təyyarələrində isə daha bir üstünlük var. Bu, təyyarənin radiosiqnalları boğmaq imkanlarıdır.
Qeyd edək ki, bu günlərdə Rusiyanın Ermənistana 4++ nəsil Su-30SM qırıcıları satmaq üçün müqavilə imzaladığı açıqlanıb. Müqaviləyə əsasən 2020-ci ildə təyyarələrin birinci partiyası-4 qırıcı Ermənistana çatdırılacaq. Sonrakı mərhələdə daha 8 belə qırıcının çatdırılması planlaşdırılır.
Bu sövdələşmə ekspert çevrələrində müzakirə olunmaqdadır. Hesab edilir ki, Ermənistanın uzun illərdən bəri ilk dəfə yeni maşınlar əldə etməsi sayəsində bu ölkənin faktiki yox səviyyəsində olan hərbi hava qüvvələrini dirçəldəcək. Lakin ekspertlər onu da nəzərə alır ki, bir neçə Su-30SM qırıcısının hesabına Azərbaycanla hərbi tarazlığa nail olmaq mümkün deyil. Çünki Azərbaycanın sovet istehsalı olsa da sonradan modernizasiyadan keçmiş onlarla “Su” və “MiQ” qırıcıları, o cümlədən ən müasir hava hücumundan müdafiə sistemləri var.
Bununla belə məlumdur ki, Azərbaycan da çoxdandır müasir qırıcıların alınması üçün bəzi ölkələrlə danışıqlar aparır. O cümlədən Pakistandan JF-17 Thunder qırıcılarının alınması üzrə ilkin razılaşma var. Lakin bu da pis olmazdı ki, Azərbaycan “Gripen” qırıcılarını almaq üçün İsveçlə danışıqlara başlasın. Bu qırıcılar bahalı olsa da onları almağa dəyər. Hazırda Azərbaycan Qərb ölkələri ilə də uğurlu hərbi-texniki əməkdaşlıq qurmaqdadır. Bu baxımdan İsveçlə “Gripen” qırıcılarına dair danışıqlara başlamaq üçün siyasi maneə yoxdur.(virtualaz)
F.Məmmədov