Paşinyanın seçki təbliğatında “Axilles dabanı”:lider seçicilərə konkret proqramdan deyil, “köhnələrin” kriminal işlərindən danışır – Təhli
Sərkis Artsruni
yerkramas.org, 03.12.2018
“Mənim addımım” təbliğat blokunun seçkiqabağı təbliğatı Nikol Paşinyan üçün açıqca qəliz olan Sünik mərzində meridianı kəsib.
Yenixeber.org: Nikol Paşinyan oktyabrda Polis rəisinin keçmiş birinci müavini Unan Poqosyanı bu mərzi idarə etməyə göndərib və bu kadr təyinatı təkcə Sünikdə deyil, bütün respublikada anlaşılmaz qəbul edilib. Cəmiyyət inqilabi komanda ilə keçmiş sistem arasında bu sayaq güzəştlərə hələ hazır deyildi – bunun zəruriliyi nə qədər etiraf edilməsə də… çünki istənilən inqilabın ardınca barrikadaların sökülməsi mərhələsi gəlir. Unan Poqosyanın təyinatından bir neçə gün sonra Nikol Paşinyanın partiyadaşı Qafanda erkən mer seçkilərində məğlubiyyətə düçar oldu və ola bilsin, bu, inqilabsonrası Ermənistanda “Vətəndaş sazişi” partiyası təmsilçisinin seçkilərdə uduzduğu yeganə hadisədir.
Paşinyan Qafandakı seçkiləri bunca dəyərləndirib, neçə dəfə bu məsələyə üz tutub, başqa sözlə, baş nazir bu məsələdə daim özünə zidd gedir.
Paşinyan əvvəlcə Qafandakı seçkiləri inqilabi dəyərlərin kapitallaşdırılmasının bəlirtisi sayıb, sonra “Qafan sindromu”ndan danışaraq eyham vurub ki, bu, əks-inqilabın qələbəsiydi. Baş nazir Qafanda dünənki mitinqdə sanki özünün ilkin qiymətinə qayıdıb. Nikol Paşinyan deyib: “Qafanda baş tutmuş mer seçkilərində hakimiyyətin dəstəklədiyi namizəd məğlub olub və müstəqil namizəd qalib gəlib. Hökumət xalqın iradəsini itaətlə qəbul edib və bu bizdən ötrü qürur üçün əsasdır və inqilab da budur”.
Bu qiymət daha rasionaldır və baş nazir dünən öz fikrini inkişaf etdirib və çox yaxşı bəyanatla çıxış edib. O, qeyd edib ki, adamları keçmişdə olduğu kimi “Mənim addımım” blokunun mitinqlərinə daşımamalıdırlar, çünki onlar heç kimdən belə qulluğu qəbul edə bilmirlər.
Baş nazir vəzifəsini icra edən qeyd edib: “Biz adamların azadlığını heç bir şəkildə məhdudlaşdıra bilmərik və mən görürəm ki, adamlar qəlblərinin çağırışıyla gəlirlər – qələbəmizə dəstək verməyə. İradənizə və cəsarətinizə görə sizə təşəkkürlər.
Bizim hökumətə kimsədən qanunsuz xidmət gərək deyil, kimsə öz işini itirməmək xatirinə bizim xeyrimizə səs verməlidirsə, onda bu səs bizə lazım deyil, istənilən qanunsuzluqdan yayınmaqdan ötrü bu səs bizə lazım deyil. “Mənim addımım” bloku məcburi səsləri istəmir, bizə azad, ədalətli, məğrur və suveren vətəndaşın səsi lazımdır”.
Dərhal deyək ki, Nikol Paşinyanın səmimiliyi inama layiqdir, o biri yandan isə bütün komandasıyla birgə cəmiyyəti birləşdirməyi bacarmır. Onun təyin etdiyi qubernatorlar, yumşaq deyilsə, cəmiyyətin sayğısına malik deyilsə, onda adamları mitinqə gətirmək və yaxud yönəltmək üçün bəzən çox da tanış olmayan üsullara əl atmağa məcbur olurlar. Artıq məbutatda siqnallarla üzləşirik ki, Şirak, Lori, Qeharkunik, Kotay mərzlərində vilayət rəsmiləri inzibati resurslardan gizli istifadəyə əl atırlar. “Mənim addımım” blokunun buna ehtiyacı yoxdur, amma qubernatorların çoxu partiyadaxili, ya da komandadaxili rəqabətdədir. Nikol Paşinyanın özü cəmiyyətə proqramlar əvəzinə keçmiş sistemin təmsilçilərilə bağlı kriminal mənzərə təqdim edərək dövlət və seçki gündəliyini çox tez-tez birləşdirir. Bu, yumşaq deyilsə, hakim blok və ya baş nazirin cəmiyyəti inqilab idealları və yaxud gələcəyə tuşlanmış proqramlar ətrafında deyil, general Manvelə nifrət fonunda birləşdirməsi yaxşı siqnal deyil. Biz hesab edirik ki, Nikol Paşinyanın min bir problemi olan strateji önəmli Sünik mərzində “Yerkarp” könüllülər birliyinin keçmiş sədrinə məxsus saxta mülkiyyət sənədlərindən danışması yaraşmır. Bu, hər şeydən qabaq, doğrudan da, xəbər verir ki, hakim blok dövlət kanallarıyla alınan məlumatları zamanında siyasi məqsədlər üçün istifadə edir ki, bu da təkcə seçki prosesinə deyil, həm də konkret məsələyə kölgə salır, sonra isə inqilab komandasında rasional proqramın yoxluğunu üzə çıxardır. “Mənim addımım” blokunun seçkiqabağı kampaniyasındakı taktiki təzad da buradan meydana çıxır. İrəvandakı seçkilərdən fərqli olaraq indiki halda gündəliyi Nikol Paşinyandan çox onun dəyişən uğurla cavab verdiyi Ermənistan Respublika Partiyası daha çox diktə edir.
Ziddiyyəti də bu doğurur, çünki baş nazirin birinci müavini Tiqran Avinyan ERP-nin parlamentə keçməkdə heç bir şansa malik olmadığını deyirsə, onda, ola bilsin, Paşinyanın çıxışlarının böyük bir hissəsinin ERP-yə həsr edilməsi mənasızlığa çevrilir.
Qafanda yerli seçkilər məsələsində baş nazirin təzadlı mövqeyini də rasional proqramların yoxluğu doğurur və dünən bu şəhərdə Paşinyanın sözlərinin necə qəbul edildiyi və ya parlament seçkilərinin nəticəsinin necə olacağı aydın deyil. İstənilən halda, Qafan Paşinyanın “Axilles dabanı”na çevrilə bilər.
Tərcümə Strateq.az-ındır.