ABEL MƏHƏRRƏMOVUN BİZNES ORTAĞI HAQDA SENSASİON FAKTLAR -Nəbi Ramazanlı BDU-dan nə üçün istefa verməyə hazırlaşır...
Noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov istefaya göndərildikdən sonra BDU rəhbərliyində ciddi narahatçılıq başlayıb. Xüsusən də A.Məhərrəmova yaxın və onun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş şəxslər “sudan quru çıxmağın” yollarını axtarırlar. Bu səbəbdən həmin şəxslərin bəziləri könüllü olaraq istefaya getməklə, özlərini gələcək təhlükələrdən sığortalamağa çalışırlar. Mətbuatda bunlardan biri kimi, sabiq rektorun müşaviri İsmayıl Əliyevin adı çəklilir.
Yenixeber.org: Bu haqda informasiya verən mənbə deyir ki, BDU-nun Elmi işlər üzrə keçmiş prorektoru, hazırda rektorun müşaviri vəzifəsini daşıyan İsmayıl Əliyev ötən şənbə günü şəxsi əşyalarını yığaraq universiteti tərk edib. O, çıxarkən bildirib ki, həftənin birinci günü gəlib istefa ərizəsini yazacaq və bununla da BDU-dakı fəaliyyətinə son qoyacaq.
Sosial şəbəkələrdə A.Məhərrəmovun daha bir yaxın adamı - BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının da istefa verməyə hazırlaşdığı haqda informasiyalar var. Bu məlumat hələ rəsmi olaraq öz təsdiqini tapmasa da, əldə etdiyimiz informasiyaya görə, N.Ramazanlını A.Məhərrəmovla rektor-prorektor münasibətlərindən başqa, şəxsi biznes maraqları da birləşdirib. Daha doğrusu, Nəbi Ramazanlının Abel Məhərrəmovla biznes ortaqlığı olduğu bildirilir. Bu haqda informasiya verməzdən öncə, onun necə və hansı yollarla rektorun “sağ əli”nə çevrilməsinə aydınlıq gətirək.
Şübhəsiz, burada əsas faktorladan biri N.Ramazanlının rektor A.Məhərrəmovla eyni bölgədən – Qərbi Azərbaycandan olmasıdır. Qeyd edək ki, o, 06.02.1963-cü ildə Ermənistan Respublikasının Spitak (Hamamlı) rayonunun Qursalı kəndində anadan olub. 1980-1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (hazırda Memarlıq və İnşaat Universiteti) İnşaat fakültəsində təhsil alıb. 1988-89-cu illərdə AXC-nin aktiv üzvlərindən biri olub. Bu səbəbdən də 1989-cu ilin dekabrından 1992-ci ilin iyun ayına kimi Bakı Şəhər İcra Hakimiyyətinin Şəhərsalma və memarlıq abidələrinin bərpası üzrə “Bərpaçı” baş idarəsində iş icraçısı, sahə rəisi və 1992-ci ilin iyulundan 1993-cü ilin avqustuna qədər isə “Bərpaçı” baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Nəbi Ramazanli 1993-cü ilin sentyabrından 1997-ci ilin mayına kimi “Orxan-FK” kiçik müəssisəsinin və 1997-ci ilin mayından 2001-ci ilin avqustuna qədər “İnter-Elco” firmasının direktoru vəzifəsində, 2001-ci ilin iyulundan 2002-ci ilin oktyabr ayına kimi çoxsahəli “Yenilik” inşaat firmasında baş mühəndis vəzifəsində çalışıb. O, 2002-ci ilin oktyabrından BDU-da işə başlayıb. 2005-ci ilin aprelinədək universitetin baş mühəndisi, həmin vaxtdan isə BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır.
Qeyd etdiyimiz kimi, Nəbi Ramazanlının BDU-nun rektoru Abel Məhərrəmovla çox yaxın münasibətləri var. O, BDU-da çalışdığı illər ərzində bir yerli kimi rektorun inamını qazandığından, hazırda demək olar ki, A.Məhərrəmovun bütün biznes şəbəkəsinə, xüsusən də tikinti və təchizat işlərinə rəhbərlik edir. Bir sözlə, o, sabiq rektorun şərab istehsalından tutmuş, bütün biznes şəbəkəsinin hər detalına bələddir.
Redaksiyamıza mötəbər mənbələrdən verilən məlumata əsasən, Abel Məhərrəmovun rektor olduğu dönəmdə Nəbi Ramazanlı ildə bir neçə dəfə BDU tərəfindən Çin Xalq Respublikasına ezamiyyətə göndərilib. Məqsəd Çindən universitet və şəxsi biznesləri üçün ucuz qiymətə mal-material gətirmək və burada paralel olaraq satışını təşkil etmək olub.
Mənbə deyir ki, A.Məhərrəmovun dəstəyi sayəsində N.Ramazanlı özü üçün də geniş biznes imkanları yaradıb.
Məlumata əsasən, onun qardaşı Məhəmmədəli Ramazanov da BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri və Nanoaraşdırmalar Mərkəzinin faktiki rəhbəridir.
Yeri gəlmişkən, mətbuat yazır ki, noyabrın 15-də Abel Məhərrəmovun BDU-dan şəxsi əşyalarının daşınmasına da N.Ramazanlı rəhbərlik edib. Belə ki, bundan öncə onun göstəriş ilə universitetin əsas korpusunun birinci, ikinci və üçüncü mərtəbələrindəki bütün kameralar söndürülüb. Daha sonra A.Məhərrəmovun 18 illlik rektorluğu dönəmində aldığı hədiyyələri və digər şəxsi əşyaları öz otağından çıxarılıb.(Hurriyyet.org)
P.S. Abel Məhərrəmovun BDU-dakı ən yaxın adamlarından biri də maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışan Məzahir Sultanovdur. Onun sabiq rektorla bağlantısı haqda növbəti yazımızda ətraflı açıqlama verəcəyik.