Bu gün Bakıda yaşıllıqların ən çox rast gəlindiyi yer, sözsüz, uşaqların səsini eşitməyə doymadığımız parklardır.
Yenixeber.org: Asudə vaxtını ailəsi ilə birlikdə keçirməyi düşünən insanların çoxu məişət qayğılarından uzağa – bu parklara üz tutur, ağacların arasında özlərinə rahatlıq tapırlar. Amma parklar da insanların dağıdıcı təsirindən kənarda qalmır, elə onların özləri tərəfindin zibillənir, məhv edilirlər.
Belə parklardan biri də çox uzaqda yox, elə “Nəriman Nərimanov” metrostansiyasının yanında yerləşir. Bəli, söhbət bəzən dərsdən qaçan gənclərin bir araya yığışdığı, işə tələsən insanların təsadüfən yolunu saldığı Nərimanov parkından gedir. Günün müxtəlif saatlarında yeddisindən yetmişinə hər yaşdan insanı burada görmək olar. Günəbaxan tumunu çırtlayıb qabığını bir-birinə tüpürən dayılardan tutmuş, sevgilisi ilə xəlvəti yerə çəkilib öpüşən gənclərə kimi hamı buranı yaxşı tanıyır. Bəs, dincəlmək üçün insanların üz tutduğu parka diqqət nə yerdədir?
Mənasız yerə yanaşı qoyulan 3 fərqli zibil qutusunu görmək kifayət edir ki, vəziyyətdən az da olsa, agah olasan. Parkın ortasında yerləşən fəvvarənin axırıncı dəfə nə zaman işlədiyini unudan sakinlər, görünür, vəziyyətlə çoxdan barışıblar. Xüsusilə attraksionların baxımsız halı uşaqlar üçün təhlükə yaradır. Valideynlərin ağına-bozuna baxmadan öz uşaqlarına rəva gördüyü bu hal, düzü, məni çox narahat edir.
Gözlərimi yumub bundan səkkiz il əvvələ qədəmlərimi qoyuram. Zaman çarxı sürətlə fırlanıb yaddaşımda öz yerini tapır. Onda qanımın hələ qaynayan vaxtlarıdır, məktəbə az uşağın gəldiyini fürsət bilib “üç müşkütyor” dərsdən qaçırıq. Sonuncu dayanacağımız isə, bəli, bayaqdan haqqında ağızdolusu danışdığım Nərimanov parkı olur.
Havada uçuşan qartopuların fonunda səthi buz bağlamış fəvvarənin üstündə sürüşən uşaqlar diqqətimi çəkir. Eyni hadisəni bundan iki il əvvəl də müşahidə etdim. Düzü, uşaqlıq illərinə dönmək xoşuma gəlsə də, bir hadisə məni qəflət yuxusundan ayıltdı. Fəvvarənin üzərində sürüşən uşaqlardan biri buz örtüyünün qırılması ilə suya düşdü. Ətrafda gəzişən insanların köməyi ilə xilas olsa da, vəziyyətin acınacaqlı halı – parkın nəzarətsiz durumu məni bir daha düşünməyə sövq etdi. Çünki eyni hadisənin təkrarlanmayacağının sığortasını heç kim vermir.
Bir az aralıda ona yaxınlaşan iki oğlanla söhbət edən orta yaşlı qadın diqqətimi oğurlaya bildi. Danışdıqlarını eşidə bilməsəm də, 10-15 manat sözünü digərlərindən seçə bildim. Əvvəlcə qadına borcları olduğunu düşünsəm də, dilindən eşitdiyim söz məni yamanca çaşdırdı: “Yaxşı masaj edirəm, bəlkə gedək?” İrəliləyən dəqiqələrində söhbətin axarı yanılmadığıma məni əmin etdi. Özünü seks obyekti kimi əsasən gənc oğlanlara peşkəş çəkən qadın park haqqında düşüncələrimin qətiləşməsində mənə kömək etdi.
Bəli, Nəriman Nərimanov parkı öz sakinlərinə asudə vaxtlarının təşkili üçün “beldən aşağı” xidmətlər də göstərir!
Qoca-qoca kişilərin nərd oynamaq üçün skamyaları çəkib yanaşı qoymağı isə parkın görünüşünə ayrıca xələl gətirir. Bununla kifayətlənməyib səslərini başlarına atır, parka gəzməyə gələn sakinləri də narahat edirlər. Havadan bir beş qəpikdən uçuşan söyüşlərin isə analoqu yoxdur, onlara sadəcə burada rast gələ bilərsiniz. Əgər siz də belə söyüşlərdən birinə tuş gəlsəniz,
Qorxmayın, Nərimanov parkına xoş gəlmisiniz!
Nərimanov Rayon İcra Hakimiyyətinin diqqətindən kənarda qalan bu park, görünür, hələ çox bənzər hadisəyə şahid olacaq.
Saytımızın əməkdaşı həmin parkda olub, daha ətraflı fotolarda.(minvalinfo)
Fərid Özay // Fotolar müəllifindir