Qarabağda müharibə qaçılmazdır!-Rusiya hərbi dairələrinə bağlı mərkəz...
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağa görə yeni müharibə qaçılmazdır. Belə qənaətlə Rusiya hərbi dairələrinə bağlı strategiyaların və texnologiyaların analizi Mərkəzi özünün “Fırtınanı gözləyərkən: Cənub Qafqaz” başlıqlı hesabatında çıxış edib. Hesabat kitab şəklində nəşr olunacaq və onun xulasəsinə RBC agentliyi yer verir.
Yenixeber.org: Mərkəzin ekspertləri hesab edirlər ki, münaqişə bir neçə səbəbdən kəskinləşə bilər: Azərbaycanın hərbi-texniki üstünlüyü, neftin qiymətinin yenidən yüksəlməsi, demoqrafik disbalans, habelə Ermənistanın işğal etdiyi və Dağlıq Qarabağ ətrafında yerləşən rayonların ermənilərin lehinə hüquqi möhkəmləndirməsinin mümkün olmaması.
Hesabatda deyilir ki, 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonrakı 10 il ərzində Ermənistanın və onun dəstəklədiyi Qarabağ “respublikasının” qüvvələri ilə Azərbaycan qüvvələri arasında balans yaranmışdı. Bu, Amerikanın Azərbaycana silah təchizatına embarqo qoyması və Rusiyanın Ermənistanı silahlandırması sayəsində baş vermişdi.
Lakin 2000-ci illərin əvvəllərindən etibarən dönüş yarandı. Neftin qiymətlərinin kəskin yüksəlməsindən sonra Azərbaycan hərbi xərclərini durmadan artırdı. Əgər 2001-ci ildə Azərbaycanın hərbi büdcəsi cəmi 300 milyon dollar idisə, 2015-ci ildə hərbi xərclər 3 milyard dolları keçmişdi. “Military Balance” jurnalının bildirdiyinə görə, Azərbaycanda silah daşıyanların sayı ordu və digər birləşmələrlə birlikdə 250 mini keçib.
Ermənistan silahlı qüvvələri isə 2002-ci ildən bu yana 45 minə yaxın olaraq qalır, Dağlıq Qarabağdakı erməni birləşmələrində 20 minə yaxın canlı qüvvə var və onların yarısını Ermənistandan olan çağırışçılardır.
Hesabata əsasən, neft gəlirləri sayəsində Azərbaycan irimiqyaslı silahlanma həyata keçirib və keçirməkdədir. Ordunun ehtiyacları üçün böyük miqdarda müasir tanklar, zirehli döymüş maşınları, zenit-raket kompleksləri, vertolyotlar, tank əleyhinə raketlər, artilleriya sistemləri, gecə görmə cihazları, pilotsuz aparatlar və s. alınıb.
Bakının yeni imkanları 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı nümayiş olundu: toqquşmalar göstərdi ki, müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan ordusu gecə döyüş əməliyyatları aparmaqda üstünlüyə malikdir.
Mərkəz qeyd edir ki, Azərbaycanın güclənməsi Rusiyanın reaksiyasına səbəb oldu və 2013-cü ildən başlayaraq bu ölkə Ermənistana silah təchizatını artırdı. 200 milyon dollar güzəştli kredit hesabına Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemləri, “Solntsepyok” TOS-1A ağır odsaçanları, daşınan zenit-raket kompleksləri və digər silahlar verildi. Habelə 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan gecə görmə cihazları, pilotsuz aparatlar, optik-lazer nişangahlar və s. əldə etdi.
Lakin ekspertlər qeyd edirlər ki, Ermənistanla Azərbaycan arasında demoqrafik disbalans mövcuddur. Sovet dövründə Ermənistanın və Azərbaycanın əhalisi təxminən eyni templə artırdı. 1993-cü ildən sonra isə vəziyyət dəyişdi. Azərbaycan əhalisi fəal mühacirətə baxmayaraq, ildə 1-1.5 faiz artır. Ermənistan əhalisi isə sürətlə azalır. 1993-cü ildə Ermənistan əhalisi 3.6 milyon idisə, 2000-ci ildə bu rəqəm 3,37 milyona enmişdi, Azərbaycan əhalisi isə 7.4 milyondan 8 milyona qədər artmışdı. Sonrakı illərdə də bu disbalans artmaqda davam edib.
2016-cı ilə olan rəqəmlərə görə, Azərbaycanda orduya çağırış yaşında 800 min adam var, Ermənistanda isə bu cəmi 225 mindir. Əgər demoqrafik disbalans bu cür davam etsə, Ermənistan əhalisi 2030-cu ildə 3 milyon nəfərə qədər azalacaq, Azərbaycan əhalisi isə artıb 11 milyona çatacaq.
Mərkəzin ekspertləri bildirirlər ki, Bakı o cümlədən sürətli demoqrafik artımdan irəli gələn sosial problemlərlə qarşılaşır. Kəndlərdən gənclərin şəhərə axını və iş tapa bilməməsi ciddi daxili siyasi risklər yaradır. Ona görə də, Ermənistan tərəfdən istənilən zəiflik Bakı üçün Qarabağda yeni hərbi əməliyyatlara başlamaq üçün fürsət ola bilər. Və əgər hücum ildırım sürətli olarsa, Bakı qələbə əldə edə bilər.
“Dağlıq Qarabağın faktiki statusunun beynəlxalq leqallaşdırılması mümkün deyil, erməni tərəfi Azərbaycanla ölçüyəgəlməz iqtisadi və demoqrafik resurslar şəraitində permanent silahlanma yarışına qoşulub”, - ekspertlər bildirirlər.
Mərkəzin direktor müavini Konstantin Makiyenko deyir ki, hərbi əməliyyatların başlanmasının qarşısını alan əsas amil Rusiyadır. Çünki Rusiya diplomatiyası qiymətli paertnyoru ilə müttəfiqi arasında münasibətlərdə balansı saxlamaq kimi mürəkkəb vəzifəni həyata keçirir. Rusiya hazırda Suriya münaqişəsində iştirakçıdır, Donbasda hərbi əməliyyatların yenidən qızışması gözlənilir və belə bir vaxtda Rusiyaya üçüncü gərginlik ocağı lazım deyil. “Lakin bütün postsovet tarixi göstərir ki, Moskva Cənubi Qafqazın problemlərinə məhəl qoymamağı özünə rəva görə bilməz”, - Makiyenko deyir.(virtualaz)
F.Məmmədov