MİLYARDLIQ SİLAH BİZNESİ-İŞİD-in qoyub qaçdığı silah-sursatın izləri bu ölkələrə gedib çıxır
“Deutsche Welle”, (Almaniya)
İŞİD terror təşkilatı hərbi planda məğlubiyyətə uğradı. Suriya və İraqın ekstremistlərin nəzarətində olan əraziləri (təqribən 100 min kvadratkilometrlik sahə) tamamən azad olundu. İŞİD üzərində qələbə üçün 60 ölkənin təmsil olunduğu beynəlxalq antiterror koalisiyasına 3 ildən artıq vaxt lazım oldu. Savaşın ən ağır zərbələrini mülki əhali yaşadı. Raqqa – bir vaxtlar İŞİD-in paytaxt elan etdiyi şəhər dağıntılar altında qaldı. İraqın Mosul, Ramadi və Tikrit şəhərləri xarabalığa çevrildi.
Yenixeber.org: İŞİD terrorçularının adıçəkilən əraziləri bu qədər müddətə öz nəzarətləri altında saxlamaları heç də təsadüf deyildi. Bu, təkcə onların fanatizmi yox, həm də silah-sursatının gücünə mümkün olmuşdu. Bu silahların əhəmiyyətli hissəsi Avropa Birliyində, xüsusən də Şərqi Avropa ölkələrində istehsal edilib. Sonradan ABŞ və Səudiyyə Ərəbistanı üzərindən münaqişə bölgəsinə daxil olub.
Bu qənaətə Britaniyanın qeyri-hökumət təşkilatı "Conflict Armament Research"ün (CAR) hesabatından gəlmək olar. Qanunsuz silah dövriyyəsinin araşdırması ilə məşğul olan təşkilatın ekspertləri 2014-cü ilin iyulundan 2017-ci ilədək Suriya və İraqda işləyiblər.
Bolqarıstanın tank əleyhinə raketi…
İŞİD Suriya və İraqdan çəkiləndə döyüş bölgələrində özlərindən sonra silah-sursat qoyub. CAR-ın əməkdaşları həmin ərazilərdə araşdırma apararkən Kobani ilə Bağdad arasında 2 min silah və 40 mindən çox hərbi sursat aşkarlayıblar. Və onların harada istehsal olunduğunu, münaqişə bölgəsinə hansı marşrutla gəldiyini müəyyənləşdirməyə çalışıblar.
Hesabatın əsas müəllifi Demen Spliters xaricdə satılan silahların İŞİD-in arsenalına necə sürətlə daxil olmasından heyrətə gəldiyini deyir. Məsələn, Bolqarıstan istehsalı olan tank əleyhinə raket ABŞ-a 2015-ci ilin dekabrında çatdırılıb. Cəmi iki ay sonra – Ramadinin terrorçulardan təmizlənməsi zamanı bu raket İŞİD-in qoyub qaçdığı silahların arasında aşkarlanıb.
İŞİD-çilərin bu silahları necə əldə etdiyi (döyüş zonasından ələ keçirdiyi, rəqib qruplaşmalardan satın aldığı və s.) hələ ki qeyri-müəyyən qalır.
Tank əleyhinə raketin marşrutu qismən izlənilə bilər. Eyni zamanda Boqarıstan "Conflict Armament Research"ə bu raketin ABŞ-a satılması faktını təsdiqləyib. Tank əleyhinə raket ABŞ-ın "Kiesler Police Supply" şirkətinə satılıb. Qaydalara görə, ixrac lisenziyasında ABŞ Hərbi Hava Qüvvələrinin istifadəçi deklarasiyası əksini tapıb. Bu sənəd amerikalı hərbçilərin silahı üçüncü ölkəyə satmayacağının təminatıdır. Lakin göründüyü kimi, ABŞ sözünü tutmayıb və nəticədə bu silah Yaxın Şərqdə aşkarlanıb.
Demen Spliters hesab edir ki, bu, avropalı istehsalçıların əsas müştəriləri sayılan silah imperatorlarının – ABŞ və Səudiyyə Ərəbistanının Avropadan silah ixracını tənzimləyən əsas qaydalara əməl etmədiyinin təsdiqidir.
Açar bəndlərdən biri – Səudiyyə
"Amnesty International"ın əməkdaşı Patrik Uilken əmindir ki, nəqliyyat zəncirinin bütün halqaları bilirdilər ki, sənədlərə baxmayaraq, silahlar sonda Suriya və İraq ərazisinə gedəcək. Şərqi Avropada istehal olunan silahlar Səudiyyə Ərəbistanına gedir, oradan da Suriyada döyüşən qruplaşmaların əlinə keçirdi.
Suriyadakı savaşa qədər Ər-Riyad Şərqi Avropa ölkələrindən silah alışına xüsusi diqqət ayırmırdı. Səudiyyə rəhbərliyi əsasən Qərbi Avropa və ABŞ-dan silah almağa üstünlük verirdi.
CAR ekspertləri müəyyən ediblər ki, İŞİD-in arsenalındakı silahların əksəriyyəti Bolqarıstanda istehsal olunub, sonradan Səudiyyəyə satılıb. Bundan başqa, hələ 2016-cı ildə Korrupsiyanı və mütəşəkkil cinayətkarlığı araşdırma mərkəzi (OCCRP) və Araşdırmaçı jurnalistlərin Balkan birliyi (BİRN) bir tərəfdən Orta və Şərqi Avropanın səkkiz ölkəsi, o biri tərəfdən Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə arasında inkişaf edən silah biznesini ortaya qoyan birgə araşdırma aparıb.
Məlum olub ki, 1,2 milyon avroluq "Kalaşnikov" avtomatları, pulemyotlar, raket komleksləri Bəşər Əsədə qarşı vuruşan suriyalı yaraqlıların əlinə keçib, oradan da İŞİD terrorçularına.
Patrik Uilkenin sözlərinə görə, CAR-ın hesabatı bir daha ortaya qoydu ki, Şərqi Avropa ölkələri və ABŞ suriyalı yaraqlılara aktiv şəkildə silah ötürür. Və bunu Səudiyyə Ərəbistanı ərazisindən istifadə etməklə həyata keçirir: "Əgər silah regiona gəlib çıxıbsa, onun son olaraq kimin əlinə keçəcəyinə nəzarət etmək qeyri-mümkündür".
Demen Spliters də hesab edir ki, əgər üçüncü ölkə Suriya və İraq münaqişəsində iştirak edən qruplaşmalardan birinə silah ötürürsə, bu, son nəticədə İŞİD-in hərbi qüdrətini artırmağa xidmət edir.