SURİYADA HƏR OYUNÇU ÜÇÜN “QIRMIZI XƏTLƏR”:İsrail "F-16"-nın, türk helikopterinin və rus "MİQ"-inin vurulmasından doğan nəticələr
Kristian Çesno
“Əl-Ərəbiyyə”
Dəməşqin hava hücumundan müdafiə sistemlərinin vurduğu İsrailin “F-16”-sı, kürd peşmərgələrin (əslində, YPG-lilərin – tərc.) vurduğu iki türk helikopteri, İdlib üsyançılarının vurduğu Rusiya “MİQ”-i… Suriya səması orada fəaliyyət göstərən hər kəs üçün ciddi təhlükədir.
Yenixeber.org: Hər halda, bu son üç hadisə Suriya böhranının regional münaqişəyə çevrildiyini göstərir. Livandakı vətəndaş müharibəsi dövründə yaşananlara bənzər olaraq, bütün super və regional güclər iki qara qəpik xərc çəkmək və “piyadalar”ını qabağa verməklə, nəticədən öz paylarını almaq istəyir.
Buna baxmayaraq, qarşıdurma riskləri əhəmiyyətli dərəcədə artacaq, çünki bu artıq daxili böhran deyil, müxtəlif gündəm və dinamika ilə aparılan müharibədir.
“F-16”-nın itirilməsi İsrail üçün böyük dönüş nöqtəsidir. 2006-cı ildə Livanda “33 günlük müharibə” zamanı yəhudi dövləti zirehli nəqliyyat vasitələrində ağır itkilər verərək, ciddi çətinliklərlə üzləşdi. Hətta onun gəmilərindən biri “Hizbullah” raketi ilə zədələnmişdi.
Lakin o vaxt İsrail havada üstünlüyünü qorudu. Bu gün “F-16”-nın məhv edilməsi xəbərdarlıq atəşidir. Bundan sonra İsrail bombardımançıları Suriya səmasına girməzdən əvvəl daha çox ehtiyat tədbirləri görməli olacaq. Yəhudi dövlətinin səmaya mütləq nəzarəti qismən şübhə altındadır.
İsrail dövlətini qorxudan yalnız Bəşər Əsəd rejimi deyil, həm də “Hizbullah” və xüsusilə də İranın zərbə qüvvəsidir. Həqiqətən, Tehran ön cəbhə xəttini İsrailin darvazalarına gətirmək xəyalındadır.
Yəhudi dövləti Cənubi Suriyada və ya Cənubi Livanda təhlükə yarada biləcək şübhəli konvoy və ya qurğuları izləyir. Qısası, bu, İsraillə İran arasında Colan Təpələri və Aralıq dənizi arasında proksi qarşıdurmadır.
Bu çox amansız oyunda Rusiya hakim rolunu oynayacaq. Başqa sözlə, israillilərə güvən vermək və iranlıları təxribatdan yayındırmaq. Çünki əvvəl-axır Suriyanın hava sahəsinə nəzarət edən ruslardır. Ancaq atəşi alovlandırmağa ümumi maraq olmadığı halda, havada və ya yerdə baş verən digər hadisələrdən heç kim sığortalanmayıb.
Şimalda Suriya böhranı metastazlarını inkişaf etdirib. Türkiyə ilə kürdlər arasında yaşanan köhnə münaqişə bərpa olunub. Bunun baş verəcəyini güman edirdik, lakin Rəcəb Tayyip Ərdoğanın "Zeytun budağı" adlandırdığı əməliyyat uzun sürənə oxşamır.
Əksinə, bütün əlamətlər Türk ordusunun yerində sayması və həlledici qələbəni əldən buraxmasına işarə edir. Bir neçə gün ərzində iki helikopter itkisi Ankara generalları üçün yaxşı əlamət deyil. Türkiyə daha bir cəbhə açıb, zəfər istəyir, amma bu vəzifənin öhdəsindən çətinliklə gələcək.
Suriyada dominant hakimiyyətə malik Rusiyaya gəlincə, ehtimal ki, o bəzi məsələləri yenidən nəzərdən keçirəcək. Soçi Konfransının uğursuzluğu, “MİQ”-in itirilməsi və xüsusilə ölkənin şərqində “Suriya Demokratik Qüvvələri” (ərəb-kürd milisləri) ilə bilikdə Amerika varlığı Moskvanın böhrandan çıxış yolunu tapmaqdan ötrü hələ daha çox işlər görməli olduğuna sübutdur.
Ancaq Rusiyanın qüdrəti ondan ibarətdir ki, qarşıya bir məqsəd qoyduqda, işi səbirlə və əzmlə görür. Rusiya artıq oyunun mərkəzindədir və bu da məsuliyyət doğurur.
Önümüzdəki həftə və aylarda Vladimir Putinin Suriyada müxtəlif regional və yerli aktyorlara (Türkiyə, İsrail, İran, “Hizbullah”, kürdlər və Əsəd rejimi) “vahid siyasət” tətbiq etdiyini görəcəyik.
Səhnənin arxasında, kulisdə hər bir oyunçu üçün “qırmızı xətlər” çəkiləcək. Yəqin ki, bu səbəbdən də hər bir baş qəhrəman əlverişli tarazlığı yaratmaq üçün indidən əzələlərini göstərir. Amma risk bərbad nəticələr doğura bilər.