MTK sahiblərinin davası sakinləri çıxılmaz hala salıb. 6 ildir tikintisi başa çatmış binada heç bir kommunal xidmət işləmir. Onlarla ailə problemlər içində qalıb.
Yenixeber.org: Söhbət Yeni Günəşli V massivi “Badü-Küba” MTK-dan gedir. Bina sakinləri saytımıza şikayət məktubu ünvanlayaraq, başlarına gələnləri yazıblar.
Şikayət məktubunda qeyd edilib ki, onların şikayətləri nə ilkdir, nə də son… 2006-cı ildə bünövrəsi qoyulan “Badü-Küba” MTK-dan mənzil alan sakinlər, həmin gündən bəri problem yaşayırlar.
“Hamı kimi biz də ağ günə çıxıb, yeni tiklidə yaşayacaq və bu süründürməçilikdən qurtulacaqdıq. Lakin, hadisələr biz gözlədiyimiz kimi cərəyan etmədi. 2006-cı ildə bünövrəsi qoyulan bu bina, 2012-ci ildə yarımçıq da olsa tikintisini başa vurdular.
Bu dövrdə şərik adlandırılan iki bina sədri Qəmbərov Ədalət və Asif adlı şəxs arasında ədavət yarandı. Güllələdilər, güllələndilər….100 oyundan çıxdılar və bütün bunlarda dövlətin gözü qabağında oldu. Əziyyət çəkən də biz sakinlər idik. Bu mübarizədə kimin qalib gələcəyini gözləyirdik. Kim hansı sədrdən ev alıbsa, həmin sədr məğlub olsa evi batacaqdı” deyən sakinlər, iki sahibkarın davasına görə, əziyyət çəkdiklərini bildiriblər.
“2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…”
Sakinlər deyirlər ki, bu məsələ nağıla bənzəsə də, tamamı ilə həqiqətdir: “Bəli, bu bir nağıla, ya da kinoya bənzəyir, amma həqiqətdir. Uzun-uzadı davadan sonra bina bölündü və hər sədrə müəyyən qədər hissə düşdü. Kimlərinsə evi əlindən alındı, kimlərinsə evi bu biri sədr tərəfindən başqasına satıldı. Əziyyət çəkəndə biz qadınlar olduq. Körpə uşaqlarla küçələrdə, kirayələrdə… 2012-ci ildən yavaş-yavaş sakinlər heç biri şəraiti olan evlərinə köçməyə başladılar ki, evləri əllərindən alınmasın və ya başqasına satılmasın…
Həmən ildə binanın işığı, suyu, qazı, nə lifti, nə də qapısı varı idi. Sakinlər binanın təmiri üçün nəzərdə tutulmuş, nazik naqillə çəkilmiş, közərmiş işıqdan istifadə edirdilər ki, o da gah yüklənib alışıb yanırdı, gah da binanın uzun illər təmir dövründə yığılıb qalmış borcuna görə sönürdü. Kimisi körpə uşaq qucağında qohum evinə qaçırdı, kimisi isə uşağını bağrına basıb qızdırırdı”.
“Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”
Binadan ev alıb dərdə düşənlərin problemi bununla da bitmir. Onlar müasir binada yaşaya-yaşaya suyu maşınla alırlar: “Evdə su istifadə etmək üçün binanın qarajına iri (2-3 tonluq) çənlər qoyub su maşını ilə doldurur və nasos vasitəsi ilə yuxarı mərtəbəyə vurub istifadə edirdik. İşıq kabusumuz 3 il davam etdi. Bu 3 il ərzində MTK sakinləri dəfələrlə yerli kanallara, icra hakimiyyətinə, polisə müraciət eləsə də heç bir şikayətə baxılmadı. Əvəzində Qəmbərov Ədalətlə mübarizədə olan şəxslər polis tərəfindən tutuldu və cərimələndi”.
Hər şeydən bezən mənzil sahibləri özləri binaya işıq, su çəkdiriblər: “Əziyyət çəkən sakinlər bu işin düzəlməyəcəyini gördük və belə qərara gəldik ki, pul yığıb özümüz işıq çəkdirək. Elə də oldu. 50 sakin 330 (üç yüz otuz) manatdan yığaraq Suraxanı rayon işıq idarəsində işləyən Ruslan adlı şəxsə verdik. Min bir əziyyətlə, binanın kişiləri də fəhləlik edərək yol qazdılar və işığı binaya çəkdilər. 2015-ci il dekabr ayının 30-u hamının evində işıq yandı, amma rəsmi deyildi.
Rəsmi olmamasının səbəbi binanın texniki şərtinin olmamasına görədir. Bu səbəbdən 50 nəfərə 1 işıq sayğacı qoyuldu. Sonra hərə özünə bazardan bir sayğac aldı və eləcə kim nə qədər işlətdiyinə baxıb, o qədər məbləği ödəməyə başladı. Yenə hər dəfəsində müəyyən itkilər, borclar yarandı və bu üzdən işıqlar sönməyə başladı.
Amma ən azından artıq evimizdə 110-120 volt deyil, 190-200 volt işıq olurdu. Sonradan güc birlikdədir deyib su çəkmək üçün pul yığdıq və çəkdik. Bunu da qeyri-rəsmi etdik. Yəni 1 kubu adi vətəndaşlar üçün 0.50 AZN olan suya 2 AZN, 1 kvt 0.07 AZN olan işığa isə biz 0.10 AZN ödəyirik. Sədr Ədalət Qəmbərovdan səbəbini soruşanda isə “itki var” deyir. Suyumuz isə 2018-ci ilin yanvar ayında düzəldi. Yəni 6 ildən sonra qeyri-qanuni olsa da suyumuz oldu. Biz hələ binanın şəraiti haqqında danışmırıq.
Qaz isə…onun adını çəkmirik. Çünki nə olduğunu bilmirik. Açığı qiymətini də unutmuşuq. Biz qadınlar dəfələrlə yığılıb bu barədə dövlət orqanlarına müraciət etmişik. Lakin hər dəfəsində məktubumuz yarı yolda qalıb, ya da cırılıb atılıb. Açığı biz də bilmirik bu Ədalət və Asif kimin adamlarıdır. Niyə dövlətin bunlara gücü çatmır?”
“Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır”
MTK sədri özünü keçmiş MTN-in general-mayoru Akif Çovdarovun adamı kimi təqdim edirmiş:“Özünü elə təqdim edirdi. Amma nazirlik ləğv ediləndən sonra da bir şey dəyişmdəi. Sanki öz yalanı ilə bütün məmurları ələ alıb. Hər dəfə də sakinlər yığışıb etiraz bildirəndə isə “mən dövlətin öhdəliyin yerinə yetirirəm” deyir. Hər dəfə MTK-nı bir başqasının adına keçirir və məhkəmələrdən cinayətdən yayınır. İndi də heç bilmirik yaşadığımız bina kimin adınadır. Binanın vergi borcu kifayət qədərdir və hər dəfəsində rüşvət verərək bu borcdan yayınır.
Artıq bu müharibədən yorulmuşuq. Bakının mərkəzində nə normal işığımız, nə normal suyumuz, nə də qazımız var.. Bu süründürməçilikdir. Bu binada Azərbaycanın gələcəyində önəmli rol oynayan gənclər doğulur, böyüyür”.
Minval.İnfo-nun əldə etdiyi məlumata görə, iki sahibkar arasında dava uzun illərdir davam edir. Belə ki, torpaq və tikinti üstündə başlayan bu qalmaqalın tarixi 2005-ci ildən başlayır. “Arko” MMC-nin sahibi Asif Əsədullazadə bina tikintisi üçün qanuni icazə alsa da, bir müddət sonra tək bu işi başa vura bilməyəcəyini görüb “Badu Kubə” MTK ilə müqavilə bağlayır. Müqaviləyə görə, “Badu Kubə” MTK evi tikməli, bunun qarşılığında Asif Əsədullazadəyə həm 8.000 kvadrat metr mənzil, həm də qeyri-yaşayış yeri verməli imiş.
2007-2008-ci ilə qədər işlər yolunda gedərkən, Ədalət Qəmbərov adlı bir adam “Badu Kubə” MTK-ya sədr keçir və anlaşılmazlıq da buradan başlayır. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilir. Dünya malı münasibətləri o həddə gətirib ki, iş adamı Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə “Badi-Kubə” Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb.
Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Kooperativ rəhbəri vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Hazırda T.Əsədullazadə həbsdədir. Əldə etdiyimiz məlumata görə, Ədalət Qəmbərov da həbs edilib.
İnşa olunan binada 322 mənzili 500 yaxın vətəndaşa satan Ədalət Qəmbərov, Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında öz əməllərinin cəzasını çəkir. Onun Akif Çovdarovla iş birliyi qurması faktları barədə də araşdırılma aparılır.(Minval.İnfo)