Rusiyanın yeni Suriya planı:Əsəd bu planın tərkib hissəsi deyil – Təhlil
RF prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd Suriyada Xmeymim aviabazasının hərbçilərilə təmas zamanı
© RİA Novosti, Mixail Klementyev
Camal Sultan
Al Mesryoon (Misir), 14.12.2017
Yenixeber.org: Xəbər saytları, beynəlxalq agentliklər və sosial şəbəkələrdə ötən günlərin ən çox həyəcanlandıran və müzakirə olunan hadisələrindən biri Aralıq dənizinin sahilindəki Latakiyada Xmeymim aviabazasında Suriya prezidenti Bəşər Əsədin alçaldılması olub. Suriya prezidenti öz xalqına münasibətdə təkəbbürlü olsa da və onun azadlıq, ədalət və sayğı çağırışlarını cavablandırmaqdan imtina etsə də, keçən günlərdə dəfələrlə alçalıb. O həmçinin hakimiyyətin dinc yolla əvəzlənməsindən də imtina edib və əvəzində suriyalıların üzərinə tankları göndərib ki, bununla cəhənnəm qapılarını açsın və Suriyanı bütün dünyadan kaftarların məskunlaşdığı meşəyə döndərsin.
Putin Suriyaya səfər etmək qərarına gələrkən onun təyyarəsi paytaxta – Dəməşqə uçmayıb – amma bunu edə bilərdi – Aralıq dənizinin sahilindəki Rusiya hərbi bazasında yerə enməyi qət edib. Sonra Bəşər Əsədi Dəməşqdən çağırıb ki, təyyarəsi yerə enərkən onu salamlasın. Əsədin Latakiyada prezident sarayı var, lakin Putin ora getməyib, hərbi bazada görüşlə kifayətlənib. Rusiya təyyarəsi yerə enəndə Bəşər Əsəd özünü bu ərazi üzərində suverenlik sahibi olan əsil dövlət prezidenti kimi aparmayıb.
Putin əvvəlcə Rusiya ordusunun baş zabiti ilə salamlaşıb və söhbət edib, yalnız bundan sonra yenidən anasının qucağında görünən uşağı xatırladan Əsədin əlini sıxıb. Putin öz sərkərdələriylə əl tutuşaraq onlarla irəli gedib, bu zaman Bəşər Əsəd Putinin və zabitlərin dalınca ikinci xətt üzrə gedib. Bütün bunlar dövlətin təxmin edilən başçısı üçün son dərəcə həqarətli mənzərədir. Putin sonra Rusiya bayraqlı platformaya tələsib. Əsəd onun ardınca getmək istəyib, amma Rusiya zabitlərindən biri onun qolundan tutaraq Putinə yaxınlaşmağa imkan verməyib. Suriya prezidenti aşkar üzüyolalıq və təbəssümlə cavab verib və öz yerində qalıb.
Bu səhnələrin hamısı bizə Əsədin aqibətini şəkilləndirir – rusların buyurduğu fağır qulluqçunun nəsibini. Onlara tabe olur, onlar isə ona nifrət edirlər, lakin Əsəd onlara hər şeyi verir və öz hərbi bazasını bu başdan yüz illiyə onların istifadəsinə verib. O özünü ruslara satıb, lakin öz xalqının azadlıq çağırışlarını cavablandırmaqdan ötrü və hətta nümayişçilərin Suriyada ərəb baharının gedişində səsləndirdiyi tələblərə dair dinc danışıqlara qarşı son dərəcə təkəbbürlüdür. O bununla nasist lider Hitlerə aid edilən sözləri yalnız təsdiq edib. Ondan ən yazıq adamlar haqqında soruşarkən cavab verib ki, bunlar ölkələrini işğal etməkdə ona yardım göstərən adamlardır!
Eynilə müstəbidin xarici qüvvələrə öz xalqıyla qəddar davranmasına imkan verdiyi və öz mülkünü qorumaq və hakimiyyətdə qalmaq üçün xarici dövlətlər qarşısında ən pis güzəştlərə getdiyi kimi. Lakin onlar öz xalqlarına nisbətdə hətta ən cüzi güzəştə getməyə də qabil deyil və onlara məsxərə edirlər. Diktatorlar məhz bu səbəbdən başçılıq etdikləri ölkənin güvənliyi üçün ən böyük təhlükə təşkil edirlər. Onların zəifliyi və qaynağı xalq olan legitimliyi itirməsi xarici zorakılıq cəhdlərinə güzəştə getməyə vadar edir. Belə ki, öz xalqı tərəfindən devrilməkdən qorunmaq üçün nəyi istəsən təklif etməyə və satmağa hazırdırlar. Onlar çox gözəl bilirlər ki, bu halda onları nələr gözləyir. Onların repressiya, təqib, alçaltma və həbslər şəklində buraxdığı miras unuda bilmək üçün çox acıdır.
Cinayətkar və müstəbid Bəşər Əsəd öz xalqına münasibətdə çoxlu cinayətlər törədib: ümumilikdə yarısı qadın və uşaq olmaqla yarım milyona qədər suriyalı qətlə yetirilib, onlarla şəhər məhv edilib, səkkiz milyona yaxın suriyalı öz ölkəsindən qovulub və minlərlə adam həbsxanalarda işgəncələrə məruz qalıb.
Əsəd Suriyanı Rusiya və İrana satıb və bütün dünya bunları gördü. Bu, Amerikanın təsdiqinə və yaxud Rusiyanın təkzibinə ehtiyacı olmayan siyasi aksiomadır. Lakin Xmeymimdəki səhnə bizə göstərir ki, Rusiya öz görüşünə uyğun işləməyə başlayıb və Əsəd buna uyğun olaraq yeni Suriyanın tərkib hissəsi deyil və ölkənin başında müvəqqəti durur – Dəməşqdə durum tənzimlənənə və yetərincə uzun çəkən böhranın əhatəli tənzimi əldə edilənədək.