PUTİN 400 MİNLİK ŞƏXSİ ORDUSUNU GÜCLƏNDİRİR! –Bütün rəqiblərini izləyəcək…
Rusiya Federasiyası regionlarındakı subyektlərin rəhbərlərini və yerli biznes elitanı diqqətlə izləyən, onların müdafiəsini təşkil edəcək xüsusi mühafizə qrupları meydana çıxa bilər. Ukraynanın “Apostrof” nəşrinin məlumatına görə, Prezident Vladimir Putin baxılması üçün Dövlət Dumasına yeni qanun layihəsi göndərib. Bu qanun layihəsinə əsasən Milli Qvardiyaya qubernatorların və mühüm regional müəssisələrin qorunması səlahiyyəti verilməlidir.
Yenixeber.org: Kreml üçün bu cür addımın atılmasının hansı zərurətdən irəli gəlməsi Amerikanın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor”un materialında izah edilir. Rusiya subyektlərinin və biznes elitasının başçıları ənənəvi olaraq, öz mühafizələri üçün şəxsi cangüdənlərdən, yerli polisdən, Federal Təhlükəsizlik Xidmətindən və Daxili İşlər Nazirliyinin daxili qoşunlarından istifadə ediblər.
Lakin əgər bu qanun layihəsi qəbul olunarsa, onda Putinə birbaşa tabe olan onun şəxsi ordu liderlərin, müəssisələrin, biznes nümayəndələrinin mühafizə edilməsi və həmçinin də onların izlənməsi ilə məşğul olacaq. Bundan başqa, bu müdafiə üçün tələb edilən xərcləri regionlar öz yerli büdcələrindən ödəyəcəklər.
Yaxın zamanlarda baş vermiş siyasi və iqtisadi silkələnmələrdən sonra, Rusiya regional liderlərinin, biznes-sinfinin və təhlükəsizlik xidmətinin nümayəndələrinin prezidentə sədaqəti Putində şübhələr oyadıb. Federal hökumətin mürəkkəb vergi tələblərinə görə, əksər subyektlər borc içində boğulurlar, bir çox regional hökumətlər isə, demək olar ki, iflas həddinə çatıblar.
Borc problemləri üzündən Rusiya Federasiyası subyektlərinin əksər liderləri büdcə kodeksinin tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Kreml, buna cavab olaraq, vergiləri ödəmədiklərinə, pis iqtisadi göstəricilərinə və müxalifətin regional etirazlarına qarşı çıxmadıqlarına görə bir sıra qubernatorları istefaya göndərərək, onlardan yaxa qurtarıb. Regional rəhbərlərlə yaşanan xoşagəlməz hallarla yanaşı, iqtisadiyyatdakı durğunluq yüzlərlə problemli bankların bağlanmasına və ya onların milliləşməsinə gətirib çıxarıb.
Kremlin Milli Qvardiyanı regionların rəhbərləri üzərində nəzarətçi etmək istəyi, Putinin digər təhlükəsizlik xidmətlərinə etibar etməməsindən xəbər verir. Putin 2016-ci ildə Dövlət Qvardiyasını ölkənin nüfuzlu təhlükəsizlik güclərinə (əsasən də, FTX) qarşı tarazlıq yaratmaq məqsədiylə qurdu və yeni orqanın başına özünün keçmiş cangüdəni, inanılmış köməkçisi Viktor Zolotovu gətirdi. DİN-dən, xüsusi polis güclərindən və digər orqanlardan cəlb edilməklə qurulan Milli Qvardiyanın sayı 400 min nəfərdir.
Bu yaxınlarda Milli Qvardiya Moskvanın rəhbərliyi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının beynəlxalq təhlükəsizlik bloku çərçivəsində öz kiber kəşfiyyatından istifadə olunması təklifini irəli sürməklə, təsir dairəsini genişləndirməyə cəhd göstərib (Hal-hazırda KTMT-də altı ölkə – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan birləşir).
Təsir imkanlarının genişləndirlməsinə göstərilən bu cür səylər Rusiya xüsusi xidmət orqanlarına münasibətdə Putinin artan etibarsızlığının təzahürlərindən biridir. Çünki Rusiya təhlükəsizlik orqanları onun rejiminin potensial rəqibi sayılmaqla yanaşı, eyni zamanda da regionlarla Kreml arasındakı münaqişəni gücləndirə bilərlər.(azpolitika)
V.Nəsibov