UNESCO-nun YƏHUDİ DİREKTORU İSRAİLİ NİYƏ TƏMİN ETMİR?–Tel-Əvivin mövqeyi dəyişə bilər – TƏHLİL
Rina Bassist
"Jerusalem Post" (İsrail)
Fransanın sabiq mədəniyyət naziri Odri Azulay üçün ötən cümə günü UNESCO-nun baş direktoru seçilməsi sürətli siyasi yüksəlişinin daha bir mərhələsidir.
Yenixeber.org: Onun lehinə 30 ölkə səs verib, beləliklə, bolqar İrina Bokovanı əvəz etmək üçün Azulay əsas rəqibi – qətərli Həməd bin Əbdüləziz əl-Kəvərini (28 səs) qabaqlayıb.
Azulayın seçilməsi, şübhəsiz, həm rəsmi Parisi, həm də özünü təəccübləndirib. Ancaq seçki fransız diplomatiyasının gözlənilməz uğuru kimi təqdim edərkən, UNESCO-nun növbəti rəhbəri yeni problemlərlə qarşılaşıb.
Əslində, 2016-cı ildə mədəniyyət naziri təyin olunanda 45 yaşlı Azulay, Fransa ictimaiyyətinə nisbətən az tanış olsa da, mədəni mühitdə bir neçə yüksək vəzifə tutub.
Odri Azulay Parisdə, əslən Əs-Suveyradan olan yəhudi-mərakeşli ailəsində anadan olub.
Atası Andre Azulay həm Mərakeş kralı VI Məhəmməd, həm də əvvəlki kral, mərhum II Həsənin xüsusi məsləhətçisi olub. Anası Katya Brami – Fransanın mədəniyyət sahəsində məşhur bir şəxsdir.
Azulay atasının yolunu izləyərək Fransa elitasının beşiyi olan İctimai İdarəetmə Məktəbini (ENA) bitirib. O, həmçinin nüfuzlu Paris Politologiya İnstitutu (SciencePo), Dofin Universiteti və Lankaster Britaniya Universitetinin məzunudur.
Azulay maliyyə və bankçılıq sahəsində qısa karyeradan sonra Fransız Milli Kino Mərkəzinin maliyyə direktoru vəzifəsini tutub. Fransız film sənayesinə cəlb olunmuş və karyerası boyu bunu ehtirasına çevirən xanımın özü bir dəfə "Mənim ən peşəkar işim kinoda olub", – deyib.
2014-cü ildə prezident Fransua Olland onu Elize Sarayında mədəniyyət və kommunikasiya üzrə xüsusi məsləhətçi təyin edib.
2016-cı ildə prezident Olland hökuməti qismən dəyişib və mədəniyyət naziri Flör Pellerin yerinə Odri Azulayın namizədliyini irəli sürüb.
Azulay 2017-ci il may seçkilərinə qədər yalnız il yarım nazir kimi xidmət edib. Əməkdaşlarından biri onu "əməksevər, savadlı və becid düşünən" kimi səciyyələndirib.
Vəzifəsindən ayrılmazdan əvvəl Olland UNESCO-nun növbəti direktoru üçün Azulayın namizədliyini irəli sürüb. Prezident Makron, bir növ, baş vermiş faktla qarşılaşdığından bu təklifi qəbul edib və öz növbəsində, həmin istiqamətdə bir neçə addım daha atıb.
Bir çox cəhətdən Azulay Makronun yeni, iddialı siyasətinə uyğun gəlir. Azulay və Makron qloballaşma əleyhinə müstəqil Avropa yaradıcılığını müdafiə etməkdə qətiyyətlidirlər.
İsrail üçün Azulay hələ də tapmacadır. O, bir neçə dəfə antisemitizmin artmasına qarşı danışıb və yəhudi-Mərakeş irsindən çox qürur duyur.
2016-cı ildə İsrail və Fələstinə etdiyi səfərdə mədəniyyət naziri kimi baş nazir Manuel Valsa yoldaşlıq edib. O, Fransa-İsrail birgə mədəni tədbirlərində də iştirak edib. Digər tərəfdən, Azulay Fransanın sol qanad siyasətçiləri ilə təmasdadır və heç bir şəkildə Netanyahu hökumətini dəstəkləmir.
Bundan altı aydan sonra Azulay UNESCO-da İsrail əleyhinə iki qətnaməyə dair səsvermə keçirməlidir. Baş nazir Netanyahu Xarici İşlər Nazirliyinə (ABŞ-dan sonra) UNESCO-dan çıxmaq barədə göstəriş verib. Lakin UNESCO-nun rəhbəri Azulay olduqdan sonra rəsmi Tel-Əviv fikrini yenidən nəzərdən keçirə bilər.(strateq)