Lerik rayonunun Şivlə və Biləvər kəndlərinin sakinləri yenidən ölkə başçısına müraciət ünvanlayıbar.
Yenixeber.org xəbər verir ki, sakinlər prezidentə ünvanladıqları müraciətdə yenə də rayon İcra Hakimiyyətinin rəhbəriliyindən narazılıqlarını ifadə ediblər.
Onlar bildiriblər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Hazırda isə həmin 3 km-lik yolu sakinlər öz vəsaitləri hesabına təmir edirlər.
"Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. Ona görə də pul yığıb bu yola "qrabil" tökdük. İndi eşitmişik ki, İcra Hakimiyyəti bu yolu öz adına sənədləşdirmək istəyir. Ona görə də ölkə başına müraciət etmək qərarına gəldik ki, yolu İcra Hakimiyyəti yox, məhz biz sakinlər öz vəsaitimizlə təmir edirik".
Şivlə-Biləvər sakinləri deyirlər ki, İcra Hakimiyyəti onlara texnika verməkdən belə imtina edib: "4 min manat pulumuzu əlimizdən aldılar. Yolumuzun çəkilişini gecikdirdilər, sonra da rəd cavabı verdilər".
Sakinlər pulu icra başçısının birinci müavini, Yeni Azərbaycan Partiyasının sədri Cəlil Baxşıyevin onlardan aldığını deyiblər: "Cəlil Baxşıyev 4000 (dörd min manat) pulu bizdən aldı ki, yolu biz çəkəcəyik. Dedi ki, başçı tapşırıb, narahat olmayın, həll edərik. Pul bir ay rayon İcra Hakimiyyətində qaldı. Vəziyyətin gərginləşdiyini, bizim şikayət edəcəyimizi görüb pulu geri qaytardılar. İndi də Prezidentə müraciət etməkdə məqsədimiz odur ki, icra hakimiyyəti yalan məlumat yayır. Demək istəyirik ki, cənab prezident, yolu onlar deyil, biz çəkmişik".
Şivlə və Biləvər kəndlərindən verilən məlumata görə, rayon İcra Hakimiyyəti məlumatları ictimailəşdirənlərin axtarışına çıxıb və sakinlərə təzyiqlər edilir. Belə ki, İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri kəndlərə gedərək bu məlumatları kimlərin mediaya ötürdüyünü, prezidentə edilən müraciətlərin təşkilatçılarını sorğulayırlar.
Sakinlər deyiblər ki, təzyiqlər davamlı olsa, həmin şəxslərin adlarını da açıqlayacaqlar: "Onsuz da prezidentə bu barədə müraciət yazmışıq. Bundan sonra da müraciət edəcəyik. Amma indi müraciət etməkdə məqsədimiz məhz yolun çəkilişi ilə bağlıdır ki, icra hakimiyyəti bu işi öz uğuru kimi təqdim etməyə, sənədləşdirməyə cəhd etməsin".
Qeyd edək ki, Lerikin Şivlə və Biləvər kəndlərinin sakinlər bir müddət öncə də ölkə başçısına müraciət etmişdilər. Onlar bildirmişdilər ki, kəndlərinə gedən 3 km-lik yol bərbad gündə olduqğundan sakinlər pul yığıb müvqqəti də olsa, təmir etməyə çalışıblar. Amma icra başçısının müavini Cəlil Baxşıyev yığdıqları 4000 (dörd min manat) pulu onlaran alıb ki, yolu İcra Hakimiyyəti çəkəcək. Sonda isə yolun təmir edilməsindən imtina edilib.
Sakinlərin şikayəti ilə bağlı Lerik rayon icra başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov da açıqlama verib. O sakinlərin iddiasını qəbul etməyib və rayon rəhbərliyinin sakinlərdən pul aldıqlarından xəbərsiz olduğunu, buna inanmadığını, sakinlərin qaldırdığı problemin isə yaxın zamanlarda həll ediləcəyinə ümid etdiyini deyib.