“Azəravtoyol”dan təhdid və təhqir dolu “cavab”: "bəd niyyətli və çirkin simalı"
Direktor müavininin bunca təhqirlərə imza atmasına ad vermək çox zor
Xeberinfo.com: Bu birinci deyil, yəqin ki, sonuncu da olmayacaq: əksər dövlət görəvliləri mətbu təhqiri özlərinin vəzifə borcu bilir. Təəssüf ki, hələ də bu yoldaşlar ya mətbuatla işləməyi bacarmırlar, ya da bunu heç arzulamırlar da. Nə isə...
Sayqılı oxucularımıza da bəlli olduğu kimi, biz xeberinfo.com-da Xaçmaz rayonunun yol infrastrukturu ilə bağlı yazı dərc etmişik. Yazıda bu istiqamətdəki problemləri, rayon sakinlərinin müraciətlərini ictimailəşdirməyə çalışmışdıq. Yazı hazırlanarkən tərəf olaraq həm Xaçmaz rayon 5 Saylı Yol İstismar İdarəsi ilə, həm də “Azəravtoyol” ASC ilə əlaqə yaratmağa çalışmışdıq. Yol İdarəsindən cavab almağımız bir yana, hələ bir “başımıza ağıl da qoydular”. “Azəravtoyol” ASC-dən isə sonradan elektron poçtumuza cavab gəldi və biz də məlum qayda və prinsiplərə uyğun olaraq bu cavaba yer verdik.
Onu da qeyd edim ki, “Azəravtoyol”la bağlı son yazılarımızdan biri də “Azəravtoyol”la bağlı daha bir şikayət: 6 aylıq maaşımızı ala bilmirik” idi. Bu yazı da hazırlanarkən “Azəravtoyol” ASC-nin mətbuat xidməti ilə əlaqə yaratmış və onların da mövqeyinə yer vermişik.
Bütün bunları xatırlamağım təsadüf deil. Redaksiyamızın elektron poçtuna“Azəravtoyol”un direktor müaviniS Ş. İsmayılovun imzasıyla “cavab” gəlib. Əski sovet təfəkkürü ilə yazılmış “cavab”da təhqirin biri bir qara qəpik olub. Sən demə “soğan yemiş” bizlər bəd niyyətli və çirkin simalı imişik. Və s.
Kifayət qədər təhqir dolu bu “cavab”ın hansı səbəbdən və hansı mənbədən peyda olması anlaşılmazdır. Biz ki, yuxarıda sadaladığım kimi, bütün prinsiplərə əməl etmişik. Nəinki sizə qarşı, ümumiyyətlə heç zaman, heç bir tərəfə qarşı qərəzli olmamışıq. Elə isə bu nə? Biz nə vaxtsa sizin cavab haqqınızı tanımamışıqmı?
Bu “cavab”ınızı da olduğu kimi veririk. Heç bir şərhsiz və əlavəsiz: qoy sayqılı oxucularımız özləri bu “cavab”ı da, onu yazanın səviyyəsini də qiymətləndirsinlər.
***
Xəbərinfo. com,
“Yeni Xəbər” qəzetinin Veb saytına
Son zamanlar bir sıra idarə, təşkilat, müəssisə və cəmiyyətlərə, onların rəhbərlərinə qarşı sanki səlib yürüşünə başlayıblarmış kimi haqlı-haqsız, yerli-yersiz iddialarla hücuma keçən bir sıra mətbuat orqanları, xüsusən də onların “veb sayt”larının nümayəndəlri heç bir əndazəyə sığmayan iftira və yalanları ilə çıxış edərək ölkədə yerinə yetirilən vüsətli geniş qurucuq işlərinin üzərinə qara bir kölgə salmaq niyyətindədirlər.
Bu mənada “Yeni Xəbər “ qəzetinin Veb saytının Xəbərinfo.com –da yayımladığı “Xaçmazın yol gözləyən yolları: Saleh Məmmədovun bunları bilməsi vacibdir” və “Xaçmaz 5 saylı Yol İstismar İdarəsinin rəisi nə danışdığını özü də bilmədi” başlıqları altında yazıları oxuyanda belə qənaətə gəlmək olar ki, paytaxtımız Bakı şəhərində, onun periferiyalarında həmçinin də republikamızın rayonlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası və yaxından köməyi ilə onun komandasının həyata keçirdiyi tədbirlər, yüksək vüsət və keyfiyyətlə görülən abadılıq və quruculuq işləri bir çox bədxah insanların kefinə əmməlli-başlı “soğan doğrayır” .
Məhz, bunun nəticəsidir ki, onların “gözləri” respublikamızda əmin-amanlığa, inkişafa, daha da böyük tərəqqiyə nail olmaq üçün bu gün həyata keçirilən möhtəşəm işləri görmür və “götürmür”.
“Azəravtoyol” ASC-nin Xaçmaz rayonunda yerləşən “ 4 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti idarənin direktoru İskəndər Sədri oğlu Hacıyevin rəhbərliyi ilə fəaliyyət göstərdiyi bütün dövrlərdə mövcud daxili imkanlardan və baş idarə tərəfindən edilən köməkliklərdən maksimum dərəcədə yararlanan bir yol istismar strukturu kimi qarşısına qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır.
Son illərdə, xüsusən də “Azəravtoyol” ASC-də həyata keçirilən ciddi kadr islahatları , xüsusən də avtomobil yolları və yol qurğularının tikintisi, istismarı və saxlanması üzrə dərin biliyə və çox böyük təcrübəyə malik bir mütəxəssisisin –cənab Saleh Məmmədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “ Azəravtoyol” ASC-nin sədri vəzifəsinə təyin edilməsi ölkəmizdə avtomobil yolları və yol qurğuları üzrə görülən tikinti- quraşdırma və abadılıq işlərinə məxsusi sürət və ahəng verdi.
İdarənin direktoru İskəndər Sədri oğlu Hacıyevin rəhbərliyi ilə “4 N-li Yol İstismar” MMC-nin əməksevər kollektivi ötən dövr ərzində Xaçmaz, Quba və Qusar rayonları ərazilərində avtomobil yollarının tikintisi, təmiri və bu sahələrin bir sıra küçə və meydanlarının abadılaşdırması işləri ilə məşğul olmuşdur.
Ötən illər ərzində məhz “4 N-li Yol İstismar” MMC-nin gərgin və məqsədyönlü fəaliyyəti və “Azəravtoyol” ASC-nin rəhbərliyinin diqqəti, qayğısı və təxirəsalınmaz əməli köməyi nəticəsində Xaçmaz rayonunda avtomobil yollarının və yol qurğularının tikintisi üzrə bir sıra çox böyük layihələr gerçəkləşmiş və hazırda da bu işlər davam etdirilir.
Hər bir müraciətimizə, xahişimizə çox böyük həssaslıqla yanaşan “Azəravtoyol” ASC-nin rəhbərliyi, xüsusən də “Azəravtoyol” ASC-nin sədri cənab Saleh Məmmədovun ümumən şimal bölgəsinə və xüsusən də biz Xaçmazlılara olan xüsusi qayğısının nəticəsidir ki, 2 (iki) km uzunluğunda R-4 (16 km) –Ağyazı avtomobil yolu (0÷2 km), 3 km uzunluğunda Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun bir hissəsi ( 28÷30-cu kilometr sahəsi) yalnız daxili imkanların hesabına tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hazırda uzunluğu 20 kilometr olan Xudat- Yalama -Zuxuloba (0÷20 km sahəsində); uzunluğu 19 kilometr olan Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi (30÷49 km sahəsində) və uzunluğu 8 km olan Quba-Xaçmaz (15÷22 km sahəsində) avtomobil yollarında və bu yolların əsaslı təmiri üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.
Ötən dövr ərzində Xaçmaz rayonu ərazisində dövlət xətti ilə avtomobil yollarının və yol qurğularının tikintisi və əsaslı təmiri üzrə aşağıdakı işlər həyata keçirilmişdir:
1. Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 14- cü kilometrində Vəlvələçay üzərində 128 pm uzunluğunda qoşa 2 (iki ədəd) körpü tikilmişdir.
2. Gəndab-Xaçmaz-Xudat-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun (0÷27 km sahəsi) 27 km uzunluğunda yol örtüyü əsaslı təmir olunmuşdur.
3. R-1 (28 km)- Qımıl-Mollaburhan a/yolunun (0÷10 km sahəsində) 10 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
4. R-1 (40 km)- Yeni Həyat a/yolunun (0÷10 km sahəsində) 10 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
5. R-1 (40 km)- Qusarçay-Dədəli-Baraxum a/yolunun (0÷15 km sahəsində) 15 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
6. R-1 (73 km Nabran)- Tel a/yolunun (0÷6 km sahəsində) 6 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
7. R-1 (88 km, Yalama)- Xanoba a/yolunun (0÷4 km sahəsində) 4 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
8. R-4 (16 km)- Ağyazı a/yolunun (0÷2 km sahəsində) 2 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
9. R-1 (39 km )- Palçıqoba a/yolunun (0÷1 km sahəsində) 1 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
10. R-1 (36 km)- Uzunoba-Tikanoba a/yolunun (7,5÷8 km sahəsində) 1,5 km uzunluğunda yol örtüyü asfalt-beton qarışığı ilə tikilmişdir.
11. Qudyalçay körpüsünün qəza vəziyyətini aradan qaldırmaq üçün bu çayın yatağında 71 m uzunluğunda xüsusi mühəndisi qurğu- barraj tikilmişdir.
Beləliklə, son bir neçə ildə Xaçmaz rayonu ərazisində dövlət xətti ilə 2 ədəd dəmir/beton körpü, 1 ədəd qoruyucu mühəndisi qurğu-barraj, 76,5 km uzunluğunda asfalt/beton örtüklü avtomobil yolu yüksək keyfiyyətlə tikilərək əhalinin istifadəsinə verilmişdir. Hal-hazırda isə ümumi istifadədə olan üç avtomobil yolunda (adları yuxarıda qeyd olunmuşdur) cəmi 47 km uzunluğunda yol ortüyünün asfalt/beton qarışığı ilə tikilməsi işləri davam etdirilməkdədir.
Görülmüş və görülməsi hal-hazırda davam etdirilən bu işlərdə “ 4 N-li Yİ” MMC kollektivinin və onun rəhbərinin dəyərli zəhməti və payı vardır.
Bütün bunları görməzdən gələrək ağıllarına gələn və mənəviyyatlarına uyğun yalanlarla, mənfur niyyətlərlə əlinə qələm alan və bu üsulla öz əyinlərinə biçilmiş eybəcər paltarları zorla başqalarına geyindirməyə çalışan hər kəs bilməlidir ki, yalan ayaq tutar, amma yeriməz.
Mahiyyət etibarı ilə başdan-ayağa yalan, şər və böhtandan ibarət bu yazını qələmə alan müəllifin bəd niyyəti və çirkin siması yazdığı bu yazıdan çox aydın görünməkdədir və bunun heç bir sübuta ehtiyacı yoxdur.
“ 4 N-li Yİ” MMC-nin direktorunun dediklərini doğru anlamayan yazı müəllifinə isə deyirik ki, İskəndər müəllimin dediyi o cümlədə Sizə ünvanlanan bir el məsəli vardır: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Təəssüflər olsun ki, Siz bunu qəti anlamamısınız.
Belə yazı müəllifləri unudurlar ki, respublikamızı bütünlüklə əhatə edən bu son dərəcə sürətli və vüsətli quruculuq işləri xeyirxah qəlblərə,parlaq zəkalara,halal və zəhmətkeş əllərə məxsus insanların günəş kimi işıqlı, günəş kimi gözəl niyyət və əməllərinin məhsuludur və heç bir kölgə onun həyatverici və ilhamverici ziyasının qarşısını kəsə bilməz!
Direktor müavini: S Ş. İsmayılov