İcra nümayəndəsindən kütləvi narazılıq: YENİLƏNİB
Hösanda torpaqlar qnunsuz satılır, icra nümayəndəsi kanalizasiya quyularından da pul qazanır
Xeberinfo.com: Paytaxtın Hövsan qəsəbəsinin icra nümayəndəliyindən kütləvi narazılıq var. Narazılıqlar geniş miqyaslı olsa da hədəf birdir: qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev.
Qəsəbə sakinlərinin xeberinfo.com-a bildirdiklərinə görə Suraxanı rayon icra hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev əsl vəzifəsini “unudub” torpaq alveri ilə məşğuldur. Baxmayaraq ki, qəsəbənin problemləri saysızdır, icra nümayəndəsi öz aləmindədir. Onun vətəndaşlara məxsus sənədli-sübutlu torpaqları qanunsuz olaraq başqalarına satması artıq adi hal alıb. Belə “qurbanlar”ın sayı nə birdir, nə də iki. Rəhimova Nurxanım Firidun qızı da Ağasəlim Əliyevin hədəfinə tuş gələnlərdəndir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq ÇIXARIŞın olmasına baxmayaraq vətəndaş ona məxsus 0.03 ha torpağına sahib dura bilmir. Səbəb isə Ağasəlim Əliyevin bu torpağı “özününküləşdirməsidir”. Uzaqgörən icra nümayəndəsi artıq Rəhimova Nurxanıma məxsus torpaq sahəsində tikinti işlərini tamamlayıbda.
Məlumata görə oxşar problemlə qarşılaşan digər qəsəbə sakini-Əzizov İsrail Əlisultan oğlu uzun çəkən şikayət məktublarından sonra problemini həll edə bilib. Bu dəfə Ağasəlim Əliyevin vətəndaşa fərdi ev tikintisində yatadığı problemdən söhbət gedir. Hövsanda qanunu sənədin olsa da belə, ev tikmək üçün Ağasəlim Əliyevin “bığının altından keçmək” vacibdir. Əks halda ev tikmək arzun ürəyində qala bilər. Bu da artıq ənənədir.
İcra nümayəndəsi kanalizasiyadan da pul qazanır
Suraxanı rayon icra hakimiyyəti başçısının Hövsan ərazi vahidliyi üzrə nümayəndəsi Ağasəlim Əliyevlə bağlı digər məlumat isə kanalizasiya məsələsi ilə bağlıdır. Elə bilməyin ki, hörmətli icra nümayəndəsi qəsəbənin kanalizasiya problemini həll etməyə çalışır. Əksinə, mövcud kanalizasiya problemindən pul qazanır.
Məlumata görə qəsəbənin bağlar deyilən ərazisində kanalizasiya xətti olmadığından həyətlərdə quyular qazılır. Çirkab suların axıdıldığı bu quyular vaxtaşırı olaraq müvafiq maşınlarla çəkilir. Qiyməti də 25 manata. Məlumata görə vətəndaşların qiymətlə bağlı narazılıqlarına isə maşın sahiblərinin bir cavabı olur: “Ağasəlim Əliyev bizdən aylıq alır-150 manat. Ona görə də biz qiyməti sala bilmərik”.
İnamaq çətindir ki, Suraxanı rayon icra hakimiyyətinin başçısı cənab İlqar Abbasovun bütün bunlardan xəbəri olsun. Bunca biabırçılığıa, dövlət məmuruna yaraşmayan əməllərə icra başçısının laqeyid qalması mümkün deyil.
Təəssüf ki, dövlət başçısının irili-xırdalı məmurlarla bağlı tövsiyələrini, iradlarını qəbul etmək istəməyənlər hələ də var olmaqdadır.
Biz yazını hazırlayarkən Ağasəlim Əliyevlə də əlaqə saxladıq. Təəssüf ki, bu məlumatlarla bağlı lazımı cavabı ala bilmədik.
***
Yazı sayta qoyulandan sonra baş redaktorumuzla telefon danışığında hörmətli Ağasəlim Əliyev yazıya mövqe bildirmək bir yana, təhdidə keçdi: “Mən sizi məhkəməyə verəcəyəm”.
Olsun, məhkəməyə müraciət etmək hər bir vətəndaş kimi, Ağasəlim müəllimin də hüququdur. Amma, yaxşı olardı ki, hörmətli icra nümayəndəsi kiçik çinli də olsa dövlət məmuru kimi mətbuatla işləməyə üstünlük verərdi. Mənasız hədə-qorxuların hansısa arzuladığı nəticəni verəcəyinə ümüd etməzdi. Bizim mətbu orqan olaraq heç kimlə, o cümlədən də Ağasəlim Əliyevlə heç bir qərəzimiz, problemimiz yoxdur və ola da bilməz.
Biz hələ əldə etdiyimiz məlumatların kiçik bir qismindən yazmışıq. Hövsan sakinlərinin redaksiyamıza ünvanladıqları məlumatlarla bağlı lazımı araşdırmalar aparıb, qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq.
Aydın