Əbülfəs Qarayevin mədəni niyyətdən uzaq kadrı: Lerikdə
Bu rayonda Mədəniyyət və Turizm Şöbəsinin varlığı ilə yoxluğu bilinmir
Xeberinfo.com: Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin və şöbə müdiri Aqil Şucayevin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlarda Lerikin demək olar ki, bütün kəndlərində mədəniyyət sarayları və kitabxanaların, mədəni tədbirlərin sadəcə kağız üzərində olmasından, “ölü canlar”ın kütləviləşməsindən və s. bəhs olunur. Bundan əlavə müxtəlif mədəni obyektlərin təmiri, bərk və yumşaq invertarlarla təmini adı ilə dövlət vəsaitinin mənimsənilməsi kimi məlumatlar da var. Lerikdən xeberinfo.com-a daxil olan məlumatda bütün bu “besperedel”in Aqil Şucayevin özfəaliyyəti olmadığı da deyilir. Müxtəlif adlı MMC-lərin müəyyən vəzifəli şəxslərə bağlılığı bildirilir.
Aqil Şucayevə gəldikdə isə bu şəxsin dayısı-deputat Hüseynbala Mirələmova güvəndiyi bəllidir. Başqa cür ola da bilməz: elə “besperedel” yalnız belə bir “krışa”nın sayəsində mümkündür. Məhz bu səbəbdən də Aqil Şucayev Lerikdə böyük turizm potensialının olduğunu “unudub”, zamanını “öz işləri”nə xərcləyir.
Hələ bir müddət öncə də Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsində yaşananlar və şöbə müdiri Aqil Şucayevin özbaşınalıqları ilə bağlı əməkdaşların şikayətləri mətbuatda da dərc olunmuşdur.
“Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aqil Sucayev işçiləri kütləvi şəkildə işdən azad edib. Məlumata görə, Aqil Sucayev Mədəniyyət və turizm şöbəsində çalışan işçilərə ərizə yazdıraraq onları iki ay müddətində işdən çıxarıb. Sucayev bildirib ki, şöbənin müvafiq qurumlarında işləyən şəxslər sentyabr ayında yenidən işə götürüləcək. İşdən çıxarılanlar mədəniyyət idarələrində, klublarda, turizm şöbələrində, kitabxanalarda və s. çalışanlardır.
Şikayətçilər bildirir ki, bu qanunsuzluğa etiraz edənlərə Sucayev tapşırığın nazir tərəfindən verildiyini deyib: “Bizi işdən çıxarmaqla iki ay alacağımız məzuniyyət pulunu böüşdürmək istəyirlər. Bu işdə Aqil Sucayev rayonun icra başçısı Rövşən Bağırov və başçının birinci müavini Cəlil Baxşıyevlə əlbirdir.
Amma Aqil müəllim tapşırığın nazir tərəfindən verildiyini deyir. Bu hadisə rayonda ilk dəfədir ki, baş verir. Biz müvafiq qurumlara, nazirliyə, Prezident Administrasiyasına müraciət edəcəyik. Məsələ ondadır ki, biz şikayət edəcəyimizi dedikdə Aqil Sucayev və İcra Hakimiyyəti tərəfindən təzyiqlə üzləşirik.
İcra Hakimiyyətinə etdiyimiz şikayətlərə qətiyyən baxmırlar. Bizi hədələyirlər, deyirlər ki, hara istəyirsiniz şikayət edin. İcra başçısının köməkçisi Zamiq Əhədov deyir ki, hara şikayət edəcəksiniz, mətbuat da dostumuzdur. Cəlil Baxşıyev ümumiyyətlə Leriki talan eləməklə məşğuldur. Rövşən Bağırovun isə icra başçısı olub-olmadığı bəlli deyil”.
Şikayətçilər hesab edirlər ki, nazirlik və şəxsən nazir Əbülfəs Qarayev bu məsələni nəzarətinə götürüb araşdıracaq: “Ümid edirik ki, cənab nazir bu məsələni araşdırıb səsimizə səs verəcək. 100 manat maaş alırıq, onunla dolana bilmirik. Artıq indi onu da əlimizdən alırlar. Kim zəmanət verir ki, bizi iki aydan sonra yenidən işə bərpa edəcəklər? Yəqin ki, iki aydan sonra çağırıb deyəcəklər ki, gətirin pul verin sizi işə götürək”.
Müraciətdə bildirilir ki, şöbə müdiri Aqil Sucayev bu ilin yanvar ayında onlarla klubu və mədəniyyət idarəsini bağlayıb, 50-dən çox işçini ixtisar edib: “Bizdən əvvəl də belə elədilər. Bir neçə klubu və mədəniyyət idarəsini bağladılar. 60 nəfərə yaxın işçini ixtisar elədilər. Kitabxanalar bağlandı, idarələr klub səviyyəsinə endirldi. Xeyli ştat ləğv olundu.
Sonra ixtisara düşən şəxslərdən 1000 AZN istədilər ki, işə bərpa etsinlər. 100 manat maaş alan şəxs 1000 manat necə verə bilər? Deməli, o, 1 il işləməlidir ki, Aqil Sucayevə verdiyi pulu ödəsin. Hazırda rayonda anarxiya və məmur özbaşınalığı baş alıb gedir. Xahiş edirik ki, bizə yardım edin, qoy səsimizə səs verən tapılsın”.
Bu faktları nahaq xatırlamadıq, xeberinfo.com-a daxil olan məlumata görə əməkdaşların bu problemləri nəinki həll olunmayıb, əksinə şikayətləri onlara baha başa gəlib...
Biz yazının əvvəlində qeyd etdiyimiz məlumatlarla bağlı hörmətli Aqil Şucayevi də dinləmək istədik. Təəssüf ki, alınmadı: üç gün öncə telefon əlaqəsində “sonra əlaqə saxlayarsınız” dedi. Sonrakı telefon zənglərimiz isə cavabsız qaldı.
Mövzunun davamı olacaq.
Aydın