Başçı ilə maliyyə rəisinin müdhiş əməliyyatı - Lerikdə
Lerik rayonu Maliyyə İdarəsinin rəisi Elman Abbasovun öz fəaliyyətində yol verdiyi bir sıra qanun pozuntularına, o cümlədən heç bir maddi texniki bazaya malik olmayan müxtəlif şirkətlərlə törədilən maliyyə maxinasiyalarına dair açıqlamalar təqdim olunur.
Xeberinfo.com: Mənbələrin iddialarına görə, əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar.
Bir tərəfdən, bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlmək mümkündür.
Digər tərəfdən isə, yerli mənbələr Elman Abbasovun müəyyən saxta, yəni əslində heç bir maddi-texniki bazası olmayan şirkətlərlə iş birliyinə girərək müxtəlif maliyyə maxinasiyaları törətdiyini iddia edirlər. Həmçinin açıqlamalarda vurğulanır ki, bu maxinasiyaların reallaşmasında Lerik Rayon Təhsil Şöbəsinin və rayonun Mədəniyyət və Turizm İdarəsinin iştirakı da müstəsna əhəmiyyət kəsb edir.
Bu xüsusda məlumatlarda bildirilir ki, Lerik RTŞ-nin müdiri Balaşirin Nəsirov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, guya ki, təhsil şöbəsinə mebel və başqa avadanlıqlar alınması adı ilə hər il külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsini həyata keçirir.
Bundan başqa bəzi kənd məktəblərində istilik sisteminin odun yandırılan dəmir sobalarla təmin olunması da Balaşirin Nəsirov və Elman Abbasov üçün ayrıca bir gəlir mənbəyidir. Belə ki, şöbə müdiri hər il guya ki, həmin sobaların yeniləri ilə əvəz olunması adı ilə də külli-miqdarda vəsaitlərin ayrılmasına və mənimsənilməsinə nail olur. Həmçinin məlumatda qeyd olunur ki, bu işdə bəzi məktəb direktorları da Balaşirin Nəsirovla əlbir olurlar.
Bundan başqa, məlumatlarda Lerik rayonu Mədəniyyət və Turizm İdarəsinin müdiri Adil Sucayevin də fəaliyyətində yer almış ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır. Məlum olduğu kimi, Adil Sucayev Lerik rayonundan Milli Məclisin deputatı Hüseynbala Mirələmovun bacısı oğludur.
Mənbələrin deməyinə görə, Adil Sucayevin hazırda tutduğu vəzifəyə də təyinatı məhz millət vəkilinin səyləri nəticəsində baş tutub. Halbuki, bu məmurun nə ali təhsili var, nə də bitirdiyi Politexnik texnikumunda aldığı mühəndis ixtisası tutduğu vəzifəyə uyğun deyil.
Amma bütün bunlara baxmayaraq, Adil Sucayev artıq uzun illərdir ki, Lerik RİH-nin başçısı Rövşən Bağırovun qardaşı Fərhad Bağırovla və Maliyyə İdarəsinin rəisi Elman Abbasovla əl-ələ verərək, rayonda mədəniyyət və turizm sahələrinin inkişafına ayrılan dövlət vəsaitlərini talamaqla məşğuldur.
Belə ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Fərhad Bağırov, Adil Sucayev və Elman Abbasov tərəfindən mənimsənilir.
Xatırlayırsınızsa bir müddət əvvəl də qəzetimizin səhifələrində Fərhad Bağırovun bu yönümdə fəaliyyətindən bəhs edən materiallar dərc olunmuşdu. Həmin yazılarda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materiallarda qeyd olunmuşdu ki, Lerik rayon Mədəniyyət evinin, musiqi məktəbinin və bir çox digər obyektlərin təmir işlərində çeşidli maxinasiyalara yol verilib.
Həmin vaxt təkcə rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə, 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. Bütün bu məbləğlər isə, aydındır ki, bilavasitə Elman Abbasovun nəzarəti altında “dövriyyəyə buraxılır”...
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.