ZELENSKİYƏ AĞIR KORRUPSİYA ZƏRBƏSİ –Ukraynada yaşanan böyük korrupsiya qalmaqalı Prezidentin karyerasını bitirə bilər

Yenixeber.org: Son günlər Ukraynada yaşanan böyük korrupsiya qalmaqalı Rusiya işğalı ilə üz-üzə qalan bu ölkənin gələcək taleyinə olduqca mənfi, hətta fəlakətli təsir göstərə bilər. Ağırlaşdırıcı hal odur ki, Ukrayna hakimiyyətinin ən yaxın tarixində ən böyük rezonans doğuran bu hadisədə Prezident Volodimir Zelenskiyə olduqca yaxın şəxslərin adı keçir.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün yaradılmış xüsusi müstəqil qurum olan Ukrayna Milli Antikorrupsiya Bürosu(NABU) 10 noyabrda “Enerqoatom”-da, eləcə də strateji enerji sektoru müəssisələrində genişmiqyaslı korrupsiya sxemini aşkar edən “Midas” əməliyyatının son mərhələyə qədəm qoyduğunu elan edib. Əməliyyat bir il yarım davam edib və NABU əməkdaşları cinayətkarları ifşa edən min saatdan çox əməliyyat səs yazısı toplayıblar. Son günlər isə xarici valyuta dolu çantaları aşkar edən axtarışların görüntüləri yayımlanıb. Daha sonra NABU öz “YouTube” kanalında cinayətkar qrupun fəaliyyətini əks etdirən bir sıra epizodlar yayımlayıb. Yəni, ortada təkzibolunmaz faktlar var.

Bütün bu korrupsiya mexanizminin mərkəzində Volodimir Zelenskinin hələ prezidentliyindən əvvəl, “Kvartal 95” layihəsindən biznes ortağı olmuş iş adamı Timur Mindiç dayanır. Daha pisi də odur ki, həmin bu şəxs NABU əməliyyatının başlamasından cəmi bir neçə saat əvvəl Ukraynanı tərk edə bilib və sözsüz ki, onun üçün bu şəraitin hakimiyyətin yuxarı eşalonları tərəfindən yaradıldığına dair ciddi və haqlı şübhələr var.
Timur Mindiç, Energetika naziri German Qaluşşenko, onun müşaviri İqor Mironyuk və ”Enerqoatom”-un Təhlükəsizlik direktoru Dmitri Basov da daxil olmaqla bir qrup şəxs müqavilə işlərini yerinə yetirən şirkətlərdən rüşvət, yəni, bizim ölkə üçün də yad olmayan “otkat” toplama sistemi təşkil ediblər. Bu yolla milyonlarla dollar məbləğində əldə edilən gəlir sonradan Ukrayna təhlükəsizlik orqanlarına rüşvət vermək, xaricə köçürmək və xüsusilə İsveçrədə bahalı daşınmaz əmlak almaq üçün istifadə edilib. Bu qrup hətta kadr təyinatlarına və qərarlarına əhəmiyyətli təsir göstərə bilib. Məsələn, German Qaluşşenko yaxın adamı Svetlana Qrinçuku Energetika naziri vəzifəsinə təyin etdirib, özü isə Ədliyyə naziri vəzifəsinə keçməyi bacarıb.
Cinayətkar sxemdən gəlir əldə edənlər arasında Baş nazirin keçmiş müavini Aleksey Çernışov da var. Ukrayna cəmiyyətində ən çox qəzəb yaradan məqamlardan biri isə odur ki, oğurlanan pullardan Ukraynanın keçmiş millət vəkili, “Enerqoatom”-un keçmiş başçısı, sonradan Rusiya FTX-sının agenti və vətən xaini olduğu üzə çıxan, hazırda Rusiyada yaşayan, hətta Rusiya Federasiyasının senatoru olan Andrey Derkaça da pay çatıb. Belə ki, dinləmələr göstərir ki, oğurlanan vəsaitlərin bir hissəsi Moskvaya köçürülüb və bütün bunlar müharibə gedə-gedə baş verib…
Ölkənin regionları bombardmanlar səbəbindən bir gün işıq, bir gün qaz, bir gün sudan əziyyət çəkərkən, belə çıxır ki, bu adamlar xalqın yaşadığı fəlakətdən mənfəət güdərək, yüz milyonlarla məbləğdə oğurluq edir, varlanırlar. Bu da azmış kimi, oğurlanan vəsaitlərin bir hissəsi Ukraynaya bu fəlakəti yaşadan Rusiyaya köçürülüb.
Məsələ ondadır ki, bu korrupsiya qalmaqalı beynəlxalq tərəfdaşların Ukrayanaya dəstəyinə də ciddi təsir göstərə bilər. Bu, olduqca pis perspektivlərə yol açır. Çünki korrupsiya birbaşa Prezidentə ən yaxın adamlara qədər gedib çıxır.
Həmçinin, bu qalmaqal ordudakı vəziyyətə, deməli, həm də cəbhəyə olduqca mənfi təsir göstərə bilər.
Əslində, qanunvericiliyə görə, Ukraynada Prezident təhlükəsizlik, müdafiə və xarici siyasətə cavabdehdir. İqtisadi məsələlər birbaşa hökumətin işidir. Lakin bir yandan müharibə vəziyyəti, digər yandan bütün postsovet məkanında olduğu kimi, siyasi mentalitet və münasibətlər sistemi, həmçinin parlamentin tamamilə ölkə başçısının nəzarətində olması Ukraynada da Prezidenti hakimiyyətin bütün qolları üzərində fövqəl fiqura çevirib. Nəticədə bu gün Ukraynada yaşanan korrupsiya qalmaqalının ən böyük zərbəsi də haqlı olaraq Prezidentə dəyir. Prezident kimi o, dövlət idarəçiliyində nələrin baş verdiyini bilməyə borcludur. Cəmiyyət hesab edir ki, bu böyük korrupsiya sxemindən Zelenskinin xəbəri olmayıbsa, çox pis, bu sxemdə və cinayətdə iştirakı olubsa, daha çox pis! Yəni, bu vəziyyətdən ölkə başçısının uduşlu çıxmaq variantı yoxdur!
Artıq əksər müşahidəçilər hesab edirlər ki, bundan sonra nə zamansa prezident seçkisi keçirilsə, Zelenski həmin seçkilərə qatılacağı təqdirdə qələbə barədə heç düşünməsə yaxşıdır. Lakin indi əsas məsələ nə Zelenskinin, nə də başqa birisinin siyasi karyerası deyil, Ukraynanın bir dövlət kimi varlığının, dövlətçiliyinin qorunub saxlanmasıdır. Odur ki, ağır qış ərəfəsində və cəbhədəki ağır vəziyyət fonunda Ukraynanın dövlət və cəmiyyət olaraq bu biabırçı korrupsiya qalmaqalını nə dərəcədə ağrısız, fəsadsız aşa bilməsi və mövcud Zelenski hakimiyyətinin bu prosesə nə dərəcədə təmkinlə və hüquqi baxımdan şəffaf yanaşması ölkənin gələcəyi üçün olduqca önəmlidir. Əks halda, Ukraynanı daha ağır günlər gözləyir.
Xalqın böyük ümidlərlə və xəyalpərəstliklə hakimiyyətə gətirdiyi Zelenski isə tarixdə müharibənin ən ağır günlərində böyük cəsarət göstərən, döyüşkən, xalqına təmənnasız xidmət edən liderdən daha çox, Ukraynanı ən ağır günlərində belə korrupsiya bataqlığna batırmış növbəti ölkə başçısı kimi qala bilər…(Azpolitika)
Cəlal Məmmədli










AZ
RU