Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Volskidən Volkova qədər: bizi Qarabağa kim buraxmır? -Bölgədə separatçılığı və cinayətləri dəstəkləyən bir mərkəz var...

Yenixeber.org: Azərbaycan ictimaiyyəti 34 ildən sonra yenə ekoloji terrora, təbii sərvətlərinin talan olunmasına etiraz edir. 10 gündür, azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində, Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Ancaq sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və başqa ölkələrin şirkətləri, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərinin rəhbərləri 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan Respublikası ərazisindən qanunsuz olaraq dəfələrlə keçərək, mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və başqa yaşayış məntəqələrində Azərbaycan qanunları ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmadan müəssisələr yaradıb, təbii sərvətləri və faydalı qazıntıları istismar etmişlər.

İki ildir, torpaqlarımız işğaldan azad edilib. Həmin ərazilərdə dövlətimizin suveren hüquqları da bərpa olunmalıdır. Ancaq yenə maneələr ortaya çıxıb. Görünən başlıca maneə isə Rusiya sülhməramlı qüvvələridir. Sülh yaratmaq missiyasından çox uzaq olan bu qüvvələrin komandanı general-mayor Andrey Volkov o bir vaxtlar Moskvanın Qarabağda yaratdığı Xüsusi İdarəetmə Komitəsinin sədri Arkadi Volskini xatırladır…

1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” ilə əlaqədar olaraq və baş verənlərin qarşısını almaq adı altında bölgədə vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxladı. Eyni zamanda, vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman imzalandı. Həmin fərmanla DQMV-də birbaşa Moskvaya, keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti və idarəetmə orqanlarına tabe olan Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Ancaq Azərbaycan Respublikası bu vilayəti 1991-ci il noyabrın 26-da, MDB yaranmazdan öncə ləğv edib. Arkadi Volskinin başçılıq etdiyi komitə regionu tamamilə erməniləşdirmiş, onların separatçılıq fəaliyyətinə təkan vermiş, daha mütəşəkkil hala gətirmişdi. Volskinin və regiondakı Rusiyanın 366-cı motoatıcı alayının fəaliyyəti nəticəsində ermənilər Xocalı, Ağdaban və Azərbaycanın başqa ərazilərində terrorlar, soyqırımlar törədib.

İndi isə bölgədə sülhməramlı adı altında Volkovun başçılıq etdiyi hərbi qüvvələr fəaliyyət göstərir. 2020-ci ilin 10 noyabrında, 44 günlük müharibənin yekunu kimi imzalanmış Üçtərəfli Bəyanatın 3-cü bəndinə əsasən, razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə bölgəyə sülhməramlı qüvvə yerləşdirilib. Ancaq onlar mahiyyəti və mandatı üzrə fəaliyyətlə məşğul olmurlar. 

Sonuncu belə fakt Rusiyada milyarder kimi tanınan erməni iş adamı Ruben Vardanyanın Azərbaycan torpağında peyda olması və özünü qondarma qurumun “dövlət naziri” elan etməsi oldu. Rusiyadan ezam olunan bu “iş adamı” Azərbaycan torpaqlarında sülhməramlıların himayədarlığı ilə açıq-aşkar quldurluqla məşğuldur. Əvvəllər ermənilər torpaqları avropalı “iş adamları”nın əli ilə çapıb talayırdılarsa, indi onları vardanyanlar əvəzləyib. Onun burada cinayət törətməsinə isə Andrey Volkov və onun tabe olduğu mərkəz şərait yaradır. 

Bu və bunun kimi xeyli faktlar Azərbaycan ictimaiyyəti nümayəndələrinin keçirdiyi etiraz aksiyasında səsləndirilənlər tələblərin bütün baxımlardan haqlı olduğunu göstərir.

Azərbaycan ictimaiyyəti Qarabağ iqtisadi rayonunda aşağıdakı məsələlər aydınlıq gətirilməsini istəyir:

– sülhməramlıların fəaliyyətinin şəffaflığı təmin olunsun;

– Azərbaycana heç bir aidiyyəti olmayan Vardanyan regiondan çıxarılsın;

– sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidəki təbii sərvətlərin talan olunmasına son qoyulsun;

– həmin regiona Azərbaycan vətəndaşlarının sərbəst şəkildə daxil olması təmin edilsin;

– qanunsuz erməni silahlı dəstələri tərksilah edilsin;

– Ermənistan hərbçiləri regiondan çıxarılsın;

– Azərbaycan Konstitusiyası regionda bərpa olunsun;

– sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərə, qaçqınların öz dədə-baba yurdlarına daxil olmasına şərait yaradılsın;

– regiondakı terrorçular Azərbaycana təhvil verilsin;

– İrandan regiona göndərilən 27 terrorçu ilə bağlı məsələyə aydınlıq gətirilsin;

– bölgədə pasport yoxlaması aparılsın;

– sülhməramlıların və buradakı hərbi texnikanın dəqiq sayı açıqlansın;

– regiona Azərbaycan ictimaiyyətinin nəzarəti təmin edilsin;

– ərazidə Azərbaycan dövlət orqanlarının fəaliyyəti tam şəkildə bərpa edilsin və s.

Bu tələblər Üçtərəfli Bəyanata və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannaməyə tam uyğundur və rahatlıqla həyata keçirilə bilər.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin keçirdiyi görüşlərdə də oxşar məsələlər vurğulanıb. O, qeyd edib ki, kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək.

Bir sıra dövlətlər yolun Azərbaycan ictimaiyyəti tərəfindən bağlandığını iddia edirlər. Hikmət Hacıyev belə iddialar irəli sürənlərə cavab olaraq bildirib ki, Laçın yolu Rusiya sülhməramlı kontingent tərəfindən bağlanıb. Yeri gəlmişkən, yolun bağlanmasının Azərbaycanla Ermənistan arasında sülhə mane olduğu yönündə açıqlama verənlər vardanyaların Azərbaycan ərazisində qanunsuz fəaliyyətindən danışmırlar. Onlar heç bir sənəddə təsbit olunmayan qanunsuz erməni silahlı dəstələrindən də bəhs etmirlər. Lap keçmiş münaqişə dönəmindəki yanaşmaya oxşayır. Minsk qrupunun həmsədrləri regiona qanunsuz köçürülənləri, Azərbaycanın təbii sərvətlərinin talan olunmasını, habelə mülki obyektlərin, mədəni, tarixi və dini abidələrin ermənilər tərəfindən dağıdılmasını görməzdən gəlirdilər… 

Şuşa yolunda keçirilən etiraz aksiyası iki ölkə arasında vasitəçilik etmək istəyən bəzi dövlətlərin hadisələrə qeyri-obyektiv münasibət bəslədiyini bir daha təsdiqlədi. O da sübut olundu ki, regiondakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlıca maneə elə son hadisələrə qərəzli münasibət bildirən dövlətlərdir.

Beləliklə, Volskini Volkov əvəz etsə də, 34 il sonra belə onların erməniləri dəstəkləməsində, həyata keçirdikləri planın mahiyyətində dəyişiklik yoxdur. Bu, Rusiya imperiyasının Azərbaycana yönəlik siyasətində heç vaxt dəyişiklik olmadığını da təsdiqləyir – nə Çar Rusiyası zamanında, nə SSRİ dövründə, nə də indi…

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam