Neftin maya dəyəri neçəyə başa gəlir?
Neftin dünya bazarlarında qiymətləri iyun ayının üçüncü ongünlüyündən enməkdədir. Artıq Brent markalı neft London birjasında 50 dollardan bir qədər baha satılır. Bu, 6 il əvvəl neftin satış qiymətlərinə bərabər bir dəyərdir. Son 6 ayda neft 56% ucuzlaşıb. Ancaq belə görünür ki, neft ucuzlaşmaqda hələ davam edə bilər və neft çəlləyinin “qaranlıq dibi” görünmür ki, görünmür. Bəs neftin belə ucuzlaşması fonunda Azərbaycanda hasil edilən “qara qızılın” maya dəyəri onun rentabelli istehsalına imkan verirmi?
"Xeberinfo.com": Məlumata görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban açıqlamasında deyib.
İlham Şabanın sözlərinə görə, Azərbaycanda 2 böyük hasilatçı var: BP-Azərbaycan və SOCAR:
“Azərbaycanın ixracatının 86%-ni neft təşkil edir, ancaq onun təqribən 82%-i “BP-Azərbaycan” şirkətinin payına düşür. Bu baxımdan da geniş auditoriyanı hədəf kimi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil edilən neftin dünya bazarlarına çıxarılması maraqlandırır. AÇG-dən hasil edilən neftin Ceyhan limanına gətirilmə xərcləri ümumilikdə hər barel üçün 12-12,5 dollar təşkil edir. Əgər alıcıya çatdırılma müqavilələri üzrə yerinə yetirilirsə, onda xərclər 15 dollar və məsafədən asılı olaraq bir qədər artıq olur. Ona görə də bu baxımdan neftin qiymətinin hətta 20 dollara düşməsi belə Azərbaycanın əsas neft ixracatçısının ziyanla işləməsinə gətirib çıxara bilməz, ancaq bir məsələ də var ki, bu zaman ortada mənfəət də olmur: qazanılan vəsait demək olar ki, xərclərin ödənilməsinə və bir sıra zəruri kapital qoyuluşlarına sərf edilir”.
O ki, qaldı Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi neftin maya dəyərinə, İlham Şaban bildirdi ki, SOCAR-ın sonuncu hesabatında 1 ton neftin maya dəyərinin 98 manat olduğu göstərilib. 2013-cü ilin yekunlarına görə 1 ton neftin istehsal maya dәyәri 98,31 manat tәşkil etmiş vә 2012-ci ilin müvafiq dövrü ilә müqayisәdә 10,84 manat vә ya 12,4% artmışdır. Faktiki olaraq son 3 ildə SOCAR-da neftin maya dəyəri hər il orta hesabla 11-12% ətrafında artıb:
“SOCAR neftinin maya dəyərinin artmasının obyektiv səbəbləri var: əvvəla şirkətin yataqlarının böyük əksəriyyəti “qoca” yataqlardır, onlardan hasil edilən neft ildən ilə daha çox vəsait tələb edir. İkincisi, son 2 ildə SOCAR hasilatın stabilləşdirilməsi yönümündə proqram tərtib etmiş və dənizdəki iri yataqlarında 200-dək quyunun qazılması yönümündə işlərə başlamışdır. Bu artıq bəhrəsini ötən ilin göstəricilərində verdi. “Azneft” hasilatın yüksəlməsi yönümündə real nəticələrə nail oldu. Quyuların qazılması isə dəniz şəraitində əlavə xərcdir ki, neftin maya dəyərinə təsir edir. Baxmayaraq ki, şirkət 2 ildir ştat cədvəlində xeyli azalmaya nail olub. Bu hesabla 2014-cü ildə də həmin rəqəmi götürsək, onda 2015-ci ilin əvvəlinə Dövlət Neft Şirkətinin çıxardığı 1 ton neftin maya dəyəri 110,10 manat və ya 1 bareli üçün təqribən 19,5 dollardır. Ancaq SOCAR öz neftini dünya bazarlarına Bakı-Novorossiysk kəməri ilə çıxarır. Bakıdan Novorossiyskə qədər tranzit xərci və tankerlərə doldurma əməliyyat xərclərini də nəzərə almaq lazımdır. Bir faktı da qeyd edək ki, SOCAR artıq uzun müddətdir ki, portlarda neft satmır, özü istifadəçilərə tankerlərlə xammalı çatdırır. Belə olan halda təqribən bütün xərclər 1 barel üçün 25 dollara başa gəlir. Burada bir faktı nəzərdən qaçırmaq lazım deyil ki, Novorossiyskdən satılan neft (Urals) adətən Brent markalı neftdən bəzən 1 dollardan da uçuz olur”.