"Ölkədə monopoliya və inhisarçılıq baş alıb gedir" -"İqtisadiyyatımızda fəsadlar baş verir"
Deputat İlham Əliyev: “Gedib Prezident Administrasiyasından yapışmaq lazımdır”
Xeberinfo.com: Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin hələ də qəbul edilməməsinə sərt reaksiyalar verilib.
Modern.az-ın xəbərinə görə, deputat Vahid Əhmədov bildirib ki, 10 ildir qanunu qəbul edə bilmirlər:
“Bu qanun Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Üçüncü oxunuşda geri qaytardılar. Prezident “Strateji Yol xəritəsini” imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır.“Hesablama Palatası” haqqında təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik?
Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Çünki biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq. Üçüncü bir qanun layihəsi “Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Xeyr, bu, biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyətdə davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu, indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında müəyyən mübahisəli məsələlər gedir. Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə bu qanunun qəbul etmək sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”.
Daha sonra isə komitə sədri Ziyad Səmədzadə bildirib ki, Rəqabət Məcəlləsi ilə bağlı sənəd Milli Məclisə daxil olmayıb:“Daxil olsun ki, biz onu qəbul edək. Prezident Adminstrasiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil”.
Deputat Əli Məsimli hər iki qanunun dünyanın bütün ölkələrində qəbul olunduğunu deyib.“Amma bizdə bu, qəbul olunmur. Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Tez zamanda onu qəbul etməliyik”
Deputat İlham Əliyev də məsələyə münasibət bildirib. “Bu qanun gəlmirsə, onda gedib Prezident Administrasiyasından yapışmaq lazımdır”.
Xatıladaq ki, deputat İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.