Prezident Elman Rüstəmova “2” verdi –baş bankir üçün geriyə sayım başladı
Mərkəzi Bankın rəhbəri ölkə başçısının çıxışında hədəfə gəldi; “İqtisadiyyatımıza ən böyük zərbəni bank sektoru vurub” deyən ölkə başçısı bununla Rüstəmovun yarıtmaz fəaliyyətinə diqqət çəkib
Xeberinfo.com: Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və iştirakı ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda prezident İ.Əliyev xeyli maraqlı və vacib məsələlərə toxunub. Ölkə başçısının toxunduğu mövzulardan biri də bank sektorunun fəaliyyəti ilə bağlı olub. Prezident nitqində bildirib ki, iqtisadiyyatımıza ən böyük zərbəni bank sektoru vurub deyib. Sitat: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
Prezidentin bu sözləri əslində Mərkəzi Bankın sədri Elman Rüstəmova olan narazılığını göstərir. Belə çıxır, baş bankir üçün geriyə sayım başlayıb. Ölkə rəhbərinin çıxışının bu hissəsi Elman Rüstəmovun fəaliyyətinə “2”qiymətinin verilməsi kimi də yozula bilər. Baş Bankir üçün geriyə sayım başlayır.
Vacib xatırlatma: 2015-ci ilin may ayının 19-da Binəqədidə bina yanğınından həmən sonra prezidentin yanında müşavirə oldu. Həmin müşavirədə o vaxtkı milli təhlükəsizlik naziri Eldar Mahmudov da iştirak edirdi. Dövlət başçısı həmin iclasda ad çəkmədən E.Mahmudovun qanunsuz fəaliyyətinə toxunmuşdu. Onun qanunsuz əməlləri haqda bəzi anonslar etmişdi. Azərbaycan prezidenti çox nadir hallarda hansısa məmurun yarıtmaz və qanunsuz fəaliyyəti haqda adlı tənqid edir. İ.Əliyev adətən narazı qaldığı məmurlara müşavirələrdə ümumi planda öz mesajlarını verir. Əgər o mesajların ünvanlandığı nazir, komitə sədri və s. nəticə çıxarmırsa, həmin məmur qanunla çox ağır formada cəzalandırılır. 2015-in mayında Eldar Mahmudov ölkə başçısının həmin mesajlarından nəticə çıxarmadığı üçün 5 ay sonra işdən qovuldu, çevrəsinə topladığı çete darmadağın edildi, dövlətin ən vacib strukturu quldurlardan təmizləndi.
Görünür növbədə Elman Rüstəmovdur. O da dövlət başçısının bu çıxışından, mesajından nəticə çıxarmasa, aqibəti Eldar Mahmuovunkundan yaxşı olmaya bilər.
Yeri gəlmişkən, bu günlərdə “MTN işi” məhkəməsində Mərkəzi Bank rəhbərliyi haqda daha bir sensasion fakt ortaya çıxıb. Belə ki, sözügedən işlə bağlı Mərkəzi Bankın sədr müavini Avtandil Babayevin istintaqa verdiyi ifadəsi yayılıb. Sən demə, 2015-ci ilin sentyabr ayından etibarən MTN rəhbərliyi Elman Rüstəmovun müavinini dinləməyə başlayıb. Bunun səbəbi Avtandil Babayevin gümüş biznesinə rəhbərlik etməsi olub. Xaricdən ölkəmizə qaçaq yolla gətirilən gümüş məmulatlarını Mərkəzi Bankın sədr müavini kurasiya edirmiş. Bu əməl cinayət sayıldığı üçün Eldar Mahmudovun çetesi Elman Rüstəmovu öz müavininin qanunsuz əməlləri ilə tələyə salmaq istəyib. Sadəcə olaraq, E.Mahmudov bundan az sonra işdən çıxarıldığı üçün proses yarımçıq qalıb. Amma fakt faktlığında qalır: Avtandil Babayev qaçaq yolla qiymətli metal biznesi ilə məşğul olub. Konstitusiyaya görə, dövlət vəzifəsi tutan şəxsin bizneslə, sahibkarlıqla məşğul olması qəti qadağandır. Avtandil müəllim isə qaçaq biznesi himayə edib. Avtandilə dil verən isə heç şübhəsiz onun şefi Elman Rüstəmov olub. Öz rəhbərindən izn almadan o, heç vaxt bu işə girişməzdi.
Prezident İ.Əliyevin çıxışından belə anlaşılır ki, Mərkəzi Bank rəhbərliyi məsul olduqları sahəni yarıtmaz fəaliyyətləri ilə çökdürüblər. Mərkəzi Bankın sədri qanunsuz sahibkarlıqla məşğul olanda, özünə xarici ölkələrdə iş quranda, əlindəki rıçaqlardan istifadə edib bank saxlayanda, müavini isə qaçaq əlvan metal biznesinə “krışa”lıq edəndə sonu belə olmalıydı. (Musavat.com)
Redaksiya yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırdır.