Valyutadəyişmə məntəqələri bərpa edilir
Manat-dollar “cəbhəsində” son baş verənlər onu deməyə əsas verir ki, hökumət dolları “barmağına dolayıb”.
Xeberinfo.com: Valyuta bazarında şərtlərin necə olmasından asılı olmayaraq, dolların məzənnəsini istədikləri vaxt endirir, istədikləri vaxt qaldırırlar. Təbii ki, heç bir iqtisadi əsası olmayan bu addımlar da cəmiyyətdə təşviş yaradır, dollarlaşma prosesini daha da sürətləndirir və manata təzyiqləri artırır.
Son olaraq Mərkəzi Bankın oktyabrın 25-i üçün açıqladığı məzənnəyə görə, manatın dollara qarşı rəsmi məzənnəsi 1,6211 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, oktyabrın 24-də USD/AZN rəsmi məzənnəsi 1,6151 manat təşkil edib.
Dolların ötən həftələrdə ucuzlaşıb, yenidən bahalaşmasının səbəblərinə gəlincə, iddia olunur ki, Mərkəzi Bankın Əmanətlərin Sığortalanması Fonduna külli miqdarda dollar ödəmək məcburiyyətində qalması, xarici valyutaya tələbatı artırıb və dollar bahalaşıb.
Bir müddət öncə dolların ucuzlaşmasına gəlincə, bunun səbəbi kimi Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi 1 milyard dollar depozitin dollara tələbatın azalmasına gətirib çıxardığı deyilir. Lakin bütün bunlara baxmayaraq, hökumət dolların bahalaşmasının qarşısını ala bilmir. Bu istiqamətdə atılan addımlardan biri də Mərkəzi Bankın sədri Elman Rüstəmovun valyutadəyişmə məntəqələrini bərpa etməsidir. Əks halda, fəaliyyəti qadağan edilən “exchange”lər bir günün içində paytaxtda fəaliyyətini bərpa etməzdi. Güman edilir ki, “exchange”lərin bərpa edilməsi, qara bazarı zəiflətmək və dolların qara bazarda bahalaşmasının qarşısını almaqdır.
Onu da qeyd edək ki, artıq əksər “exchange”lərin fəaliyyəti bərpa olunub. Ötən gün “Yeni Müsavat” qəzetinin müxbiri Nizami rayonunda, Rüstəm Rüstəmov küçəsindəki əvvəllər “exchange”lərin olduğu əraziyə baş çəkib. Məlum olub ki, “exchange”lərin hamısının fəaliyyəti bərpa olunub. Müşahidə apardığımız müddətdə bəzi valyutadəyişmə məntəqələrinə tələbat olduğunun şahidi olduq.
Valyutadəyişmə məntəqələri hələ ki tam leqal fəaliyyətə keçməyib. Belə ki, obyektlərin üzərində “exchange” sözü yazılsa da, məzənnələr qapının üzərindəki tabloda öz əksini tapmır.
Yalnız içəridən çətinliklə görünən tabloda məzənnələr göstərilib. Əksər valyutadəyişmə məntəqələrində dolların alış və satış qiymətləri eyni idi. “Exchange”lərdə oktyabrın 25-nə görə, dolların alış qiyməti 1.66 AZN, satış qiyməti isə 1.83 AZN təşkil edir.
Avronun alış qiyməti 1.80 AZN, satış qiyməti 1.83 AZN -dir. Bir rus rublunun alış qiyməti 0,26 AZN, satış qiyməti isə 0,65 AZN-dir.
İqtisadçı ekspert Ruslan Atakişiyev məsələyə münasibət bildirərkən qeyd etdi ki, hökumətin bu cür addımları manata inamı zəiflədir: “Hökumət 2016-cı ilin əvvəlində manatın üzən məzənnə rejiminə keçdiyini elan etsə də, mütəmadi olaraq manatın kursu tənzimləndi. Bütün bu proseslər, son dövrlər manatın bir qədər bahalaşması da onu göstərir ki, məzənnə tənzimlənir. Lakin dollarlaşma prosesi sürətləndiyindən manatla möhkəmlənmə davamlı xarakter daşımadı. Belə bir vəziyyətdə təbii ki, manata olan təzyiqlər artır. Son dövrlər dolların ucuzlaşması , sonra yenidən bahalaşması bir sıra şayiələrin də ortaya çıxmasına gətirib çıxarır. Ancaq dəqiq səbəbləri araşdırmaq lazımdır. Hesab edirəm ki, bu dəyişkən məzənnə siyasəti sahibkarlığa ciddi ziyan vurur. Əhalidə çaşqınlıq yaradır”.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir müddət öncə manatın bahalaşmasının heç bir iqtisadi əsası yox idi: “Nə idxal-ixrac əməliyyatlarının tərkibinə baxdıqda, nə əhalinin gəlirlərinin səviyyəsinə baxdıqda, manatın güclənməsi üçün heç bir obyektiv səbəb tapmaq mümkün deyil. Heç manatın güclənməsində hökumətin marağı da yoxdur. Hökumət tez-tez manatın məzənnəsi ilə oynamaqla insanlarda təşviş yaratmağa çalışır. Vətəndaşlara normal açıqlama verilmədiyi üçün insanlar arasında şayiələr dolaşır. Ya manatın güclənəcəyinə inam yaradırlar, ya da son dövrlərdə ilk dəfə olaraq bu gün ərzində manatı bir qəpiyə yaxın ucuzlaşdırdı. Dövlət qurumları gedən prosesləri vətəndaşlara izah etmədiyi üçün ciddi şəkildə panika yaranır. Manatın məzənnəsinin heç bir bazar qanunlarından asılı olmayaraq, inzibati qaydada müəyyən olunduğunu nəzərə alaraq demək olar ki, bu hərəkətləri normal məntiqlə izah etmək çətindir”.
“Exchange”lərin fəaliyyətinin bərpa edilməsinə gəlincə, Natiq Cəfərli dedi ki, əslində valyutadəyişmə məntəqələrinin bağlanması yanlış addım idi: ““Exchange”lərin bağlanması qara bazarın canlanmasına şərait yaratdı. “Exchange”lər normal şəkildə fəaliyyət göstərsəydi, həm ölkə vətəndaşları, həm də xaricdən gələn turistlər üçün normal bir mühit yaranardı. Valyutadəyişmə məntəqələrinin bağlanması ölkə üzrə 4 min nəfərdən çox insanın işsiz qalmasına səbəb oldu. Həm də şənbə, bazar günləri və bayram günləri ölkəmizə gələn turistlərin valyutadəyişmə məsələsində çətinlik yaşamasına gətirib çıxartdı. İndi tədricən valyutadəyişmə məntəqələrini bərpa etməyə çalışırlar. Bu, normal qərardır. “Exchange”lərin bağlanması yanlış qərar idi. Sadəcə, bu məsələdən belə nəticəyə gəlmək olar ki, qərarlar verilərkən uzun müddət üçün heç bir analiz aparılmır, sonradan qərarların mənfi nəticələri üzə çıxanda həmin qərar geri götürülür”.