Dollar kreditləri ilə bağlı güzəşt olacaq?
İkinci devalvasiyadan sonra Azərbaycanda dollar kreditlərinin hansı məzənnə ilə qaytarılması məsələsi ciddi şəkildə müzakirə olunur.
Xeberinfo.com: Məlumdur ki, artıq hökumətlə Mərkəzi Bank arasında da bu istiqamətdə danışıqlar gedir. Elə Milli Məclisin yanvarın 19-da keçirilən fövqəladə iclasında da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, tətbiq olunacaq güzəşt banklara 5000 dollara qədər borcu olan müştərilərə şamil oluna bilər.
“Təxminən bu 250 milyon dollar vəsait deməkdir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir"- deyə baş bankir məsələyə aydınlıq gətirmişdi.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri olan Vahid Əhmədov və Əli Məsimli 21 dekabr devalvasiyasından sonra dollarla krediti olan müştərilərin borcunun 1.05-lə hesablanmasını təklif edirlər. Güzəştin 10 min dolllara qədər borcu olan müştərilərə şamil olunacağı vurğulanırdı.
E. Rüstəmov isə bu rəqəmin yarısı qədər olan kreditlərə güzəştin tətbiq olunacağının anonsunu verdi.
Xatırladaq ki, birinci devalvasiya hadisəsində Konstitusiya Məhkəməsi dollarla krediti olanların deyil, bankların xeyrinə qərar çıxartmışdı. Bu dəfə isə manatın sərt enişi fonunda əhali hökumətin iqtisadi komandasından onların xeyrinə qərar çıxarılması səbirsizliklə gözləyir.
Problemin həllinin yubadılmasının səbəbi isə maliyyə mənbələrinin tapılmamasıdır.
Bəs, məsələnin həlli üçün maliyyə mənbələri nələr ola bilər? Ümumilikdə 40 milyardlıq valyuta ehtiyatlarımızdan istifadə edərək bunu həll etmək mümkündürmü?
“Qafqazinfo” bu suallarla Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlidən münasibət öyrənib.
Ə. Məsimli xatırladıb ki, fövqəladə iclasda bu barədə təkliflərini səsləndirib: “Spiker Oqtay Əsədov da bu istiqamətdə işlərin görüləcəyi barədə məlumat verdi. Sonra isə Mərkəzi Bankın sədri 5000 dollara qədər kreditlərin köhnə məzənnə ilə hesablanması məsələsinə baxılacağını deyib. Maliyyə mənbələrinin axtarılması barədə fikirlərini söylədi. Bu hardasa 250 milyon dollar vəsait deməkdir.
Maliyyə mənbələrinin tapılması ilə bağlı hesab edirəm ki, bu ağırlığı bir az əhalinin, ondan çox kommersiya banklarının, daha çox Mərkəzi Bankın, lap çox isə dövlətin üzərinə götürülməklə həll edilə bilər. Yəni bu dördbucaq sistemdən istifadə edilərək problem həll olunsa, daha ədalətli olar. 2016- cı ilin dövlət büdcəsi təsdiq olunan zaman burada xarici və daxili borcların yuxarı həddi göstərilib. Xarici borclar 1,5, daxili borclar isə 2,5 milyarddır.
Bazara istiqrazlar buraxmaqla bu vəsaiti əldə etmək olar. Eyni zamanda dövlət büdcəsinin vəsaitindən də müəyyən dərəcədə istifadə etmək olar. Yəni məsələnin həlli üçün bir qurumun üzərinə ağırlıq düşməməlidir. Kommersiya banklarına əlverişli şərtlərlə əlavə kredit resursları vermək olar. Yaxud da Mərkəzi Bank hökumətə əlverişli şərtlərlə kredit verər. Həmin kreditlər vasitəsilə bunu bağlamaq olar. Sadaladığım variantları hökumət analiz edə bilər”.
40 milyard valyuta ehtiyatının hesabına problemin həll edilməsi gəlincə isə millət vəkili qeyd edib ki, o ehtiyatın özü qədər dərdi var: “Onunla neyləmək olar ki? Məsələn, mətbuatda yazırlar ki, devalvasiya nəticəsində Mərkəzi Bank 3 milyard manat pul qazanıb. İndi mən soruşuram ki, 3 milyardı bank necə qazanıb? Qazanmayıb axı. Məsələ ondadır ki, Mərkəzi Bankın 5-6 milyardlıq pulu dollarla qalmalıdır. Həmin vəsaitin bazara intervensiya olunması üçün o pul manatla yox, dollarla olmalıdır. Manatla intervensiya etmək olmaz. İndi onu manata çevirib deyirlər ki, MB 3 milyard qazanıb. Bundan əlavə, 40 milyardın 34 milyardı Neft Fondunun vəsaitidir. O pulla da ciddi layihələr üzərində işlənilir. Həmin pulla sahibkarlığın inkişafı üçün vəsait ayırmaq olar. Amma kredit məsələsinə gəlincə isə, başqa mənbələr varsa, Neft Fonduna müraciət edilməməlidir”.