“Bank sektorunda ixtisarlar artacaq”
“İlin əvvəlində bank sektorunu haqlayan böhran özünün yeni fazasına qədəm qoyub”.
Xeberinfo.com: Məlumata görə, belə bir açıqlama ilə iqtisadçı ekspert Samir Əliyev çıxış edib. Onun sözlərinə görə, əmanət və kredit qoyuluşunun zəifləməsi, problemli kreditlərin artması fonunda kredit təşkilatlarının gəlirləri ilə zərərləri arasında fərqin azalması bankları sərt addımlar atmağa məcbur edib:
“Xərclərin optimallaşdırılması adlanan siyasəti çərçivəsində filialların bağlanması prosesinə başlanıb. Belə davam edərsə, bank sektorunda ixtisarlar geniş vüsət alacaq. Hazırda sektorun dayanıqlığı sual altındadır. Mərkəzi Bankın yanvardan sonra bankların maliyyə dayanıqlığına və məcmu kapitalına dair statistik göstəriciləri, habelə gəlir və xərclərinin mövcud durumu barədə məlumatları dərc etməməsi vəziyyətin gərgin olduğu deməyə əsas verir. Dərc olunmuş 9 aylıq göstəricilərin bank sektorunda pisləşmə tendensiyasını qabarıq göstərir.
Onların bəzilərinə diqqət yetirək:
- Bankların xarici öhdəlikləri 2014-cü ilin noyabrından sonra ən aşağı həddə (6,3 milyard AZN) düşüb.
- Kredit qoyuluşu, xüsusilə milli valyutada verilən kreditlərin həcmi kəskin azalıb. Manat kreditlərinin həcmi 2013-cü ilin sentyabrı səviyyəsinə düşüb.
- Problemli kreditlər müstəqillik tarixində ən yüksək həddə (1,4 milyard AZN) çatıb. Belə kreditlərin payı isə 7,1%-ə çatmaqla son 11 ilin rekordunu vurub. Beynəlxalq Bankdakı restrukturizasiya olunmuş kreditləri də əlavə etsək vəziyyətin gərginliyi daha da deyə bilərik.
- Əmanət qoyuluşu devalvasiyadan əvvəlki səviyyəyə qədər azalıb. Dollarlaşmanın artması nəticəsində manat əmanəti 2015-ci ildə 2.5 dəfə azalmaqla yanaşı, onun payı 24%-ə düşüb.
- 2015-ci ilin təkcə 3-cü rübündə özəl banklara məxsus ən azı 6 filial bağlanıb.
- Ləğvetmə prosesində olan bankların sayı 5-də 7-yə qalxıb.
- Kredit kartlarının sayı 2014-cü ilin may ayında bəri ən aşağı həddə (1,13 milyon) düşüb.
- Plastik kartlarla aparılan əməliyyatların həcmi 2015-ci ilin yanvarından sonra ən aşağı həddə (962 milyon manat) düşüb
Oxşar problemlər bank olmayan kredit təşkilatlarında (BOKT) da müşahidə edilir. Mərkəzi Bankın komisyon haqlarının və faiz dərəcələrinin yuxarı həddinə tətbiq etdiyi limit daha çox BOKT-lara zərbə vurub.
Pul bazasının məhdudlaşdırılması, büdcə xərcləmələrinin azaldılması, iş yerlərinin bağlanması fonunda əhalinin gəlirlərinin azalması bank dövriyyəsini və kreditləşməni kəskin azaldıb. Üstəgəl probemli kreditlərin artması bankların gəlirlərinin əhəmiyyətli dərəcədə azaldıb, zərərini isə artırıb.
Banklar hələki filialların birləşdirilməsi, işçilərin sayının ixtisarı hesabına xərcləri azaltmağa müvəffəq olur. Ancaq ixtisarların başa çatdığını söyləmək olmaz. Proses davam edəcək və daha geniş vüsət alacaq. Hətta devalvasiya olmayacağı təqdirdə bank sektorunda ixtisarlar gələn ilin yaz aylarına kimi davam edəcək. Müştəri kontingetinin məhdudlaşması, asan neft pullarının azalması banklar arasında amansız rəqabət mühiti yaradır ki, bu da bəzi bankların, o cümlədən BOKT-ların bazarı tərk etməsi ilə nəticələnəcəyinə şübhə yeri qoymur. İlkin dövrdə BOKT-ların banklar tərəfindən udulması baş verə bilər. Sonrakı dövrdə isə bəzi problemli iri bankların əvvəlcə ”əridilərək” təsirinin minimuma endirilməsi sonra isə ləğv edilməsi mümkündür.
Yaxın dövrdə bank sektoru üçün ümidli heç nə görünmür. Xüsusilə də ehtimalı yüksək olan potensial devalvasiya (adını “üzən məzənnə siyasəti” də qoya bilərsiniz) banklara növbəti öldürücü zərbə vura bilər. Bu halda ixtisarlar da kömək edə bilməyəcək...”