“Beynəlxalq Bank işi”ndəki vəkildən sensasion açıqlamalar
“Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər”
"Xeberinfo.com": “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cahangir Hacıyevin bu il martın 18-də istefaya getməsindən az sonra kredit borcu olanların həbsinə başlanıldı. 200-ə yaxın kredit milyonçusunun həbsə alınması haqda məlumatlar olsa da, tutulanlardan çox az bir qisminin adı, kimliyi ictimaiyyətə bəllidir.
Bu gün “Beynəlxalq Bank işi” üzrə həbsdə olanlar sırasında bankın Dubay filialının rəhbəri Adil Hüseynov da var. O, Hacı İbrahim Nehrəmlidən fərqli olaraq kreditlər hesabına milyonçuya çevrilməyib. Vəkili Kamandar Nəsibov deyir ki, Adil Hüseynov ona verilən göstərişləri yerinə yetirib və əsassız olaraq həbs olunub. Həbsindən sonra isə onunla bağlı hər hansı bir istintaq aparılmayıb: “Adil Hüseynovun istintaqının müddəti gedir, amma heç bir istintaq hərəkəti yoxdur. 3 aya yaxındır ki, heç bir istintaq aparılmır”.
Kamandar Nəsibov deyir ki, A.Hüseynovu və iş üzrə tutulan digər şəxslərin Bakı İstintaq Təcridxanasının tibb hissəsinə köçürülməməsi haqda qeyri-rəsmi verilən göstəriş də qüvvəsində qalır: “Adil Hüseynov həbs olunandan 2 ay əvvəl əməliyyat olunub. Onu "sançast"a qoymurlar. Ümumiyyətlə Beynəlxalq Bankla bağlı həbs olunan şəxsləri tibbi hissəyə köçürmürlər. Deyirlər ki, belə göstəriş var".
K.Nəsibov deyir ki, A.Hüseynov ittihamı qəbul etmir: “Adil Hüseynov Beynəlxalq Bankın rəhbərliyində olan şəxsin göstərişlərini yerinə yetirib. Ona deyilən hesablara pul köçürməsinə görə tutublar. Adil Hüseynova bütün göstərişləri Cahangir Hacıyevin 1-ci müavini Emil Mustafayev verib. Bu göstərişlər telefon vasitəsi və elektron poçt ünvanına məktub yazmaqla göndərilib. Həmin göstərişlər hansı məbləğin kimin hesabına köçürülməsi ilə bağlı olub. Hazırda Emil Mustafayev Beynəlxalq Bankda işləyir, Adil Hüseynov isə həbsdədir”.
Beynəlxalq Bank işi üzrə dindirmələrdə, üzləşmələrdə Cahangir Hacıyev, Emil Mustafayev və bankın digər rəhbər işçiləri cəlb olunubmu? K.Nəsibov deyir ki, hər hansı bir istintaq hərəkəti olmadığından belə bir üzləşmə və dindirmələr də baş tutmayıb: “Nə dindirmə? Nə üzləşmə? İstintaq gedir ki? 3 aya yaxındır ki, bu vəziyyətdir”.
“Belə bir halda tutulanların həbsdə saxlanılması kimə lazımdır” sualına vəkil belə cavab verib: “Bilirlər ki, bu tutulanların adlarına kreditlər alınıb, amma pulu xərcləyənlər başqalarıdır. Dələduzluğu kimin kimə qarşı etdiyini araşdıran yoxdur. İttihamda yazılanlarla reallıq uzlaşmır. İttihamda yazılıb ki, Adil Hüseynov dələduzluq hərəkətləri nəticəsində pulları mənimsəyib. Guya Adil Hüseynov Emil Mustafayevi və digər bank işçilərini aldadıb. Guya Adil Hüseynov həmin kreditləri aldatma yolu ilə almağa nail olub və kreditləri mənimsəyib. Amma necə aldadıb hissəsi ittihamda yoxdur. Bu isə sadəcə gülməlidir. Adil Hüseynov faktiki Emil Mustafayevin və Beynəlxalq Bank rəhbərliyinin verdiyi göstərişləri yerinə yetirib. Həmin köçürmələrin təyinatı, hesabların nömrəsinə qədər Adil Hüseynova bank rəhbərliyi özləri veriblər. Hər bir köçürmə də nəzarət altında həyata keçib. Yəni Adil Hüseynov istəsəydi belə, özbaşına, baş ofisdən məlumatsız hansısa köçürmələr edə bilməzdi. Məbləğlər Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə hesablara köçürülüb və təyinatı üzrə xərclənib. Beynəlxalq Bank uşaq bağçası deyil ki, kim nə istəsə etsin”.
Belə olan halda sual yaranır - Adil Hüseynovu həbsində məqsəd nədir? Həbsi şəxsi zəmində ola bilərmi? Bu həbs üzərindən hədəflənən son məqsəd nə ola bilər?
K.Nəsibov deyir ki, A.Hüseynovun həbsinin şəxsi məqsədlərlə olması üçün hər hansı əsas yoxdur: “Bu həbslərdən sonra Beynəlxalq Bankın özəlləşdirilməsi məsələsi üzə çıxdı. Bu onu göstərir ki, əsas məqsəd bu qalmaqalların bu şəkildə ortaya çıxarılması özəlləşdirilmə məqsədinə xidmət edir. Belə görünür ki, bankı ”təmizləyib" özəlləşdirmək istəyən var. Bu gün qondarma ittihamla üz-üzə qalan təkcə Adil Hüseynov deyil. Şirkət direktorları var ki, maaşdan başqa 1 qəpik də əlavə pul əldə etməyiblər. Amma bu gün onlardan 170 milyon, 80 milyon pul tələb olunur".
K.Nəsibov deyir ki, bu gün həbsdə saxlanılan günəş batareyalarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri Adil Mikayılov, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz, “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirov kreditlərin alınması haqda sənədlərə sadəcə, qol çəkiblər:“Özləri də çox yaxşı bilirlər ki, Adil Hüseynov 317 milyon, Adil Mikayılov 80 milyon, Erhan Cavad Yavuz 170 milyon, Ratmir Bəkirov 52 milyon manatın üzünü görməyiblər və bütün əmlaklarını satsalar belə heç 3-4 milyon qaytara bilməzlər. Bu adamlar birbaşa Cahangir Hacıyevin adamlarıdır. Bu kreditlər birbaşa Beynəlxalq Bank rəhbərliyinin göstərişi, tapşırığı ilə verilən məbləğlərdir. Tutulanlar isə sadəcə icraçılardır. Şirkətlərdə direktor vəzifəsinə təyin olunublar, maaşlarını alıb sənədlərə qol çəkiblər. Onlar milyonluq kreditlərin sənədlərini görüblər. Göstərişləri yerinə yetiriblər. Adil Hüseynov və Erhan Yavuz cavandırlar, digər 2 şəxsi isə yaşlı adamlardır. Onlar 1 qəpiyin yiyəsi olmaya-olmaya həbsdədirlər”.
Qeyd edək ki, bu ilin martında C.Hacıyev səhhətindəki problemləri əsas gətirərək ərizə yazıb Beynəlxalq Bank rəhbərliyindən gedib. Onun özünün istintaqa cəlb olunması haqda rəsmi məlumat yoxdur. C.Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kapitalının həcmi 8 milyard manat olub. Həmin pulun 6 milyard manatı bu gün problemli, geri qaytarılması müşkül olan kredit şəkilində paylanıb. K.Nəsibovun açıqladığı faktlardan məlum olur ki, kreditlərdən azı 619 milyon manatı C.Hacıyevin özünə çatıb.
Musavat.com