Manatı xilas etmək mümkün olacaqmı?
Samir Əliyev: “Növbəti aylarda da manatın yumşaq devalvasiyası davam edəcək, kəskin devalvasiya isə gözlənilmir”
İlham Şaban: “İlin sonuna qədər iqtisadiyyatın bütün sahələrində dollarlaşma prosesi gedəcək”
"Xeberinfo.com": Manat yenidən ucuzlaşdı. Bu gün Azərbaycanda dolların rəsmi məzənnəsi 0,2% bahalaşaraq, 1,0517 manat səviyyəsinə qalxdı. Xatırladaq ki, ötən gün ölkəmizdə dolların rəsmi məzənnəsi 1.0496 manat təşkil edirdi. Avro isə manata nəzərən ucuzlaşaraq, 1,1399 (1.1482) manat olub.
Dolların cüzi bahalaşmasi valyuta bazarında yenidən ajiotaja səbəb oldu. Mətbuatda valyutadəyişmə məntəqələrinin müvəqqəti olaraq, fəaliyyətlərini dayandırması haqqında xəbərlər yer aldı. Hazırda insanları ən çox narahat edən sual bundan sonra manatın taleyinin necə olacağıdır.
İqtisadçı ekspert Samir Əliyev musavat.com-a bildirdi ki, növbəti aylarda da manatın yumşaq devalvasiyası davam edəcək: “Bu, gözlənilən bir məsələ idi. Ekspertlər də bu haqda proqnozlar vermişdi. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da açıqlama vermişdi ki, “Biz idarə olunan üzən məzənnəyə keçirik, manatın məzənnəsi neftin qiymətinə adaptasiya olunacaq”. Artıq bu açıqlamalardan görünürdü ki, manatın qiyməti vəziyyətdən asılı olaraq, dəyişməkdə davam edəcək. Bununla hökumət yumşaq devalvasiyaya gedəcəyini etiraf etdi. Bu gün biz diqqət yetirsək, manatın rəsmi məzənnəsi 1 dollar -1,0496 manatdan, 1,0517-yə qədər bahalaşdı. Hazırda valyutadəyişmə məntəqələrində də buna uyğun kurslar müəyyən edirlər. Bazarda ajiotaj var. Mərkəzi Bank ictimaiyyətlə, mətbuatla işi düzgün qurmadığından belə şayiələr getdikcə artır. Hazırki dövrdə Mərkəzi Bank ictimaiyyətə maksimum açıq işləməlidir. Burada Mərkəzi Bankın üzərinə çox böyük məsuliyyət düşür”.
Bundan sonra nə baş verəcəyinə gəlincə, S. Əliyev kəskin devalvasiyanın gözlənilmədiyini bildirdi:“Fevral ayındakı kimi kəskin devalvasiya gözlənilmir. Birdən-birə 20-30 % ucuzlaşma olmayacaq. Cüzi olaraq yumşalma gedəcək. Təkcə, aprel aynda manat dollara nisbətdə 0,3 faiz ucuzlaşıb. Bu, gündəlik olaraq, davam edəcək. Bu gün 0,012 qəpik ucuzlaşma oldu, növbəti günlərdə də bu cür olacaq. İlin sonuna qədər fors-major hadisə baş verməsə, kəskin devalvasiya olmayacaq”.
İqtisadçı ekspertin fikrincə, büdcədə ciddi ixtisarlar da ola bilər: “Gözləntilərdən biri də odur ki, hökumət gələn aydan büdcəyə yenidən baxa bilər və xərcləri müəyyən qədər ixtisar edə bilər. Büdcənin icrası üçün bu gün neftin qiyməti ən önəmli amildir. Hökumət bu cür devalvasiyadan sonra büdcə xərclərini azaltmaqla, gərginliyi yumşalda bilər”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə musavat.com-a açıqlamasında hökumətin neftin ucuzlaşmasından sonra həyata keçirdiyi siyasəti tənqid edərək, bunun manatın devalvasiyası prosesini gücləndirəcəyini vurğuladı: “Ölkə iqtisadiyyatında elə də böyük bir ajiotaj yoxdur. Elman Rüstəmov Milli Məclisdə çıxışında faktiki olaraq, bu anonsu vermişdi. Azərbaycanın bu durumunu regiondakı neftdən asılı olan digər ölkələrlə müqayisə etmək lazımdır. Rusiyada, Qazaxıstanda, Türkmənistanda da milli valyutanın devalvasiyası baş verdi. Ancaq Rusiya bu prosesdən çıxış yolu tapdı və hazırda devalvasiyadan sonra milli valyutanın möhkəmlənməsi prosesi gedir. Bunun birinci səbəbi odur ki, neftin qiymətində müəyyən artım var. Neftin bir bareli 59 dollara qalxıb. İkincisi, Rusiya antiböhran tədbirlərinə başlayıb, ilin əvvəlindən etibarən xaricdən idxal edilən məhsulların bir qismini öz daxilində istehsal edir. Digər tərəfdən, sanksiyalarla əlaqədar olaraq, xaricdən Rusiyaya gətirilən məhsullara qadağa qoyulub. Üçüncü bir faktor isə ondan ibarətdir ki, insanların əlində pul az olduğundan valyutaya ehtiyac yaranır. Əgər idxaldan asılılıq azalırsa, istər hüquqi, istərsə də fiziki şəxslərdə xarici valyutaya ehtiyac qalmır. Bu da milli valyutaya xarici təsirin yükünü azaldır. Nəticədə milli valyutanın məzənnəsinin artması baş verdi. Azərbaycana gəldikdə isə, cari ilin ilk ayında belə bir proses yox idi. Mərkəzi Bank 1,230 mlrd manat vəsait xərclədi ki, manatın məzənnəsini stabil saxlasın. Növbəti aylarda da böyük bir vəsait xərcləndi”.
İlham Şaban ölkənin idxaldan asılılığının həddindən artıq çox olmasının manatın taleyinə də təsir edəcəyini qeyd etdi: “Azərbaycan idxaldan çox güclü asılılığı olan bir ölkədir və bu asılılıq davam edir. Ötən ilin iyun ayının 17-dən neftin qiymətinin aşağı düşməsi başladı. Hökumət isə heç bir proqnoz vermədi. Ümid edirdilər ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır. Ancaq digər tərəfdən, də neft hasilatı azalır. Bizim vəziyyətimizi qonşu Rusiyadan, Qazaxıstandan, Türkmənistandan və İrandan daha problemli edən odur ki, onların gələcəkdə hasilatının artması gözlənilir. Bizdə isə yaxın 5 ildə hasilat azalır. Bu il proqnozlara görə, təxminən 45 milyon ton neft istehsal edəcəyik. Ancaq 2020-ci ildə ən yaxşı proqnoza görə, hasilatımız 7 milyon ton azalacaq. Yəni hasilat ildən-ilə azalır. Bunun obyektiv səbəbləri var, çünki yataqlarımız köhnəlir. Manatın arxasında Elman Rüstəmovun da qeyd etdiyi kimi, neft dururdu. Azərbaycan neftinin 130-140 dollar olan vaxtları olub, indi isə 55 dollara düşüb. Bu situasiyanı hökumət nəzərə almalı idi. Qeyri-neft sektorunda nefti dəyər vasitəsilə əvəz edə biləcək istehsal sahələri yaranmalı idi. Hazırda Azərbaycanın ixrac etdiyi məhsulların 92 faizi enerji sektorunun payına düşür, yəni neft və neft məhsullarının... Bunu əvəz edə biləcək məhsul yoxdur. Hökumət bunun üzərində işləməlidir ki, qeyri-neft sektorundan nə ortaya çıxarmaq olar. 2013-cü ildə idxala 8 milyard manat vəsait xərclənib. Ötən ilin rəqəmləri isə hələ açıqlanmayıb. Azərbaycan bu idxalı hansı miqdarda yerli məhsulla əvəzləyə bilər, hansı sahələrdə istehsalı artıra bilər?”
İqtisadçının proqnozlarına görə, manatın tam üzən məzənnəyə keçməsi də istisna deyil: “Mərkəzi Bankın ehtiyatları çatmadığından manat öz axarına buraxılacaq ki, məzənnəni bazar müəyyənləşdirsin. Bu isə o deməkdir ki, artıq manatın kursunun hər həftə, hər ay dəyişməsinin şahidi ola bilərik. Ancaq bunun maksimum və ya minimum nə qədər olacağını demək çətindir”.
Devalvasiyanın hər mərhələsində cəmiyyətdə yaranan ajiotajın səbəbini izah edən iqtisadçı bildirdi ki, hökumət cəmiyyətlə informasiya siyasətini düzgün qurmayıb: “Cəmiyyətlə hökumət arasında qarşılıqlı inam yoxdur. Məsələn , Rusiyada hökumət həftədə bir neçə dəfə toplanır və bu, bütün televiziyalarda nümayiş etdirilir. Ancaq bizdə rüb ərzində bircə dəfə prezidentin yanında iclas keçirilib. Hətta devalvasiya olan zaman da heç bir hökumət nümayəndəsi ictimaiyyət qarşısına çıxmır. Maliyyə naziri, onun müavinləri, baş nazir, baş nazirin müavini, iqtisadiyyat və sənaye naziri mütəmadi olaraq, mətbuata çıxmalı idilər. İctimaiyyətə dəqiq rəqəmlər açıqlanmalı idi. Ancaq indi insanların milli valyutaya inamı yoxdur. Bu da xarici valyutanın milli valyutaya təzyiqini gücləndirir. Bu, ona gətirib çıxaracaq ki, ilin sonuna qədər iqtisadiyyatın bütün sahələrində dollarlaşma prosesi gedəcək. Bununla da biz dayanıqsız iqtisadiyyat mərhələsinə qədəm qoyuruq”.
Musavat.com