Teodor Fişer:"Bakıda ən yaxşı dünya çempionatlarından biri gerçəkləşdiriləcək"
Bakıda velosipedin BMX növü üzrə keçiriləcək dünya çempionatı ilə əlaqədar mətbuat konfransı təşkil olunub. Yenixeber.org: Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti Sahib Ələkbərov və dünya çempionatının yarış direktoru Teodor Fişer iştirak edib
S.Ələkbərov bildirib ki, ölkədə velosiped idmanı üzrə son illər irəliləyiş var verir: "Bizim çox yaxşı velosipedçilərimiz olub. Bu növ Azərbaycanda daim inkişaf edir. Klublarda çoxlu velosipedçi yarışır. Ötən ilədək keçirdiyimiz "Tour d Azerbaidjan" veloturu da dünya idmanında özünə layiq yer tutub. BMX üzrə dünya çempionatından öncə 4000 məktəblinin iştirakı ilə təşkil olunan yarış bu idman növünün kütləvilikdən xəbər verir. Avropa dəyərlərini Azərbaycana gətirməliyik".
Federasiya rəsmisi iyunun 2-də ümumdünya velosipedçilər gününün qeyd olunacağını xatırladaraq, ölkədə bu növü kütləviləşdirmək istəklərini dilə gətirib: "Azərbaycanda bunun üçün yaxşı şərait mövcuddur. BMX stadionu dünyanın az yerində var. Bizim arena dünya standartlarına cavab verir".
S.Ələkbərovun sözlərinə görə, dünya çempionatında iştirak üçün 47 ölkədən 1500 idmançı qeydiyyatdan keçib. Onlardan 714-ü yeniyetmədir: "İdmançılar və gələn qonaqlar Velopark yaxınlığında qalırlar. Bizdə olan məlumata görə, bu ərazilərdəki otellərdə 1000-dən çox əcnəbi yerləşib. Düşünürəm ki, dünya çempionatından sonra gənclər bu idman növünə daha çox maraq göstərəcəklər. Hələ yarış ərəfəsində əcnəbilər ölkəmizə gəliblər. Məşq etmək istətənlər də var. Bu tədbir çox böyük əhəmiyyət kəsb edir. Dünya çempionatının keçirilməsi mürəkkəb prosesdir. Stadionumuz 2014-cü ildə tikilib, beynəlxalq standartlara tam cavab verir və bu növ üzrə ən yaxşı idman qurğularındandır. Bu, mütəxəssislərin və idmançıların fikridir. Bura həm də gözəl istirahət məkanıdır. Bu parkın burada salınmasının təşəbbüskarı ulu öndər Heydər Əliyevdir. Bu ərazi əvvəl pis vəziyyətdə idi. Parkın salınmasında dövlət vəsaiti olmayıb. Bizə köməklik göstərən şəxslər var. Bir neçə ildən sonra bu ərazi gülüstana çeviriləcək".
I vitse-prezident bildirib ki, idmançıların xərcləri özləri tərəfindən ödəniləcək. O, bilet satışının gedişi barədə də məlumat verib: "Yeganə xərcimiz stadionun abadlaşdırılması və təşkilatçılıqla bağlıdır. Etiraf etmək lazımdır ki, Azərbaycanda belə tədbirlərə bilet alanlar az olur. 900 bilet əcnəbilər tərəfindən alınıb. Burada bilet satış nöqtəsi də var. Onlayn almaq mümkündür. Stadionda 3500 azarkeş yeri nəzərdə tutulub. Media nümayəndələri üçün də əlavə yer var. Yarış başlamasa da, bilet satışına yaxşı demək olar.
T.Fişer qeyd edib ki, çempionatda 1500-dən çox idmançının olması qürurverici faktdır: "Fürsətdən istifadə edib təşkilatçılara təşəkkür etmək istəyirəm. Bu tədbir ölkəyə və idmana müsbət təsir göstərəcək. Yarış təşkilatçıları böyük iş görüb. BMX-in Azərbaycanda necə keçirildiyinə bütün dünya şahid olacaq və dünya çempionatlarının ən yaxşılardan biri gerçəkləşdiriləcək. Təşkilatçılıqla bağlı müsbət hallar çoxdur. Bakı hər şeyi yüksək səviyyədə təşkil edir. Ən yaxşı BMX çempionatı Bakıda olacaq. Dünya çempionatı üçün buradan yaxşı yer tapmadıq".
Qonaq hazırda Bakıda hökm sürən qeyri-sabit hava şəraitinin dünya çempionatına mümkün təsirinə də toxunub: "Bizi yağış yox, külək narahat edir. Külək güclü olsa, çempionata fasilə verməliyik. Lakin proqnozlar güclü külək nəzərdə tutmayıb".Qeyd edək ki, BMX üzrə dünya çempionatı 5 - 9 iyunda keçiriləcək.