Azərbaycanda belə bir genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram -Bakıda Avropa çempionatının izləyicisi
Azərbaycanda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı kimi genişmiqyaslı idman tədbirinin keçirilməsindən qürur duyuram
Yenixeber.org: Bunu yarışları izləyən tamaşaçı Aygün Musayeva deyib
"Bizim ölkədə peşəkar şəkildə bu cür idman tədbirinin keçirilməsi çox gözəldir. Mən, Bakıda keçirilən gimnastika yarışlarının demək olar ki, hamısını izləyirəm. Uşaqlarım da gimnastika ilə məşğul olur və onlar üçün uğur qazanan idmançıları görmək motivasiyadır. Mənə və uşaqlara bu yarışın necə keçdiyini müşahidə etmək çox maraqlıdır", - Aygün Musayeva deyib.
A.Musayeva qeyd edib ki, Avropa çempionatı yüksək səviyyədə təşkil olunub: "Milli Gimnastika arenasında keçirilən bütün tədbirlər yüksək səviyyədə təşkil olunur. Mən hazırlıqla bağlı hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.
Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.
Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.
Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.
Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.
Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.