Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elşad Abdullayevin qardaşı oğluna 10 il həbs

 

96

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə hədə-qorxu gəlməkdə ittiham olunan qardaşı oğlu Mübariz Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

  "Xeberinfo.com": İttihama görə, Mübariz Abdullayev 2003-cü ilin noyabr ayında əmisi Mahir Abdullayevin itkin düşməsi barədə xəbəri eşidib. O, Elşad Abdullayevdən külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, Mübariz Abdullayev bu məqsədlə tanışı Ziya Səmədova müraciət edib və Elşad Abdullayevlə əlaqə saxlaması üçün mobil telefon tapmasını xahiş edib. Ziya Səmədov Mübariz Abdullayevin qanunsuz hərəkətlər etməsindən şübhələnərək bu barədə Kürdəmir rayon Polis Şöbəsinə məlumat verib. Cinayətin qarşısının alınması üçün polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Ziya Səmədova içərisində 050384-33-08 nömrəsi olan “Ericsson 1018″ markalı mobil telefon verilib. Ziya Səmədov isə öz növbəsində həmin telefonu Mübariz Abdullayevə çatdırıb.

10 il cəza

Mübariz Abdullayev həmin telefondan istifadə edərək 16 noyabr 2003-cü il tarixdə yaşadığı Kürdəmir rayonundan Elşad Abdullayevin istifadəsində olan telefon nömrəsinə zəng edib. Mübariz səsini dəyişərək Mahir Abdullayevin onun əlində olduğunu deyib və Mahiri qaytarmaq üçün 50 min ABŞ dolları tələb edib. O, Elşad Abdullayevə tələb etdiyi pulu Zaqatala rayonunun ərazisinə gətirməsini tapşırıb. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində Elşad Abdullayevin Zaqatala rayonuna getməsinin və nəticədə Mübariz Abdullayevin ondan pul almasının qarşısı alınıb.
Mübariz Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mübariz Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mübariz Abdullayevin vəkilləri apelyasiya şikayəti veriblər. Onların şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Saleh Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Mübariz Abdullayevin vəkili Nəvaid Abbasov çıxış edib. O, bildirib ki, zərərçəkmiş şəxsin ifadəsinə əsasən cinayət əməlini Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov, Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuş Mirəli Şıxəliyev, rəis müavini Qabil Tağıyev, Ziya Səmədov və digər polis əməkdaşları törədiblər: “Adıçəkilən şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb edilməyib. Məhkəmə Zakir Nəsirovu heç şahid qismində də dindirməyib. 
Ümumiyyətlə, şahidlərin və proses iştirakçılarının ifadələri arasında kəskin ziddiyyətlər olsa da, məhkəmə bu ziddiyyətlərin aradan qaldırılmasına hec bir cəhd göstərməyib”.

Yüksək rütbəli məmurlara ittiham

Vəkilin sözlərinə görə, cinayət hadisəsindən dərhal sonra Mübariz Abdullayev tutularaq üç gün qanunsuz olaraq Kürdəmir rayon Polis Şöbəsində saxlanılıb: “Elşad Abdullayev polis rəisinin müavini Qabil Tağıyevi həmin cinayətin törədilməsində ittiham etdiyi üçün Mübariz Abdullayev azad edilib. Elşad Abdullayev qardaşının oğurlanmasında yüksək rütbəli məmurları ittiham edib. Bundan 10 il keçdikdən sonra Mübariz Abdullayevin məhkəmə məsuliyyətinə verilməsinə heç bədii ədəbiyyatda da rast gəlmək olmaz”.
Vəkil çıxışının sonunda birinci məhkəmə instansiyası hökmünün ləğv edilməsini və Mübariz Abdullayevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Dövlət ittihamçısı Səyavuş Sadıqov müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməsini tələb edib.

“Narkotikdən yaxa qurtarmaq üçün Elşad Abdullayevi hədələməyimi etiraf etmişəm”

Təqsirləndirilən Mübariz Abdullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, keçmiş polis əməkdaşı Ziya Səmədov ona tələ qurub: “Ziya Səmədov mənim yaxın qonşumdur. Onunla hərdən rastlaşmışıq. Mahir Abdullayev itkin düşəndən sonra Ziya Səmədov mənimlə tez-tez görüşməyə başladı. Hər dəfə məndən əmimin tapılıb-tapılmadığını soruşurdu. Bir gün ot almağa gedəndə Ziya məni çardağın yanında gördü. O, çayçıya getməyi təklif etdi. Onunla bir yerdə çayçıya getdik. Çay gələn kimi 2 nəfər polis əməkdaşı içəri girdi və mənim polis şöbəsinə getməli oduğumu bildirdilər. Şöbədə polis rəisinin müavini Qalib Tağıyevin otağında məndən kimə zəng etdiyimi soruşdular. Heç kimə zəng etmədiyimi bildirdim. Elşad Abdullayevdən 50 min dollar tələb etməyim barədə soruşdular. Belə bir şeydən xəbərim olmadığını bildirdim. Bundan sonra stolun üstünə narkotik maddə qoydular. Dedilər ki, ya Elşad Abdullayevdən pul tələb etməyimi, ya da narkotik istifadəçisi olduğumu boynuma götürüm. Telefon söhbətini qəbul edəcəyim təqdirdə, narkotiklə bağlı cinayət işi açılmayacağını bildirdilər. Narkotikdən yaxa qurtarmaq üçün Elşad Abdullayevi telefonda hədələdiyimi etiraf etmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 gün polis şöbəsinin yeməkxanasında saxlanılıb: “Əmilərimin işə müdaxiləsindən sonra azad olunmuşam. Hadisənin üstündən 10 il keçib və məni heç kəs dindirməyib. 10 il keçəndən sonra sahə müvəkkili Respublika Baş Prokurorluğuna çağrıldığımı bildirib. Mən də Baş Prokurorluqda Elmar Camalovun qəbulunda oldum. Elmar Camalov məni 8 ildən 12 ilədək cəza gözlədiyini bildirdi. O, izahatımı dəyişməyəcəyim təqdirdə həbs olunmayacağımı söylədi. Sonra məni müstəntiqlər dindirdilər. İşi aparan müstəntiq tərəfindən mənə heç bir fiziki və psixi təsir göstərilməyib. Mənə dövlət hesabına vəkil təyin edilmədi, boş kağıza imza atmışam. Elmar Camalov mənə narahatlığa əsas olmadığını bildirdi. Sonra iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və mənə 10 il cəza verilib”. 

Mübariz Abdullayev ifadəsinin sonunda heç bir günahı olmadığını deyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Mübariz Abdullayevin vəkillərinin apelyasiya şikayəti təmin edilməyib.

 

“Rəsmi olaraq bildirdim ki, məndən Mübariz Abdullayev pul istəməyibdir”

Qeyd edək ki,  M.Abdullayev Elşad Abdullayevin qardaşı oğludur. Elşad Abdullayev isə qardaşı oğlunun həbsinin ona təzyiq vaistəsi olduğunu iddia edir : “Azərbaycansayağı adam oğurluğunun başlıca xüsusiyyətlərindən biri də zərərçəkmişin qohum-əqrəbasını bir-birinə qarşı qoymaqdır. Belə ki, 25 yanvar 2009-cu il tarixində mən rəsmi olaraq AR Prezidenti İlham Əliyevə, AR baş prokuroru Zakir Qaralova, AR milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət olaraq bildirdim ki, Kürdəmir rayonunun polis rəisi və müavini Qabil E. məni aldadaraq Kürdəmir rayonuna gətirdilər və məndən qardaşım Mahir Abdullayevin geri qaytarılması üçün 5 milyon dollar pul tələb etdilər. Prezidentin imzası ilə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsi polis əməkdaşlarına qarşı cinayət işi açdı. Nəticədə məndən tələb etdilər ki, ”ərizəni geri götür. Əks təqdirdə, yaxın qohumuna, qardaşın oğlu Mübariz Abdullayevə cinayət işi açacağıq”.

Mübariz Abdullayevin bir qardaşı Təbriz Abdullayev Qarabağ şəhididir, atası rəhmətə gedibdir, bütün ailəsini dolandıran yeganə şəxsdir. Hazırda Qarabağ şəhidi ailəsi Mübariz Abdullayevi həbs ediblər və bütün cinayətləri “səmimi etiraf edib”, bütün cinayətləri əsassız olaraq boynuna qoyublar. Məndən tələb edirlər ki, əgər şikayətləri geri götürməsən, qardaşın oğlunu sizə qarşı qoyacağıq. Qəribəsi budur ki, Azərbaycanın “şanlı” hüquq-mühafizə orqanları məni qardaşım oğlu Mübariz Abdullayevin işində zərərçəkmiş kimi tanıyır. Mən rəsmi olaraq bildirdim ki, məndən Mübariz Abdullayev pul istəməyibdir, məndən 5 milyon pulu Kürdəmirin polis rəisi Polad Şıxəliyev və onun müavini Qabil tələb edibdir. Qardaşım oğlunun işi də “fabrikovat” olunmuş işdir”.

Rasim 

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam