KEÇMİŞ NAZİR MTN-ə AGENTLİK EDİB! –“Şimal küləyi” əməliyyatının materialları niyə məhv edilib?
Yenixeber.org: Hazırda həbsdə olan ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi ilk gündən sensasiyalı məlumatların üzə çıxması ilə diqqəti çəkdi. Məlum olduğu kimi, Bakı Hərbi Məhkəməsində digər 3 MTN əməkdaşı ilə birlikdə hakim qarşısına çıxarılan Elçin Quliyevin istintaqa ifadəsi məlum olub. İstintaq ifadəsindən məlum olur ki, general ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmir.
2007-2015-ci ilədək MTN-nin antiterror mərkəzinin rəisi vəzifəsində işləmiş, 2015-ci ilin noyabr ayından nazirliyin H.Əliyev adına Akademiyasında kafedra müdiri olmuş E.Quliyev ifadəsində etiraf edib ki, cinayət xarakterli tapşırıqları nazir Eldar Mahmudovdan alıb. O, bildirib ki, 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbəri olduğu mərkəzin sabiq rəis müavini İlqar Əliyev (həbsxanada intihar edib) və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən, Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitləri təyinatı üzrə xərclənməyib: “Mən antiterror mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabelyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələr pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin maliyyə idarəsinə təqdim edilirdi. Maliyyə idarəsindən müvafiq məbləğdə pul vəsaiti götürüldükdən sonra müavinim İlqar Əliyevə təqdim edilirdi. Onun tərəfindən də adiyyatı üzrə əməkdaşlara paylanılırdı. Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim”.
İttiham aktından belə bəlum olur ki, Elçin Quliyev, müavini İlqar Əliyev və digərlərinin təkcə 2011-2015-ci illərdə “Şimal küləyi” və “Qütb gecəsi” adlı əməliyyatlara xüsusi xərclər smetasından ayrılan vəsaitdən mənimsədikləri məbləğ 7 milyon manatdan artıq olub. Guya bu məbləğ sözügedən əməliyyatlarda informator rolunu oynayan müxtəlif “etibarlı şəxslərə”, yəni agentlərə ödənilib. Lakin istintaq bu “etibarlı şəxslərin” çox az qisminin kimliyini müəyyənləşdirə bilib. Məsələn, adına 287 min avro, 5400 ABŞ dolları və 12 min manat pul yazılmış agent “Terminator”un şəxsi işi və işçi qovluğu nazir müavini Hilal Əsədovda olduğundan, istintaqçılar bu işlə tanış ola bilməyiblər. 2013-cü ilin prezident seçkiləri ərəfəsində 4 ay ərzində hər ay 10 min AZN pul ödənilmiş agent “Samir”in də kimliyi sirr olaraq qalıb. Üst-üstə adına yüzminlərlə manat pul silinmiş agentlər “Dəniz”, “Hətəm”, “Atilla”nın da kimlikləri açılmayıb.
Bununla belə, etibarlı mənbədən “AzPolitika”nın əldə etdiyi məlumata görə, “Şimal küləyi”, və “Qütb gecəsi” əməliyyatlarında agent kimi istifadə olunmuş bir neçə tanınmış şəxsin şəxsiyyəti istintaqçılar tərəfindən müəyyən olunub. Müəyyən səbəblərdən adlarını çəkmədiyimiz bu şəxslərdən biri əvvəllər radikal mövqeyi ilə seçilən, 1996-cı ildə quldurluq etdiyinə görə həbs olunub, 2011-ci ildə amnistiya ilə həbsdən azad olunmuş QHT rəhbəridir. MTN-çilər ona ofisin saxlanılması, həftəlik qəzetin buraxılması üçün hər ay 6 min manat pul ödəyib, çoxsaylı xarici səfərlərini maliyyələşdiriblər (2011-2015-ci illərdə təxminən 150 min manat.).
Digər “etibarlı şəxs” – 2011-ci ildə həbs olunaraq 4 il həbs cəzası almış “reket jurnalist”ə, “Əlizadə” ləqəbli agentə də “fəal istifadə olunduqlarına görə” Elçin Quliyevin raportu ilə babat məbləğdə pullar ödənilib.
Agentlər sırasında 2 ad xüsusilə diqqəti çəkir. Bunlardan biri keçmiş nazirdir. İttiham aktına görə, onunla “etibarlı münasibətlər” 2015-ci ildə “Qütb gecəsi” əməliyyatı çərçivəsində yaradılıb. Sonrakı müddət ərzində keçmiş nazirə 90 min manat pul ödənilib. Qarşılığında onun verdiyi məlumatlar “ümumi xarakter” daşıyıb.
MTN-dəki əməliyyatdan sonra dünyasını dəyişən digər QHT rəhbəri ilə “etibarlı münasibətlər” isə 2013-cü ildə yaradılıb. Ona hər ay 2 min manat ödənilib, xarici səfərləri maliyyələşdirilib.
Mənbənin məlumatına görə, Elçin Quliyevin ittiham aktında ən diqqətçəkən məqamlardan biri 2013-cü ilin prezident seçkiləri ərəfəsində destruktiv qüvvələrin ölkəmizə qarşı fəaliyyətinin qarşısının alınması üçün başladılmış “Şimal küləyi” əks-kəşfiyyat əməliyyatı işi üzrə materialların 2013-cü ilin dekabr ayında nazir Eldar Mahmudovun sanksiyası ilə məhv edilməsi barədə qeyddir.
Şübhəsiz ki, “Şimal küləyi” əməliyyatı, adından da göründüyü kimi, Rusiyanın 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı həyata keçirdiyi təxribat fəaliyyəti ilə bağlı olub. Seçkilərdən dərhal sonra bu əməliyyat üzrə materialların məhv edilməsi düşündürücüdür.