"Pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırıldı" -"MTN İŞİ"
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə maraqlı detallar ortaya çıxmaqdadır.
Xeberinfo.com: Lent.az-ın ittiham aktına istinadən məlumatına görə, ayrı-ayrı şəxslərin telefonlarının qanunsuz dindirilməsi epizodu üzrə nazirliyin Energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin 2-ci idarəsinin sabiq rəisi Əliyev Akif Oktay oğlu ifadə verib. O, Bakı Metropolitetinin sabiq rəisi Tağı Əhmədova aid külli miqdarda pul vəsaitin ələ keçirilməsi və cinayət xarakterli sair xüsusatlar üzrə bildirib ki, metropolitendə olan ticarət obyektlərinin gəlirlərinin mənimsənilməsi ilə bağlı siqnal materialı və ya əməliyyat-qeydiyyat işi olub. O, özü 3-cü idarədə işlədiyindən həmin materialın ona hər hansı aidiyyəti olmayıb, Tağı Əhmədov işdən azad edildikdən sonra Akif Çovdarovun verdiyi göstəriş əsasında həmin material yenidən bərpa edilərək əməliyyat-texniki tədbirlər davam etdirilib: “Hətta Akif Çovdarov Rəsul Rəsulova Tağı Əhmədovun ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı ayrıca qüvvə ayrılmasını və neft idarəsindən də (3-cü idarə) əməkdaşların tədbirə cəlb olunmaları barədə göstəriş vermişdi. Qeyd olunan tədbirlə əlaqədar Bakı Metropolitenində olan bir çox ticarət obyektlərinin sahibləri, bir sıra metropoliten işçiləri Milli Təhlükəsizlik Nazirliyinin Komendaturasına çağırılaraq əməkdaşlar tərəfindən izahatları alınırdı. Akif Çovdarovun tapşırığı ilə o, izahatların düzgün tərtib olunmasına şəxsən mən nəzarət etmişəm”.
Sabiq idarə rəisi qeyd edir ki, Tağı Əhmədov metropolitendəki ticarət obyektlərindən gələn gəlirlərin mənimsənilməsinə görə həbs olunacağından qorxub məsuliyyətdən yaxa qurtarmaq üçün Eldar Mahmudova çıxış axtarıb, amma nazirlə əlaqə saxlaya bilməyib: “Tağı məsələnin həlli üçün Rəsul Rəsulova müraciət etdi. Bundan sonra eşitdim ki, Akif Çovdarov Tağı Əhmədovun oğlu ilə Bakı şəhərində Ordu İdman Klubunun qarşısında görüşərək Tağı Əhmədovun oğlundan bir milyon ABŞ dollar pul alıb. Pul alınandan sonra Tağı Əhmədovla bağlı tədbirlər dayandırıldı”.
Akif Əliyev bu iş üzrə şahid qismində dindirilən zaman bildirib ki, nazir Eldar Mahmudov vəzifədən azad ediləndən sonra Tağı Əhmədov Rəsul Rəsulova zəng edərək pulunu tələb edib: “Rəsul bu barədə mənim yanında Akif Çovdarova məruzə elədi. Çovdarov “mənim Tağıya verməyə 3.000.000 dollar pulum yoxdur” sözlərini dedi. Onda bildim ki, Akif Çovdarovun Tağı Əhmədovdan 1 milyon dollar yox, 3 milyon dollar alıb”.