MTN generallarının işində prorektor dindirildi –MƏHKƏMƏ
Yenixeber.org: Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin( MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə baxışı davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Prosesdə zərərçəkmiş şəxslərdən Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov ifadə verib.
R. Hüseynov istintaq zamanı üç dəfə ifadəsini dəyişib. Belə ki, əvvəlcə o, pulu MTN əməkdaşı Nazim Nəsibova verdiyini, ikinci dəfə Akif Çovdarova verdiyini deyib. Üçüncü dəfə isə başqa formada ifadə verib.
Məhkəmədə ifadə verən R. Hüseynov pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verdiyini deyib. Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyət olduğu müəyyən edilib. R.Hüseynov həmin məsələyə münasibət bildirən zaman deyib ki, ifadəni oxumadan imzalayıb və bəzi hissələri müstəntiq onun adından yazıb.
R. Hüseynov S. Qurbanovu tanımadığını, ona pul vermədiyini deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.MTN generallarının məhkəməsində zərərçəkmiş şəxs ifadə verib.