“Binanı icra hakimiyyətinin deyil, şəxsi pulum hesabına üzləmişəm” - "Yanan bina işi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberinfo.com: Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Hacıbaba Əkbərov bildirib ki, 2012-2014-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətində böyük məsləhətçi və memar vəzifəsində çalışıb: "Mən vəzifəyə gələndə artıq üzlənmə işlərinə başlanılmışdı. İcra Hakimiyyətinin sərəncamında olan digər məsələlərə nəzarət edirdim. Sadəcə, bu barədə qiymətləndirmə cədvəlinə imza atmışam ki, bunu qəbul edirəm və həmin sənədin nüsxə kimi şöbədə saxlanılmasına nəzarət etmişəm. Mən tikinti işlərinin aparılması ilə bağlı yalnız təklif irəli sürürdüm".
Şahid qeyd edib ki, yanan binanın üzlənməsi Binəqədi Rayon İcra Hakimiyyətinin sifarişi əsasında olmayıb. Sonra şahidlə təqsirləndirilən Qəzənfər Novruzovun vəkili arasında sənədin imzalanma məsələsi ilə bağlı mübahisə yaranıb. Şahid qiymətləndirmə cədvəlinin nüsxəsinə saxlanılması üçün imza atdığını desə də, vəkil buna etiraz edib, onu yalan danışmaqda ittiham edib.
Sonra digər vəkillərlə də şahid arasında yenidən mübahisə düşüb. Buna səbəb şahidin çalışdığı sahə üzrə verilən suallara "bilmirəm" deyə cavab verməsi olub.
Təqsirləndirilən Miryusif Mahmudov isə deyib ki, binanı İcra Hakimiyyətinin deyil, şəxsi vəsaiti hesabına üzləyib: "Ancaq iş başa çatdıqdan sonra çəkilən xərc İcra Hakimiyyəti tərəfindən ödəniləcəkdi".
Sonra təqsirləndirilən Qəzənfər Novruzov şahidə suallar verib. Q. Novruzovun sözlərinə görə, yaşayış binasına bitişik olan qeyri-yaşayış obyektinin tikintisinə İcra Hakimiyyətinin hazırkı rəhbərliyi tərəfindən icazə verilməyib. Şahid bildirib ki, yanan bina İcra Hakimiyyətinin balansında olmayıb.
Telman Adıgözəlov isə ifadəsində deyib ki, yanan binada briqadir vəzifəsində çalışıb və binanı üzləmək üçün işçiləri dəvət edib. Şahid dövlət ittihamçısının suallarını cavablandırıb. Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayarkən hələ bina üzlənməmişdi.
Sonra şahid vəkillərin suallarını cavablandırıb.
Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Xanlar Bayramzadə İcra Hakimiyyətində təhvil-təslim məsələsinə baxan T.Tanrıverdivun məhkəmədə dindirilməsi barədə vəsatətlə çıxış edib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.