Fazil Məmmədovun sabiq müşaviri yanan binaya görə istintaqa çağırıldı
Qüdrət Seyfullayev və Xaləddin İsgəndərovu 2015-ci ildə həbs etmək istəyiblər, amma...
Yenixeber.org: Sabiq vergilər naziri Fazil Məmmədovun müşaviri Qüdrət Seyfullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onun istintaqa çağırılması haqda redaksiyamıza bilgiləndirən mənbə deyib ki, sabiq müşavirin istintaqa dəvət olunması 2015-ci ildə Binəqədi rayonunda baş verən dəhşətli yanğınla bağlı olub.
Qaynağımız deyib ki, hələ 2015-ci ildə bina yanandan sonra 2 şəxsin həbsi haqda qərar verilməsi üçün yuxarılara müraciət edilib. Binadakı yanğından bir neçə saat sonra 2 vəzifəli şəxsin - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və binanın poliuretanla üzlənməsini biləvasitə sifariş edən Qüdrət Seyfullayevin həbsə alınması zərurəti ortaya çıxıb. İstintaq faktları rəsmiləşdirərək yuxarılardan hər iki şəxslə bağlı müvafiq qərar verilməsini gözləyib. Həmin gün hətta Binəqədi Rayon İcra Hakimiyyətinin binası yaxınlığına xüsusi istintaq qrupu göndərilib. Qrup üzvləri həbs qərarı veriləndən sonra Xaləddin İsgəndərovu və Qüdrət Seyfulayevi həbs etməli imiş...
Amma yanğından sonra o dövrdə vergilər naziri postunu tutan Fazil Məmmədov dövriyyəyə girib və Qüdrət Seyfullayevlə yeznəsi Xaləddin İsgəndərovu həbsdən qurtara bilib. Bundan sonra Qüdrət Seyfullayev Vergilər Nazirliyində işə götürülərək nazirin müşaviri postuna təyin olunub.
Vergilər Nazirliyi rəhbərliyində baş verən dəyişikliklər yanan binanın üzlənməsi ilə bağlı gizlədilməyə çalışılan faktların üzərindən sirr pərdəsini götürə bilər. Bir müddət əvvəl Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu vəzifəyə təyinata qədər isə Qüdrət Seyfullayev Fazil Məmmədovun biznes layihələrinin gerçəkləşdirilməsində, təmir-tikinti işlərinin aparılmasında fəal iştirak edib. Fazil Məmmədovun tapşırığına əsasən, Qüdrət Seyfullayevin gerçəkləşdirdiyi təmir-tikinti proyektlərindən biri də Binəqədi rayonunda binaların üzlənməsi olub.
Ötən saylarımızda bu haqda yazdıqlarımızdan sitat:
“2013-cü ildə Fazil Məmmədov ”desant"ı Qüdrət Seyfullayevi Binəqədi rayonuna yollayıb. Xaləddin İsgəndərov Qüdrət Seyfullayevi Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə işə götürüb. Binaların tezalışan poliuretanla üzlənməsini sifariş edən də Qüdrət Seyfullayev olub. Onun bu işlərində köməkçisi isə həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətində atasının “yerdə qalan məsələlər” üzrə “müavini” Elnur İsgəndərov olub. Qaynağımız bildirib ki, 2015-ci il mayın 19-da Binəqədidə yanan binanın üzlənməsi də Qüdrət Seyfullayevin sifarişi ilə gerçəkləşib. Həmin üzləmə işlərini Fazil Məmmədova məxsus “Synergy Group” MMC-nin nəzdində yaradılmış firmalardan biri maliyyələşdirib. Həmin vaxt istintaq Qüdrət Seyfullayevin izinə düşüb. Məlum olub ki, Binəqədidə yanan binanın üzlənməsinin təşkili, maliyyələşdirilməsi Qüdrət Seyfullayevin üzərindən gerçəkləşdirilib. Yanan binanı da məhz o təhvil alıb. Sənədlərdə məsul şəxs kimi onun adı keçib. O dövrdə Qüdrət Seyfullayev Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsində çalışıb. İşlədiyi müddətdə binanın həmin materialla üzlənməsini sifariş verib, işlərə nəzarət edib və bina üzlənəndən sonra təhvil götürüb".
Yada salaq ki, “yanan bina” işi üzrə məhkəmə istintaqı zamanı Qəzənfər Novruzovun, Nizami Orucovun, Ədalət Rəcəbovun binanın təhvil-təslim aktlarında adlarının olmadığı təsdiqlənmişdi. 6 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Ədalət Rəcəbov demişdi ki, binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb, Binəqədi Rayon İcra Hakimiyyəti ilə binanı üzləyən şirkət arasında müqavilə bağlanıb. Onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra - 2012-ci ilin may ayının sonunda bu vəzifəyə təyin ediblər.
Məhkəmədəki çıxışından sitat: "Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yolkənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon icra hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə icra hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Yoxdur belə bir sənəd. Mənim rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra hakimiyyəti isə tamam ayrı qurumdu. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq. Əgər bina sakinləri istəsə, Səbayel rayonundan hansısa şirkətlə müqavilə bağlayıb onlara təmizlətdirərdilər", - Ədalət Rəcəbov bildirmişdi.
Həmin gün məhkəmədə Nizami Orucov da ifadə verib. O da deyib ki, binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına onun heç bir aidiyyəti olmayıb.
Sitat: “Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyətim olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən Mənzil Kommunal İstismar Sahəsinin müdiri olaraq, yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam”.
Məsələni mahiyyəti bu idi ki, Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov Fazil Məmmədovun yaxın adamları olduqlarına görə o dövrdə istintaqdan kənar qala biliblər.
Qaynağımız bildirib ki, “yanan bina” işi üzrə istintaq aparılanda Qüdrət Seyfullayev və Xaləddin İsgəndərov barəsində ayrıca icraat aparılıb və baxılmamış saxlanılıb. Hazırda isə “yanan bina” işi üzrə baxılmamış saxlanılan materiallar yenidən nəzərdən keçirilir. Bu isə Fazil Məmmədova 2 yaxın vəzifəli şəxsə heç də yaxşı perspektiv vəd etmir.